525.Az

"Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu qlobal əhəmiyyətə malikdir"


 

TARİXÇİ ALİM RUSİYA MUZEYLƏRİNDƏ APARDIĞI TƏDQİQATLAR ZAMANI AZƏRBAYCANIN DÖVLƏTÇİLİK TARİXİNƏ DAİR CİDDİ FAKTLAR AŞKARLAYIB

"Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu qlobal əhəmiyyətə malikdir"<b style="color:red"></b>

Ötən ay Rusiyada VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu keçirilib.
 
Mötəbər tədbirə 96 ölkədən mədəniyyətin müxtəlif sahələrini təmsil edən 35 mindən artıq qonaq qatılıb. Forumda iştirak edən tarix üzrə fəlsəfə doktoru, heraldika və bayraqşünaslıq mütəxəssisi Pərvin Gözəlov "QƏSR" Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq" İctimai Birliyini təmsil edib.

İctimai Birliyin İdarə Heyəti sədrinin birinci müavini P.Gözəlov Rusiya Federasiyasının prezidenti Vladimir Putinin iştirak etdiyi rəsmi açılış mərasimində olub, forum çərçivəsində keçirilən konfranslarda, müzakirələrdə və dəyirmi masalarda iştirak edib.

Rusiya Dövlət Ermitajında "Gündəlik həyatda heraldika" mövzusunda keçirilən dəyirmi masada çıxış edən P.Gözəlov Azərbaycanda heraldika sahəsində görülən işlərlə bağlı məlumat verib. O qeyd edib ki, 2006-cı ildə Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkədə Heraldika Şurası yaradılıb. İçərişəhər ərazisində yerləşən abidələrin üzərindəki rəmzlər haqqında danışan tarix üzrə fəlsəfə doktoru bildirib ki, Azərbaycanın birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın şəxsi təşəbbüsü nəticəsində İçərişəhər ərazisində yerləşən Qız Qalası Şirvanşahlar Sarayı ilə birlikdə 2000-ci ildə UNESCO-nun Ümumdünya Mədəni İrsi siyahısına daxil edilib. Daha sonra P.Gözəlov Naxçıvan və Şəkidəki xan sarayları haqqında tədbir iştirakçılarına məlumat verib.

Ümumilikdə beynəlxalq əhəmiyyətli tədbirlə bağlı təəssüratlarını bölüşən tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu böyük qlobal əhəmiyyətə malikdir və dövlətlərarası münasibətlər, müxtəlif sivilizasiyalar arasında dialoqun daha yüksək səviyyəyə qaldırılması, inkişafı üçün böyük imkanlar yaradır.

P.Gözəlov bildirib ki, ənənəvi olaraq keçirilən forumda əsasən, dünya mədəni irsinin öyrənilməsinə və qorunmasına dair məsələlər müzakirə olunur.

Tarixçinin sözlərinə görə, xüsusi məqamlardan biri də odur ki, dünyanın mədəniyyət sahəsində ən əhatəli tədbiri sayılan Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu 2020-ci ildə Azərbaycanı "fəxri qonaq ölkə" statusunda qəbul edəcək: "Noyabrın 16-da Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayevlə Rusiya Federasiyasının mədəniyyət naziri Vladimir Medinski arasında ikitərəfli görüş keçirilib. Görüşdən sonra tərəflər Azərbaycanın 2020-ci ildə Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda "fəxri qonaq ölkə" statusunda təmsil olunması haqqında Birgə bəyanat imzalayıblar. "Fəxri qonaq" statusu forum müddətində ölkənin mədəniyyətinin təbliği üçün geniş imkanlar yaradır. Builki forumun "fəxri qonaq"ları İtaliya və Qətər tədbir çərçivəsində xüsusi proqramlar təqdim ediblər. Birgə bəyanatın imzalanması mərasimində iştirak edən Rusiya Federasiyası Hökuməti sədrinin müavini Olqa Qolodets, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, həmçinin, iki ölkənin mədəniyyət nazirləri çıxış edərək, bu razılaşmanın önəmini vurğulayıb, ölkələrimiz arasında, bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yüksək səviyyəli inkişafından məmnunluqlarını ifadə ediblər".

