525.Az

"Mən Gəncədə çinar əkəcəyəm"


 

ULU ÖNDƏR HEYDƏR ƏLİYEVLƏ BAĞLI GƏNCƏDƏ YAŞAYAN HƏZİN XATİRƏLƏRDƏN BİRİ

"Mən Gəncədə çinar əkəcəyəm"<b style="color:red"></b>

Ümummilli Lider Heydər Əliyev özünün şərəfli ömrü boyu hər bir sözü, hər bir əməli ilə öz doğma Azərbaycanının  çiçəklənməsinə töhfə verib. Bu dahi şəxsiyyətin vəfatının 15-ci ildönümündə gəncəlilərin dilində dastan olan, onun 38 il əvvəl bu şəhərdə yeni salınan bir bağda çinar əkməsi ilə bağlı müdrik bir tarixçəni xatırlamaq istərdik.

Əvvəla, onu deyək ki, həmin bağ hazırda Ulu öndərin adını daşıyır və o, Avropanın ən böyük parkına çevrilib. Dörd yüz mindən çox bitki fonduna, dörd yüz hektar sahəyə malik Heydər Əliyev Parkının yalnız mərkəzi xiyabanının uzunluğu min dörd yüz metrə çatır. Möhtəşəm Zəfər Tağı,  qarşısında Ulu Öndərin abidəsi qoyulmuş Heydər Əliyev Mərkəzinın binası həmin xiyabana xüsusi əzəmət verir. Parkda son illər ərzində əkilmiş cavan çinarlar da sanki həmin "Heydər Əliyev çinarı"na baxaraq, ucalmaqda, qol-budaq atmaqdadırlar...

1980-ci ilin dekabrında respublikanın rəhbəri Heydər Əliyev Gəncəyə, burada yerləşən Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun yarım əsrlik yubileyi münasibətilə bu təhsil ocağına Şərəf Nişanı Ordeni təqdim etməyə, həmçinin, bölgədə aqrar sektorun inkişaf perspektivlərinin müzakirəsi  üçün gəlmişdi. Gəncədə olduğu müddətdə Ulu Öndər şəhərin Yeni Gəncə adlanan ərazisində salınmaqda olan Xatirə Parkına da baş çəkmişdi. Burada ağac əkmək istədiyini bildirən Heydər Əliyevə şam ağacı tingi gətirirlər. Lakin o, tingi geri qaytarararaq, "Mənə çinar verin. Mən Gəncədə yalnız çinar əkəcəyəm! Çinar ucalıq və əbədilik rəmzidir!" - deyə,  hamının eşidəcəyi uca səslə bildirir.

Bu məqamda həmin ibrətamiz əhvalatın şahidi olmuş mərhum alim və yazıçımız Rübail Allahverdiyevin xatirələrinə nəzər salaq.

"O, çinarı səliqə ilə əkdi, dibinə su tökdü və dedi ki, onu qorumağı biz gəncəlilərə tapşırır. Sonra kənarda dayananların içində məni görüb yanına çağırdı. "Rübail, burda sənin Nizami, Gəncə və çinar haqda şeirin lap yerinə düşər" - dedi. Mən də bir daha Heydər Əliyevin neçə il əvvəl onun da iştirak etdiyi Nizami poeziya günlərində söylədiyim şeirə necə həssaslıq nümayiş etdirdiyinə könüldən şad olaraq, böyük bir şövqlə o misraları səsləndirdim:

Kəpəz Gəncəmizin söz heykəlidir,
Göy göl qəlb aynası, safdır, incədir.
ÇİNAR Nizaminin öz heykəlidir,
Harda çinar varsa, ora Gəncədir!"

Həmin maraqlı anın içində olmuş daha bir cavan müəllim - hazırda Aqrar Universitetin prorektoru Nüsrət Hüseynov da Heydər Əliyevin hər bir fikrinin, jestinin bütün dövrlər üçün Azərbaycan gəncinin ibrət götürəcəyi nümunə olduğunu qeyd edir.

"Doğrudan da Heydər Əliyevin hətta adi sayıla biləcək məqamlarda söylədiyi mülahizələrin, misalların, etdiyi hərəkətlərin, bir növ, strateji yükü, özü də milli yükü var. Elə həmin çinar məsələsi də təkcə o hadisənin şahidlərinin deyil, bütün gəncəlilərin yaddaşında bu gün də həzin, eyni zamanda, qürurlu bir xatirə kimi yaşayır" - deyə, Nüsrət müəllim bildirir.

Gəncə və çinar anlayışı Heydər Əliyevin həyatında hələ uşaqlıqdan iz salmışdı desək, yəqin yanılmarıq. 1935-36- cı illərdə gənc Heydər Əliyev 5-6-cı siniflərdə təhsilini Gəncənin 1 saylı məktəbində alıb. Həmin vaxt bu məktəb şəhərin lap mərkəzindəki Şah Abbas Məscidi kompleksinə daxil olan və 300-400 il yaşlı qədim çinar ağacları ilə əhatələnmiş kərpic "mədrəsə binası"nda fəaliyyət göstərirdi. Kim bilir, bəlkə Heydər Əliyev 1980-ci ilin işıqlı bir qış günüdə Gəncənin "Xatirə Parkı"nda ağac əkən zaman onun üçün hazırlanmış şam ağacını geri qaytararaq "Mənə çinar gətirin" deyərkən, öz məktəbli dostları ilə əzəmətli çinarların altında dərs hazırladıqları çağları da yada salıbmış...

Çinar daim azərbaycanlı düşüncəsində müqəddəs ağac olmaqla bərabər, qədim-qaimlik, ucalıq rəmzi sayılıb. Xüsusilə Gəncədə çinar əkmək hər zaman yalnız adlı-sanlı kişilərə xas olan bir iş olub. Elə bu qədim şəhər də həmişə millətin ucalığına həsr olunmuş Heydər Əliyev dühasını,  öz qoynunda əsrlərlə bəslədiyi çinarların əzəməti ilə eyniləşdirəcək.

Zakir MURADOV
Gəncə

P.S. Ulu öndərin 1980-ci ildə Gəncədə çinar əkməsi ilə bağlı xatirələr əsasında bu sətirlərin müəllifinin 2010-cu ildə hazırladığı televiziya oçerkini YOUTUBE-dən, axtarış pəncərəsinə Azərbaycan əlifbası ilə  MƏN GƏNCƏDƏ ÇİNAR ƏKƏCƏYƏM. HEYDƏR ƏLİYEV. FİLM 2010  ifadələrini yazmaqla tapıb, izləmək olar. 

 





12.12.2018    çap et  çap et