525.Az

“Əsas məqsədimiz Komi Respublikasında Azərbaycanın mədəniyyətini və adət-ənənələrini təbliğ etməkdir”


 

“Əsas məqsədimiz Komi Respublikasında Azərbaycanın mədəniyyətini və adət-ənənələrini təbliğ etməkdir”<b style="color:red"></b>

üsahibimiz Rusiya Federasiyasının Komi Respublikasında 15 ildən artıq aktiv fəaliyyət göstərən Azərbaycan” cəmiyyətinin sədri Həsən Qasımovdur. 

– Sizin təşkilat ilk yaranan diaspora təşkilatlarından biridir. Bu il cəmiyyətin 15 illik yubileyini qeyd etdiniz. İstərdim, bu qurumla bağlı oxucularımıza məlumat verəsiniz.

– 1997-ci ildə Komi Respublikasına köçdüm. Doğrusu, bu yerlərdə azərbaycanlıların çox olduğunu gözləmirdim, çünki o zamanlar bir çoxları mərkəzə – Moskva, Sankt-Peterburq kimi iri şəhərlərə üz tuturdular, lakin bunun tam əksinin şahidi oldum. Kominin müxtəlif şəhərlərində iqtisadiyyat, təhsil, mədəniyyət və digər sahələrdə çalışan və Azərbaycanın adını layiqincə təmsil edən insanlar, ziyalılar var idi. Qısa müddət ərzində möhkəm əlaqələrimiz quruldu və bir sıra ziyalılarımızla qərara gəldik ki yerli hökumətdə xalqımızın sözünü çatdırmaq, təmsil etmək və həmyerlilərimizə kömək etmək  üçün milli cəmiyyətin yaradılması zəruridir. Bu təklif hamı tərəfindən müsbət qarşılandı. İlk iclasda mən bu cəmiyyətin sədri seçildim və 1998-ci ilin fevralında “Azərbaycan” Milli-mədəni muxtariyyəti Komi Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi.

– Komi Azərbaycanımızdan kifayət qədər ucqarda yerləşir. Maraqlıdır, həmvətənlərimiz hansı səbəbdən orada məskunlaşıb. Orada təqribən nə qədər azərbaycanlı yaşayır?

– Dəqiq statistika olmasa da, təxmini hesablarımıza əsasən  25 min azərbaycanlı Kominin müxtəlif şəhər və qəsəbələrində yaşayır. Ancaq vaxtilə, Sovet dövründə Komidə çox az sayda həmyerlilərimiz olub, demək olar ki, onların sayı heç 100-ə çatmırdı. Əksəriyyəti isə bu bölgəyə cəzasını çəkmək üçün sürgün edilmiş insanlar idi. Həmçinin bir sıra azərbaycanlı tələbə universiteti bitirdikdən sonra təyinat üzrə bu regiona gəliblər. Komi ilə Azərbaycanın bir ortaq cəhəti var ki, respublikalarımızın hər ikisi neft və qazla zəngindir. Komidə fəaliyyət göstərən neftçilər və mühəndislər də az deyil. Lakin böyük Sovet hökuməti dağılandan sonra bu bölgəyə azərbaycanlıların miqrasiyası güclənib. Əlbəttə, sirr deyil ki, dövlətimiz bir müddət çoxlu çətinliklərlə üzləşdi. Məhz bu səbəbdən, xüsusən 90-cı illərin axırı çoxlu sayda azərbaycanlı Komidə məskunlaşdı. Bundan əlavə qeyd edim ki, Kominin ali və orta ixtisas təhsil müəssisələrində təhsil almaq üçün gələn gənclər də az deyil. Son zamanlar azərbaycanlı tələbələrin sayı artıb.

– Cəmiyyətinizin əsas məqsədi nədən ibarətdir?

– Əsas məqsədimiz Azərbaycanın dilini, dinini, mədəniyyətini və milli adət-ənənələrini qoruyub saxlamaq və təbliğ etməkdir. Bizim bundan böyük məqsədimiz ola bilməz və hesab edirəm ki, hər bir Azərbaycan vətəndaşı doğma Vətəninin sərhədini keçərkən öz şəxsi maraqlarından əvvəl xalqını, dövlətini düşünməlidir. Biz bütün yığıncaqlarımızda dəfələrlə qeyd edirik ki, harada yaşamağımızdan, işləməyimizdən, tutduğumuz mövqedən  asılı olmayaraq biz azərbaycanlıyıq və milli  ləyaqətimizi qoruyub saxlamalıyıq.

