525.Az

Şərəflə keçilən həyat yolu


 

Şərəflə keçilən həyat yolu<b style="color:red"></b>

Böyük ideoloq, görkəmli maarifpərvər, türk-müsəlman dünyasının milli tərəqqi carçısı olan İsmayıl bəy Qaspralı vaxtilə yazırdı: "Ey müəllim!.. Qələminin ucunu mürəkkəbə batırıb yazma. Sən onu ürəyinin qanına batırıb yaz".
 
Fəaliyyətində bu prinsipi əsas götürərək fədakarlıqla çalışan müasir müəllimlərimizdən biri də Lənkəran Dövlət Universitetinin Humanitar fənlər kafedrasının müdiri, Afiq Xanoğlan oğlu Əliyevdir. Onun pedaqoji əmək fəaliyyəti qaynar və işgüzar bir mühitdə - ziyalı ailəsində pərvəriş tapıb. Bu müqəddəs adın işığında  uğurlu addımlar atmağın min bir sirli dünyasına sahib olmağın ilkin nümunələrini o, öz doğma ocağından - atası, respublikanın tanınmış müəllimi, ömrünün əlli ilini məktəb direktorluğu fəaliyyətinə həsr etmiş Xanoğlan Əliyevin müəllimlik keyfiyyətlərindən götürüb. Fədakar bir ömür yaşamış Xanoğlan müəllimin şəsti, əzəməti, vüqarı, alicənablığı, sadəliyi, bütövlüyü eynən Afiq müəllimin də xarakterinə hopub, onun həyat və yaradıcılığına çıraq tutub.

Mən onun yaradıcı fütühatına, şəxsi əqidəsinə, elmi dünyagörüşünə, bədii-estetik təfəkkürünə çox yaxından bələdəm. Xaraktercə sərt və tələbkar, fiziki cəhətdən cılız, lakin sağlam, əqidə baxımından yurdsevər, təəssübkeş mövqeyə malik Afiq müəllimi həmkarlarına sevdirən xüsusiyyətlər onun bütöv bir şəxsiyyət olmasından xəbər verir.

Bəlkə də qoynunda pərvəriş tapdığı Qarabağ diyarının Füzuli bölgəsinin ab-havası, Kürdmahmudlu olaylarının boy-buxununa sığal çəkdiyi doğmalıq həniri, doğma təbiətin min bir ecazından güc alan isti nəfəsi onu bu qədər məğrur və dəyanətli eləmişdir.

Bu gün 60 illik bir ömrün zirvəsinə çox çətinliklə, lakin şərəfli bir yolla gəlib çatan Afiq müəllimin peşə-sənət yolunda qazandığı uğurların hər biri adamda xoş hisslər oyadır.

Afiq Əliyev 28 dekabr 1958-ci ildə Füzuli rayonunun Kürdmahmudlu kəndində müəllim ailəsində anadan olub. 1964-cü ildə Kürdmahmudlu kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1974-cü ildə həmin məktəbdə orta təhsilini tamamlayıb. 1976-cı ildə Azərbaycan Dövlət  Bədən  Tərbiyəsi  İnstitutunun (indiki Azərbaycan  Dövlət  Bədən  Tərbiyəsi və İdman Akademiyasının)  Pedaqoji  fakültəsinə daxil olub. Tələbə Elmi-tədqiqat işləri Respublika Şurası tərəfindən "Ən yaxşı tələbə elmi işi" üçün Respublika müsabiqəsində müvəffəqiyyətinə görə I dərəcəli diplomla təltif edilib, keçirilən tədbirlərdə fəal-ictimaiyyətçi nümunəsi göstərib.

