525.Az

İlahi kəlamların düzgün təbliği ümdə mənəvi ehtiyac kimi


 

İlahi kəlamların düzgün təbliği ümdə mənəvi ehtiyac kimi<b style="color:red"></b>

Müstəqil Azərbaycanımızın bizə bəxş elədiyi azadlıqlardan biri də dinimizə qayıdışdır. Bu qayıdış dinimizi öyrənməyə, onun təbliğinə, sevilməsinə imkanlar açıb.

Bayrağımızda dinimiz yaşıl rəngdə əks olunub. Prezidentimiz and içərkən müqəddəs Qurana əl qoyur. Dinimiz şəxsiyyətimizin bütövlüyü üçün əsas götürülür. Böyük şəxsiyyət Heydər Əliyev bu fikrində dinimizə də xüsusi yer verib: "Hər bir gənc Azərbaycanın müstəqil gələcəyini təmin etmək üçün Vətəni sevməlidir, ölkəni sevməlidir, torpağı sevməlidir, millətimizi sevməlidir, xalqımızı sevməlidir, dilimizi sevməlidir, dinimizi sevməlidir, milli ənənələrimizi sevməlidir".

Hər cümə axşamı radio və televiziya vasitəsilə dinimizə aid verilişlər olur. Dərsliklərimizdə də bu məsələyə münasibət dəyişmişdir. "Tarix", "Ədəbiyyat", "Həyat  bilğisi" dərsliklərində müvafiq mövzularda şagirdlərə dinimizlə bağlı tərbiyəvi və fəlsəfi fikirlər çatdırılır.

Müqəddəs kitabımız Quranda qeyri-insani sifətlər - rüşvətxorluq, lovğalıq, ikiüzlülük, fitnəkarlıq, yalançılıq, sərxoşluq, oğurluq, zinakarlıq günah sayılır. Məsələn, "Bəqərə" surəsinin 188-ci ayəsində deyilir: "Bir-birinizin mallarını haqqınız olmadığı halda yeməyin, xalqın mallarından bir qismini bilə-bilə haqsız yerə yemək üçün günah yolu ilə (rüşvətlə) hakimlərə müraciət etməyin!" 

Qurani-Kərim insanı uca tutur, qadının hörmətini qaldırır, valideynə hörmətlə yanaşmağı əmr edir, qohum-əqrəbaya, kimsəsizə, yetimə kömək etməyi vacib sayır. Quranda öyrənilməsi vacib olan üç kitab tövsiyə olunur: vəhy kitabı (Qurani-Kərim), kainat kitabı və bilavasitə insanın özü. Quran ayələr toplusu olduğu kimi, kainat və insan da ayələr toplusudur. Çünki Yaradıcı Qüdrətin yaratdığı hər şey öz dərəcəsinə görə ayədir.

Mən 50 il müəllim işləmişəm. Müstəqillik illərində şəxsi təhsil yolu ilə Quranı öyrənməyə çalışmışam. Hiss etmişəm ki, Quranı da digər iki kitab; kainat və insan kimi tamamilə öyrənmək mümkün deyil. Bunların hər üçü bir-biri ilə əlaqədardır. Birini öyrənmədən digərini öyrənmək çətindir.