P.Gözəlov hesab edir ki, bu qərar ilk növbədə yaxın münasibətləri olan Rusiya prezidenti V.Putinlə Azərbaycan prezidenti İlham Əliyevin cari ilin sentyabrın 27-də keçirdiyi ikitərəfli görüşün nəticəsidir: "Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində "Qonaq ölkə" statusu Azərbaycana zəngin mədəniyyətini, ənənələrini təqdim etmək, teatr, kino, muzey, elm və digər humanitar sahələrdə əməkdaşlığı gücləndirmək, inkişaf etdirmək üçün geniş imkanlar yaradacaq".

Tarixçi onu da bildirib ki, forumun sonunda əldə edilən məlumatlar, təcrübə və tanışlıqlar yeni konstruktiv təşəbbüslər, perspektivli layihələr üçün möhkəm təməl yaradıb.

P.Gözəlovun fikrincə, Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunun təşkili və populyarlığı mədəniyyətlərarası dialoqa, təcrübə mübadiləsinə və müxtəlif ölkələrlə, o cümlədən, Rusiya ilə mədəniyyətlərin daha da yaxınlaşmasına kömək edəcək.

Həmçinin, qeyd edək ki, tarixçi alim 2015-ci ildə Rusiya muzeylərinin arxivlərində indiyədək məlum olmayan bəzi faktlar aşkarlayıb. Bunların içərisində Sankt-Peterburqda aparılan elmi tədqiqatlar nəticəsində üzə çıxarılan Naxçıvan xanlığının bayraqları böyük maraq kəsb edir.

P.Gözəlov bildirib ki, Naxçıvan xanlığının bizədək gəlib çatan bayraqlarından biri 1812-ci ilin oktyabrın 19-20-də Aslandüz döyüşündə general-mayor Pyotr Kotlyarevski tərəfindən qənimət kimi götürülmüş döyüş bayrağıdır (müttəfiq). Dövlət bayrağı və ikirəngli (qırmızı-yaşıl) döyüş bayrağı isə 1827-ci ildə iyunun 26-da xanlığın işğalı zamanı general Paskeviç tərəfindən qənimət kimi ələ keçirilib: "Dövlət bayrağı bugünə qədər müxtəlif xarici muzeylərin fondlarında "XVIII-XIX əsr müsəlman bayrağı" kimi saxlanılıb. Bayrağın üzərindəki rəmzləri təhlil edərkən məlum olur ki, bizim müasir bayrağımızın üzərində olan rəmzlərdən həmin bayraqda da istifadə olunub. Bu çox maraqlı faktdır. Çünki bugünə kimi biz hesab edirdik ki, bayraq üzərində olan aypara və ulduz 1918-ci ildə ilk dəfə istifadə olunub. Bu bayrağın tapılması isə elmə yenilik gətirir və sübut edir ki, bu rəmzlər 1918-ci ildən əvvəl Azərbaycanın tarixi bayraqlarında istifadə olunub".

Tarixçi qeyd edib ki, bayraq ipək parçadan tikilib və qızılı saplarla işlənib: "Artilleriya, Mühəndis və Rabitə Qoşunları Hərb Tarixi Muzeyindən əldə olunan bayraqda Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilib. Üzərində əks olunmuş səkkizguşəli ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. İndiyədək nəinki Azərbaycan xanlıqlarının bayraqlarında, 18-19-cu əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast gəlinməyib".

Araşdırma zamanı hərb tarixi muzeyinin arxivlərindən Azərbaycana dair başqa faktlar da üzə çıxıb. P.Gözəlovun sözlərinə görə, materiallar arasında Dərbənd qalasının gümüş açarı aşkar olunub, Şamaxı qalasının isə açarlarının fotoşəkilləri üzə çıxarılıb: "Bu iş böyük əhəmiyyət kəsb edir və müxtəlif sahələrdə çalışan mütəxəssislər arasında gələcək elmi və mədəni əlaqələr üçün böyük imkanlar yaradır".

1925-ci ildən bəri Azərbaycan Respublikasında dövlətçiliyin tarixini əks etdirən atributların öyrənilməsi istiqamətində heç bir tədqiqat işinin aparılmadığını deyən tarixçi bildirib ki, onun elmi təşəbbüskarlığı ilə həyata keçirilmiş tədqiqat Azərbaycanın tarixi bayraqlarının öyrənilməsi sahəsində yenilikdir: "Bu tədqiqat ölkəmizin tarixi, ənənələri və mədəni irsini öyrənmək üçün böyük əhəmiyyət kəsb edir. Bütün bunlar dövlətçilik tariximizə dair aparılan araşdırmalara böyük töhfələr verəcək".

Ceyhun ABASOV

 





13.12.2018    çap et  çap et