525.Az

Ayrılıq - Söylü Ağazadə


 

Ayrılıq - <b style="color:red">Söylü Ağazadə </b>

Taleyimdə əksini tapan, olması gərəkən hadisələr var. Dünyada baş verən müxtəlifliklərin içində isə bunlar adi görünür. Səmadakı milyardlarla ulduz kimi.

Bununla belə, hisslərimə təsirsiz qalmır. Çünki mən bu ümmanın içində səmanı seyr edən adi bir insanam. İndi hər şey daha adidir. Əlim, qolum yanıma düşüb və baş verənləri qəbul edirəm məcbur. Mən istəsəm də, istəməsəm də fələyin oyunları var. Nənəmin getməsi kimi. Ölüm heç kimə şans vermir. Ən pisi odur ki, bu ayrılıqda ümid belə yoxdur. O insanı bir də görə bilməyəcəyini bilmək qədər dəhşətli hiss yoxdur. Hələ o insanın gülüşü yadındadırsa bu günün kimi, mən hisslərimi təsəvvür edə bilməyəcəm...

22 iyun 2017. Nənəmə aid olan bu cümə axşamında onu ziyarətə getdik. Səssiz, əslində, kimsəsiz insanlar bizi qarşıladı. Sanki heç yoxmuş kimi torpaqdan ibarət insanlara cansız daşları həmdəm etmişik. Nənəmə yaxınlaşdıq, indi o, kiçik torpaq təpəsindən ibarətdir. Hələ həmdəmi də yoxdur. Ona çox sevdiyi ətirli gülləri hədiyyə etdik. Evə gül gətirdiyimizdə həmişə iyləyər, "nə gözəl ətri var bunun" deyərdi. O gözəl, ətirli gülləri nənəmin yanında qurumağa məhkum etdik.

Anama sual verdim ki, insan kədərə daha tez alışır, yoxsa itirdiyi insanın yoxluğuna? Mənə belə izah etdi: "Yoxluğa alışa bilmirsən. Kədərli ikən belə, gülməyi bacarırsan". Bəs insan nə zaman unudulur? Anam həmişə deyir: "İnsan onu xatırlayan sonuncu insan öldükdə ölür". O qədər nəfəs ala-ala ölənlər var ki. Onda arzu edirəm, sonuncu mənzilimiz yaddaşlarda olsun.

Nənəmi yaddaşlara köçürüb bir çox məcburiyyətlə bərabər qaldıq yenə. Həyatın qanunu adlanan bu qaydasız döyüş qalibiyyətlə yanaşı, məğlubiyyət də gətirir. Bəlkə də ölümü məğlubiyyət adlandırmaq düzgün olmazdı. Əgər ölüm olmasaydı, dəyərimiz də olmazdı. Müəllimim Təyyar Salamoğlunun dediyi kimi: "Sən demə, adilikdən dahiliyə gedən yol ölümdən keçirmiş".

İtirmək qorxusudur, bəlkə, bizi bir-birinə bağlayan? Biz bir gün dünyanın itirəcəyi insanlarıq. Belə başa düşürəm ki, ölüm yoxdur, ayrılıq var, itki var. Biz nə qədər acizik bu qorxulu kəlmələrin yanında. Qorxmazdıq yəqin ki, sevdiklərimiz olmasaydı. Demə, sevgimizlə lövbər atmışıq dünyaya. Bilə-bilə ki, nə var, nə yox. Bizi ayaqda tutan sevgimizlə  ən  güclü də bizik, ən gücsüz də. Həyatımın ən dəhşətli ikinci itkisi olan nənəm məndən bir yarpaq daha qopardı. İndi onun da həmdəmi var. Şəklini üzərinə əks etdiriblər. Görənlər: "Necə də canlıdır, təsirlidir" - deyirlər. Məncə, təsirli olan onun da ayrılığın qurbanı olmasıdır.

Söylü AĞAZADƏ
Neftçala

 





12.12.2018    çap et  çap et