Bu gün məktəblərimizdə öyrənilənlər kainat və insana aiddir. İnsanlara öyüd verən, haqqı nahaqdan ayırmağı öyrədən, keçmiş və gələcəkdən xəbərlər verən, könül duyğularını işıqlandırıb mövcud elmi nailiyyətlərə əsaslanaraq yoxdan (insan görməsinə görə) yaradılmasını aydınlaşdıran hikmətlə dolu bir kitabdan isə şagirdlərə, o cümlədən, tələbələrə, demək olar ki, heç nə öyrədilmir. Elmimizin, ədəbiyyatımızın min ildən çox bir dövründə ən görkəmli alimlərimiz, sənətkarlarımız Qurandan dərs almış, öz əsərlərində bu Kitabdan gələn terminlər, ifadələr, fikirlər işlətmiş, hətta mövzulardan istifadə etmişlər. Quranı öyrənmədən həmin fikirləri öz tamlığı, bütövlüyü ilə başa düşmək çətindir. Doğrudur, əsərləri sonunda "İzahlar" başlığı ilə çətin söz və ifadələr şərh olunur. Amma hər hansı əsəri bütövlükdə oxumaqla onun haqqında bir cümlə oxumaq eyni təsəvvür, anlayış verə bilməz. Odur ki, Quranı öyrənməyə başlayandan sonra Nizami, Füzuli, Nəsimi və digər böyük sənətkarlarımızın əsərlərindəki mətləblər mənim üçün əvvəlkindən fərqli şəkildə aydınlaşdı. Məsələn, Nizaminin "İsgəndərnamə" poemasında oxuyuruq:

Qiymətli cəvahir doğan bir evdən
Əbu Talibi də çıxaran sənsən.

Bu beyti belə başa düşmüşdüm ki, Peyğəmbərlə əmisi bir evin övladıdır. Nə olsun? Burada şairi heyrətləndirən, qəribə olan nə var ki? Ayələrin şərhinə aid bir kitabçanı oxuyarkən bu beyti xatırladım. Kitabçada bir ayənin şərhində deyilir ki, Əbu Talib ölüm yatağında olarkən Məhəmməd peyğəmbər onun yanına gəlir. Peyğəmbər əmisinə son anda da olsa, "La ilahə illəllah" deyib müsəlmanlığı qəbul etməsini məsləhət görür. Lakin Məhəmmədi sevən, onu son nəfəsinədək düşmənlərindən qoruyan Əbu Talib razılaşmır. O zaman Peyğəmbər əmisinin bağışlanması üçün Allahdan xahiş edəcəyini bildirir. Belə olduqda ayə nazil olur: "Peyğəmbərə və iman gətirənlərə müşriklər üçün bağışlanma diləmək yaramaz". (Ət-Tövbə, 113). Əbu Talib barəsində də bu ayə nazil olur: "(Ya Məhəmməd!) Şübhəsiz ki, sən sevdiyin adamı doğru yola yönəldə bilməzsən, amma Allah istədiyi adamı doğru yola gətirər". (Əl-Qəsəs, 56).                                                                                             

Bununla Nizaminin heyrəti mənə aydın oldu. Materialist dünyagörüşü bizdən əl çəkməmiş və görünür, hələ uzun illər də əl çəkməyəcək. Bu isə münafiqlik, Müqəddəs Kitaba inamda tərəddüd, şübhə, ikiüzlülük, əxlaqda qeyri-sabitlik yaradır. Quranda verilmiş məada (dirilməyə) inam isə bu ömrün ölümdən sonrakı həyat üçün sınaq, inkişaf, kamilləşmə dövrü olduğunu aydınlaşdırır. Kainatımızda cansızın canlıya, canlının isə cansıza çevrildiyini gördükcə ulu Nizaminin "Ölüm ölmək deyil, yerdəyişməkdir", Bəxtiyar Vahabzadənin "Ömür ömürdən sonra yaşamağın təməli" fikirlərini də dərindən duymaq olur. Füzulinin:

Hər cəhətdən fariğəm aləmdə, haşa kim ola,
Rizq üçün əhli-bəqa əhli-fənanın çakəri -

ifadəsini daha dürüst şəkildə başa düşməyimə əhli-bəqa və əhli-fəna kəlmələrini Quran baxımından öyrənməyim kömək etdi.

