525.Az

Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş


 

Gömrük Komitəsinin Akademiyasında hazırlıq kurslarının dinləyiciləri ilə görüş<b style="color:red"></b>

Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün təşkil olunan ilkin hazırlıq kurslarının dinləyiciləri ilə görüş olub.

Akademiyanın rəisi, gömrük xidməti polkovniki Qulu Novruzov bildirib ki, gömrük orqanlarında yeni işə başlayan əməkdaşların öz peşə vəzifələrini uğurla yerinə yetirmələri, həmçinin, bilik və bacarıqlarının formalaşdırılması üçün yeni fərqli təlim proqramları ilə dərslər tədris olunur.
 
Q.Novruzov Dövlət Gömrük Komitəsinin təcrübəli və peşəkar əməkdaşlarının, o cümlədən, Akademiyanın yüksək bilik və peşə bacarığına malik professor-müəllim heyətinin dərslərin tədrisinə cəlb edildiyini deyib.

Akademiya rəisi gömrük xidməti əməkdaşlarının ölkənin iqtisadi təhlükəsizliyinin qorunmasına birbaşa məsul şəxslər olduğunu nəzərə çatdırıb. Mənəvi keyfiyyətlərin çox mühüm olduğunu deyən Q.Novruzov gömrük xidməti əməkdaşlarının mədəni davranış, ünsiyyət, bacarıq və yüksək əxlaqi-mənəvi dəyərlərə sahib olmasının da vacibliyini diqqətə çatdırıb. Akademiya rəisi təlimlərin səmərəli olacağına əminliyini ifadə edərək, dinləyicilərə uğurlar arzulayıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) gömrük orqanlarında xidmətə yeni qəbul olunmuş əməkdaşlar üçün ilkin hazırlıq kursları keçirilir. Kurslarda dinləyicilərə gömrük işi, o cümlədən, gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti, hərbi və sıra hazırlığı istiqamətlərində müvafiq mövzular üzrə nəzəri və təcrübi biliklər verilir. Tədris prosesinin əsas məqsədi dinləyicilərə xidməti fəaliyyətləri üçün zəruri olan bilik və peşə vərdişlərinin aşılanmasından ibarətdir.

S.QARAYEVA

 





12.12.2018    çap et  çap et