525.Az

İtaliya Senatında “Azərbaycanın qadın şairlərinin şeirləri...” təqdim olundu - Foto


 

İtaliya Senatında “Azərbaycanın qadın şairlərinin şeirləri...” təqdim olundu - <b style="color:red">Foto </b>

Azərbaycanın İtaliyadakı Səfirliyinin, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun və İtaliyanın Sandro Teti Nəşriyyat Evinin birgə təşkilatçılığı ilə İtaliya Senatının Kitabxanasının "Capitolare" zalında "Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200- 1991)" adlı şeirlər toplusunun təqdimatı keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Sando Teti Nəşriyyat Evinin birgə layihəsi olaraq İtaliyada dərc olunmuş, tərtibatçıları Günay Əfəndiyeva və Şəhla Nağıyeva olan kitaba 1200-1991-ci illər arasındakı dövrdə Azərbaycanın qadın şairlərinin poeziya nümunələri Azərbaycan və italyan dillərində daxil edilib.

Tədbiri giriş sözü ilə açan İtaliya Parlamentində fəaliyyət göstərən İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, deputat Rosanna Boldi Azərbaycanın zəngin mədəniyyəti, o cümlədən, ədəbiyyatı barədə, eləcə də təqdim olunan kitabın Azərbaycan ədəbiyyatına qadın şairlərin verdiyi töhfələri müşahidə etmək yönündə əhəmiyyətindən danışıb. Azərbaycana çoxsaylı səfərləri vaxtı ölkəmizdə qadınların cəmiyyətdəki önəmli rolunun şahidi olduğunu deyən italyan parlamentar təqdim olunan kitabın bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Azərbaycan mədəniyyətinin İtaliyada daha yaxından tanıdılmasına xidmət edən bu tədbirin İtaliya Senatının Kitabxanasında təşkilinin əhəmiyyətini vurğulayıb, bu xüsusda Senatın rəhbərliyinə təşəkkürünü bildirib. Azərbaycan və İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq xarakterinə malik olduğunu, cari il ərzində İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın, İtaliya Senatının Sədri Maria Elsabetta Kasellatinin Azərbaycana, ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın İtaliyaya rəsmi səfərlərinin iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun mövcudluğunun bariz nümunəsi olduğunu bildirib. Bu kimi mədəni tədbirlərin təşkilinin iki ölkənin xalqlarının bir-birinə daha da yaxınlaşdırılması nöqteyi-nəzərdən əhəmiyyətini bildirən M.Əhmədzadə hazırkı tədbirin Azərbaycan qadının milli ədəbiyyatımızla yanaşı, cəmiyyətimizdəki rolunun da göstərilməsi nöqteyi-nəzərdən əhəmiyyətini vurğulayıb, bugünkü Azərbaycan qadının ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatının fəal qüvvəsi olmasından danışıb. Diplomat Azərbaycan ədəbiyyatının bəşəriyyətin mədəni irsinə verdiyi töhfələrdən söz açaraq qadın ruhunun ədəbiyyatımızın zənginləşməsindəki rolundan danışıb, eləcə də təqdim olunan kitabdakı bir sıra qadın şairlərin cəmiyyətdəki mövqeyindən, o cümlədən, Xurşudbanu Natəvanın Azərbaycanın tarixi torpağı olan Qarabağdakı ictimai fəaliyyətindən bəhs edib.

Sonra çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının ayrılmaz parçası olan Azərbaycan ədəbiyyatının, incəsənətinin, maddi və mədəni irsinin zənginliyindən söz açıb, Azərbaycanda bu dəyərlərə böyük həssaslıqla yanaşıldığını və mədəniyyətin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu deyib. O, rəhbərlik etdiyi fondun türk mədəniyyəti irsinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təşviq edilməsindən ibarət olduğunu bildirərək, fondun gördüyü işlərdən danışıb. Bu xüsusda, “Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)" şeirlər toplusunun əhəmiyyətindən bəhs edən G.Əfəndiyeva kitabın ərsəyə gəlməsi və hazırlanması barədə məlumat verib. Azərbaycanın zəngin ədəbi irsinə qadınların verdiyi töhfələr barədə danışan G.Əfəndiyeva qadın şairlərimizin bir çoxunun Azərbaycanın tarixi torpağı Qarabağda yaşayıb-yaratdıqlarını deyib.

"Sandro Teti Nəşriyyat Evi"nin rəhbəri Sandro Teti rəhbərlik etdiyi nəşriyyat evi tərəfindən dərc olunmuş Azərbaycan haqqında kitablar, o cümlədən, azərbaycanlı müəlliflərin italyan dilinə tərcümə edilmiş əsərləri barədə danışıb. Eyni zamanda, o, Azərbaycan, ümumilikdə türk mədəniyyətinə rəğbət bəslədiyini və  Azərbaycanla bağlı kitabların nəşrinin İtaliya ictimaiyyətində ölkəmizin mədəniyyətinin daha yaxından tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Təqdim olunan kitabın dərc edilməsində məqsədin italyan oxucusuna Azərbaycanın zəngin ədəbiyyatının, Azərbaycan ədəbiyyatına qadınların verdiyi önəmli töhfələrin, eyni zamanda, qadınların Azərbaycan cəmiyyətindəki əhəmiyyətli rolununun göstərilməsi olduğunu bildirib.

Çıxışlardan sonra tədbirin bədii hissəsi çərçivəsində ilk olaraq ssenari müəllifi Ülviyyə Heydərova, rejissoru isə Zəhra Quliyeva olan "Azərbaycan poeziyasında qadın ruhu" adlı sənədli film nümayiş etdirilib. Ardınca Azərbaycan xalq artisti Mehriban Zəkinin ifasında kitabdakı bir sıra şeirlər bədii-musiqili kompozisiya formasında təqdim olunub. Təqdimat mərasimində Cəmilə Həşimovanın kitabda əks olunan illüstrasiyalarından ibarət sərgi də nümayiş olunub.

Qeyd olunmalıdır ki, "Azərbaycanın qadın şairlərinin şeirləri: səkkiz əsrlik ədəbiyyat (1200-1991)" adlı şeirlər toplusu İtaliyada son illərdə Azərbaycanla bağlı dərc olunmuş bir sıra kitablarla birgə bu günlərdə Romanın "La Nuvola" mədəni mərkəzində keçirilən İtaliyanın ən böyük nəşriyyat sərgilərindən olan "Daha çox kitab, daha çox azadıq" kitab yarmarkası çərçivəsində də təqdim olunub.

Şahanə MÜŞFİQ

 





13.12.2018    çap et  çap et