Ali təhsilli şəxsin, xüsusilə humanitar fənn müəllimlərinin Quran kimi ali bir mənbəni bilməməyi kəsir kimi özünü göstərir. 100 il bundan əvvələ qədər təhsilli şəxslərimiz öncə dini təhsil almışlar. Bu onlara dünyagörüşlərinin genişlənməsinə imkan verib. Lakin dini qazanc mənbəyinə çevirən, xalqla alış-verişə girişən, Quranı başa düşmədən diriyə deyil, "ölüyə oxuyanlar", sözü ilə əməli bir olmayan imansızlar daim xalqın qınaq hədəfi olub, tarix boyu əksər söz sənətkarlarımız tərəfindən tənqid edilib.

Mən uşaq olanda yaşlı adamların biri-birinə: "Allah imanını kamil eləsin" deməsini çox eşitmişdim. Bu gün belə dua edilmir. Adamda şübhə yaranır: "Doğrudanmı biz imansızlaşmışıq?" Bəli, dili ilə ürəyi bir olmayan, halalla haramı qarışdıran, naşükürlük, ikiüzlülük edən, dünya malına görə şəxsiyyətini alçaldan, mənəviyyatını çirkaba bulayan insana necə "imanlı" deyə bilərsən? Bu gün mötəbər saydığımız bəzi insanlar, Molla Pənah Vaqifin dediyi kimi, "nəfsi-əmmarə əlində sərbəsər əsir olmuş"sa, hansı təmizlikdən, imandan danışmaq olar?

Təklif edirəm ki, təhsilimizdə yeri görünən bu məsələyə qayğı ilə yanaşılsın; həm ali təhsildə, həm də orta təhsildə münasib şəkildə dövlət proqramı əsasında İlahiyyat fənni öyrədilsin. Bu iş gənclərimizi müxtəlif  səmtlərə yönəldə biləcək "dindarların" ixtiyarına keçməsin. Niyə ali təhsilli şəxs bəzən din, şəriət, mövhumat kəlmələrini eyniləşdirsin, fərqləndirə bilməsin? Niyə ali təhsilli adam (xüsusilə humanitar fakültə bitirənlər) oxuduğunu başa düşməyən molla qədər din haqqında təsəvvürə malik olmasın? Bunsuz o, dinini necə sevər? Din ilahi hökmlərin məcmusudur, onu bir elm kimi bütün təhsilli adamların öyrənməsi təqdirəlayiqdir. Şəriət isə din xadimlərinin verdiyi qaydalar, fətvalardır. Şəriəti öyrənmək dini özünə ixtisas seçənlərə aiddir.

Məncə, ümumi orta məktəbin VIII, yaxud IX sinfində "Həyat bilgisi" fənninin əsasında "İnsan", "Kainat", "Quran" başlıqlı bölmələrdə dinə dair sistemli şəkildə lazımi məlumatı çatdırmaq olar. Burada dünya dinləri, İslam dini, Quranın fəzilətləri, ədəbiyyatımızda yeri haqqında, ayələr əsasında, mövhumatdan uzaq nümunələrlə danışmaq mümkündür. Quran insanlar arasında ədaləti, sülhü, düzlüyü müdafiə edir. Düzlüyü qorumaq xətrinə, Allah rizasına bu Müqəddəs Kitabı öyrənmək vacibdir. Din öyüddür, nəsihətdir. Belə bir nəsihət  dərsi heç kimə zərər yetirməz. İnsanın cismən sağlamlığını həkimlər qoruyur. Din isə ruhun ilahi  ilə bağlılığını təmin edərək insanın ruhən sağlamlığını mühafizə edir. Xəstə ruhlu insanın cismən də xəstələnə biləcəyi, yaxud cəmiyyət üçün yararsız bir insana çevriləcəyi labüddür. Dahi Nizaminin oğlu Məhəmmədə nəsihətindəki bir beyt necə də ibraətamiz səslənir:

Elmlər elmidir demiş peyğəmbər
Din elmi, təbabət elmi, müxtəsər.

Tahir HƏSƏNLİ
Quba  rayonu, Yerfi kəndi

 





13.12.2018    çap et  çap et