525.Az

"Gözümdən dərdimin barı süzülür..." - Xəzangül Qədimli


 

"Gözümdən dərdimin barı süzülür..." - <b style="color:red">Xəzangül Qədimli </b>

Atama

Şirin kəlamlarda sözünü gördüm,
Hara boylandımsa, izini gördüm,
Daşda da nur saçan üzünü gördüm.
Əlləri əlimdən üzülən Ata!

Tükənib taqətim, titrək nəfəsim.
Sənsizlik adında var bir qəfəsim,
Dönmüşəm tufana, ha yandan əsim,
Əlləri əlimdən üzülən Ata!

Baxışım əkdiyin güldən üzülür,
Gözümdən dərdimin barı süzülür.
Üstünə çiçəklər, güllər düzülür,
Əlləri əlimdən üzülən Ata!

Külək apardı...

Xəyalım çəkir rəsmini,
Eşitməz oldum səsini.
Gül qoxulu nəfəsini
Külək apardı, bilmədim.

Yolu dumanın içində,
Eşqi gümanın içində,
Ömrü zamanın içində
Fələk apardı, bilmədim.

Göz yaşımı gülə büküb,
Ocağımı külə büküb,
Saf eşqimi tülə büküb,
Ürək apardı, bilmədim...

Süzüb qəmli sabahımı,
Asdım çiynimdən ahımı.
Savabını, günahını
Mələk apardı, bilmədim...

Bağım varmı, xəzan ola...

Sevinc aldın, qəhər verdin,
Bal istədim, zəhər verdin.
Atı aldın, yəhər verdin,
Nə verdin ki mənə, dünya?

Bağım varmı, xəzan ola,
Nə gördüm ki, yozan ola...
Bir alnıma yazan ola,
Nə verdin ki mənə, dünya?

Bütöv aldın, dilim verdin,
Əzab verdin, zülüm verdin...
Nə yaşadım, ölüm verdin,
Nə verdin ki mənə, dünya?

Gedəm dağlara...

Aşıq olub sinəmdə saz.
Gedəm dağlara, dağlara.
İşıq kimi edib pərvaz
Gedəm dağlara, dağlara.

Duman olub dağı örtəm,
Gül bitmədim, tikan bitəm...
Doğma bir ünvana yetəm,
Gedəm dağlara, dağlara...

Yaman əsdi yel üstümdən,
Şehə döndüm gül üstündə...
Sona olub göl üzündə
Gedəm dağlara, dağlara.

Alışan mən, yanan dağlar,
Mizrab mənəm, kaman dağlar.
Uşaq mənəm, anam dağlar,
Gedəm dağlara, dağlara.

Xəzangül QƏDİMLİ

 





12.12.2018    çap et  çap et