Bunun üçün biz bütün milli və dini bayram və tədbirlərimizi yüksək səviyyədə  qeyd edirik.

Bundan əlavə xaricdə Azərbaycan haqqında – onun tarixi, mədəniyyəti, başına gələn bəlaları yerli xalqa və digər millətlərə çatdırmaq bizim prioritet istiqamətlərimizdən biridir. Bunun üçün müxtəlif tədbirlər keçirir, yerli media orqanlarında haqqımızda informasiyaların yerləşdirilməsinə nail oluruq.

– Son zamanlar Rusiyada miqrantlara qarşı qaydalar daha da sərtləşdirilir və bu da bizim həmvətənlərimiz üçün çətinliklər yaradır. Siz bir cəmiyyət olaraq bu cür problemlərin öhdəsindən necə gəlirsiniz?

– Bizim əsas məqsədlərimizdən biri də azərbaycanlılara istənilən işlərində yardım etməkdir. Həm hüquqi, həm də iqtisadi baxımdan onlara kömək etmək bizim əsas məramımızdır.

Baxmayaraq ki, Komidə müsəlmanların dəfni  üçün bizim yerimiz var, amma çox şükürlər olsun ki o yerə hələ də ehtiyac olmayıb, çünki hamılıqla  çalışmışıq ki dünyasını dəyişmiş azərbaycanlıları elə həmin gün Vətənə yola salaq və buna hər zaman nail olmuşuq.

Azərbaycanlıların Komidə miqrasiya məsələləri, sənədlərlə yaranan bütün problemlərinin həll edilməsində hüquqi yardım edirik və edəcəyik də. Respublikanın bütün dövlər orqanlarında bizim əlaqələrimiz var və bunların vasitəsi ilə azərbaycanlıların hüquqlarını qanun çərçivəsində müdafiə edirik. Bəli, son zamanlar miqrantlara qarşı qanunlar sərtləşdirilib, amma deyə bilərəm ki, əgər hər hansısa hüquqi problemlə üzləşmiş vətəndaşımız bizə vaxtında müraciət etsə, ona mütləq yardım edə bilərik.

– Sadaladığınız bütün bu işləri həyata keçirmək üçün həm mənəvi, həm iqtisadi dəstək tələb olunur. Sizlərə dəstək olan şəxslər varmı?

– Cəmiyyətimiz yarandığı gündən bir çox çətinlik və maneələrlə üzləşirdik. Qeyd etdiyiniz kimi həm mənəvi, həm də maddi dəstəyə çox ehtiyac duyurduq. Yad bir ölkədə milli cəmiyyəti yaşatmaq, onu ayaq üstündə saxlamaq çox məsuliyyətli və çətin vəzifədir. Xatırladım ki, cəmiyyətimiz qeyri-hökumət təşkilatı kimi fəaliyyət göstərdiyindən heç bir yerdən yardım almır və onu yalnız və yalnız qəlbində Vətən sevgisi olan insanlar yaşadır. Hər bir  yerdə olduğu kimi Komi Respublikasında yaşayan azərbaycanlılarımız arasında da qeyrətli oğullar çoxdur və mən hamısının adını sadalaya bilməsəm də, bəzilərini nəzərinizə çatdıracağam. Bizim cəmiyyətimizin inkişaf və güclənməsində böyük və əvəzsiz rola malik insanlar yetərincə var, onlardan Din və Tərbiyə işləri üzrə rəhbər Hacı Adışirin Məmmədov, sədr müavinləri Hacı Aşur Ağayev və Elçin Qədimov, İdarə Heyətinin üzvləri Hacı Əli Məmmədov, Nodar Ələkbərov, Fəxrəddin Alməmmədov, Mirzağa Cabbarlı, Valeh Mirzəyev, Nurı Əliyev, Firudin Niftəliyev, İlqar Quliyev, İlkin Rüstəmov, Fuad Paşayev, Təftiş Komissiyasının sədri Novruz Allahverdiyev, onun müavini Səməd Səmədov və digərləri.

Bu və adını çəkmədiyim digər insanlar cəmiyyətimizin sütunu və onu yaşadan əsas qüvvəni təşkil edirlər. Uzun zaman “Azərbaycan” cəmiyyətinə etdikləri hərtərəfli yardıma görə onların hər birinə minnətdaram.

Müsahibəni apardı: Rəşid MUSTAFAZADƏ

 





29.08.2013    çap et  çap et