1980-ci ildə  həmin  ali məktəbi  fərqlənmə diplomu ilə bitirən Afiq Əliyev, sevimli müəllimlərinin, yaxın qohum-əqrabanın təkidinə baxmayaraq, şəhərdə qalıb işləmək imkanı olsa da, Füzuli rayonunun Aşağı Alıxanlı kənd orta məktəbinə ixtisası üzrə müəllim kimi yollandı. Qaynar pedaqoji mühit onu öz qoynuna aldı. 1985-1986-cı tədris ilində öz doğma kəndində - Kürdmahmudluda vaxtilə oxuduğu məktəbdə sinifdənxaric və məktəbdənkənar təşkilatçı vəzifəsinə irəli çəkildi. Pedaqoji fəaliyyətinin uğurlu irəliləyişlə nəticələnməsini görən məktəb kollektivi ona yüksək etimad göstərib bu dəfə məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini kimi məsul bir işi də ona həvalə etdilər. O, bu vəzifədə düz yeddi il peşəkarcasına, qabaqcıl təhsil işçisi kimi çalışaraq böyük nüfuz sahibinə çevrildi.

1993-cü ilin acılı-ağrılı hadisələri ilə əlaqədar məcburi köçkün olaraq Bakı şəhərində məskunlaşan Afiq müəllimin həyat təşnəsi olan qəlbi yeni sınaqlarla, qayğılı məqamlarla üzləşsə də, paytaxt statuslu bir unikal məkanda olması ilə fərəh tapdığını öz şirin xatirələrində belə ümumiləşdirir: "Mən 1994-cü ildən 1999-cu ilədək M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda, həm də Lənkəran Dövlət Universitetində müvafiq qaydada pedaqogika  müəllimi vəzifəsində çalışmışam. Eyni zamanda, 1991-1996-cı illərdə Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (indiki Təhsil İnstitutunun) dissertantı olmuş, 1996-cı ildə "Yuxarı sinif şagirdlərində vətəndaşlıq ləyaqəti tərbiyəsi üzrə işin təşkili yolları" mövzusunda dissertasiya işini müdafiə edərək "Pedaqogikanın nəzəriyyəsi və tarixi"  ixtisası üzrə pedaqoji elmlər namizədi (indi pedaqogika üzrə fəlsəfə doktoru) alimlik dərəcəsinə layiq görülmüşəm. Həyatımın sonrakı məqamları isə ölkəmizin cənub incisi olan Lənkəranla bağlanıb. 1999-cu ildə Lənkəran Dövlət Universitetinin "Pedaqogika və psixologiya" kafedrasında əvvəlcə müəllim, sonra isə baş müəllim olaraq, kafedra müdirinin müavini vəzifəsində işləmişəm. 2002-ci ildən  həmin kafedranın dosenti  seçilmiş, sonrakı mərhələdə isə  Azərbaycan  Respublikası  Prezidenti  yanında  Ali  Attestasiya  Komissiyasının 21 noyabr 2006-cı il tarixli qərarı  ilə  dosent  elmi adı almışam.  2006-cı il oktyabr ayından "Pedaqogika və psixologiya" kafedrasının müdiri vəzifəsini icra etmiş, 2016-cı il sentyabr ayından "Humanitar fənlər" kafedrasının müdiri vəzifəsinə təyin olunmuş, 2017-ci ildə isə müsabiqə yolu ilə həmin kafedranın müdiri vəzifəsinə seçilmişəm. Ayrı-ayrı illərdə Lənkəran Dövlət Universiteti Elmi Şurasının üzvü, Elmi-metodik  şurasının katibi, Tələbə Elmi Cəmiyyətinin sədri olmuşam. Hazırda həmin universitetin Elmi Şurasının və Elmi-metodik Şurasının üzvüyəm. Kafedrada "Şəxsiyyətin inkişafı və formalaşması" problemi üzrə elmi-tədqiqat işi aparıram. Beş metodik vəsait, bir dərs vəsaiti, on fənn proqramı, 50-yə qədər elmi məqalə və tezisin müəllifi, bir kitabın tərtibçisiyəm. LDU-da, həmçinin, digər ali məktəblərdə keçirilən Respublika və Beynəlxalq miqyaslı konfranslarda məruzələrlə çıxış edirəm. 2000-2014-cü illərdə müxtəlif proqramlar dairəsində keçirilən təlim kursları və treninqlərdə fəal iştiraka görə Sertifikatlarla təltif olunmuşam. Təvazökarlıqdan uzaq olsa da, onu da qeyd edim ki, 2018-ci ildə elmi-pedaqoji fəaliyyətimə görə çalışdığım universitet rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilmişəm".

Bu günlərdə şahidi olduğum bir epizodu əziz oxucularla bölüşmək istəyirəm. Lənkəran Dövlət Universitetinin 2-ci tədris korpusunda keçirilən "Müəllim günü" mərasiminə mən də dəvətli idim. Rektor vəzifəsini icra edən professor Natiq İbrahimovun təqdimatında fəxri fərmanlarla təltif olunanlar cərgəsində Afiq müəllimə xitabən dediyi bu sözlər yadıma düşdü: "Afiq müəllim, siz nə əcəb indiyədək buna layiq görülməmisiniz?" Doğrusu, hamı heyrətdə idi. Elə həmişəki kimi, Afiq müəllim öz doğma ocağında səmimi əhval yaradaraq əməkdaşlarına həssas münasibət göstərən Natiq müəllimə gülümsər bir baxışla nəzər salaraq dedi: "Natiq müəllim, mən fəxr edirəm ki, bu mükafatı şəxsən Sizin əlinizdən alıram. Bu, mənim üçün böyük fəxrdir".

Bu gün də pedaqoji sahədə uğurla çalışan Afiq müəllim öz istedad və qabiliyyətini gənclərə aşılamaqdan yorulmur. Onun özünəxas auditoriya intizamı var. Tələbələrə nə qədər humanist münasibət, doğmalıq göstərsə də, bir o qədər də tələbkardır.

Zəngin pedaqoji fəaliyyət missiyasını həm də yüksək səviyyəli elmi araşdırmalarla birləşdirən Afiq müəllim elmi və tədris-metodik işlərin kamil bilicisi kimi də özünü təsdiqləyib. Xüsusən onun "Pedaqogika və psixologiya fənlərinin tədrisində yeni problemlər və onların həlli yolları", "Heydər Əliyev irsində milli vətənpərvərlik konsepsiyası" istiqamətində apardığı tədqiqat işləri pedaqoji ictimaiyyət arasında çox böyük marağa səbəb olub.

Afiq müəllimin təhsil təşkilatçısı kimi də fəaliyyəti çox uğurludur. O, çalışdığı kafedranın hər bir əməkdaşının elmi-yaradıcı fəaliyyətinə həssas münasibət göstərir, onların yaradıcı fəaliyyətinə maksimum səviyyədə yüksək dəyər və dəstək verir.

Yaxın qohum-əqrəba, dost-tanış arasında da böyük hörməti olan Afiq müəllimlə ailə üzvləri fəxr edir, ona yüksək inam və ehtiram bəsləyirlər.

Əlbəttə, insanın mühiti, irsiyyət faktoru, aldığı tərbiyə kredosu nə qədər önəmli olsa da, özünün şəxsi istəyi, əməyi olmadan heç bir kəs uca zirvələrə nail ola bilməz. Afiq müəllimin ömür-gün yolunda xüsusi əməyi olan qardaşları - respublikamızda cərrahiyyə mütəxəssisi kimi ad qazanan tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin dosenti Şəfa Əliyevin, sənətşünaslıq üzrə elmlər doktoru, Bakı Xoreoqrafiya Akademiyasının professoru Vəfa Əliyevin, auditor-iş adamı Rəfael Əliyevin də həmkarımızın qədir-qiymətli olmasında böyük rolu var.

Bu gün onun həyat qayəsini doğma yurda bağlılıq, ağrılı yerimiz olan və hələ də bitməyən Qarabağ savaşının qələbə ilə başa çatması təşkil edir. O inanır ki, daima köksündə bir köz kimi gəzdirdiyi Qarabağ dərdi tezliklə dövlətimiz tərəfindən həll ediləcək, əzəli torpaqlarımız özümüzə qaytarılacaq.

Örnək ziyalı, mətin insan, ləyaqəli vətəndaş və fədakar təhsil işçisi kimi tanıdığım Afiq Xanoğlan oğlu Əliyevi 60 illik yubileyi münasibətilə ürəkdən təbrik edir, ona can sağlığı,  yeni nailiyyətlər arzulayıram..

Vidadi BƏŞİROV
ADU-nun pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

 





12.12.2018    çap et  çap et