525.Az

AMEA Şərqşünaslıq İnstitutunun 60 illiyi qeyd edildi


 

AMEA Şərqşünaslıq İnstitutunun 60 illiyi qeyd edildi <b style="color:red"></b>

Dekabrın 11-də AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun 60 illiyinə həsr olunmuş yubiley yığıncağı keçirilib.

Tədbirdə görkəmli elm xadimləri, Milli Məclisin deputatları, xarici ölkələrin ölkəmizdəki səfirləri iştirak ediblər.

Yığıncaqdan öncə Şərqşünaslıq İnstitutunda görkəmli alim, akademik Z.M.Bünyadovun barelyefi açılıb. Tədbir iştirakçıları sonra İnstitutda fəaliyyət göstərən akademik Z.M.Bünyadovun kabineti ilə tanış olublar.

Sonra tədbir iştirakçıları görkəmli alim, professor A.N.İmanquliyevanın xatirəsinə həsr olunmuş  stendlə tanış olublar. Stenddə görkəmli alimin elmi əsərləri və fotoşəkilləri nümayiş etdirilib.

Daha sonra Şərqşünaslıq İnstitutunun elmi nailiyyətlərinə həsr olunmuş sərgi ilə tanışlıq olub. Buradakı stendlərdə Şərqşünaslıq İnstitutunda ötən 60 il ərzində çap olunmuş müxtəlif sahələr üzrə yüzlərlə kitab və jurnal sərgilənib.

Yubiley yığıncağı AMEA-nın əsas binasının II mərtəbəsindəki akt zalında keçirilib. Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə 60 illiyini qeyd edən və ötən bu dövr ərzində şərəfli və məhsuldar inkişaf yolu keçmiş Şərqşünaslıq İnstitutunun Azərbaycanda şərqşünaslığın inkişafına güclü təkan verdiyini, Şərq xalqlarının tarixi, iqtisadiyyatı, ədəbiyyatı, dilçilik, ictimai-fikir və fəlsəfəsinin öyrənilməsində misilsiz xidmətlər göstərdiyini deyib. İnstituta ötən dövr ərzində rəhbərlik etmiş görkəmli alimlər - akademiklər Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Həmid Araslı, Ziya Bünyadov, professor Aida İmanquliyeva kimi korifey alimlərin sayəsində Şərqşünaslıq İnstitutunun dünya şərqşünaslığının aparıcı elmi mərkəzlərindən birinə çevrildiyini bildirib. AMEA prezidenti institutun kollektivini və təltif edilən əməkdaşları təbrik edərək, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək, Azərbaycanda humanitar və ictimai elmlər sahəsində xüsusi mövqeyi olan Şərqşünaslıq İnstitutunun fəaliyyəti dövründə bu müəssisədə böyük elmi məktəblərin yarandığını diqqətə çatdırıb.

"Şərqşünaslıq İnstitutu ölkəmizdə şərqşünaslıq üzrə əsas elmi tədqiqat mərkəzidir" - deyən İ.Həbibbəyli bu müəssisənin yüksəkixtisaslı şərqşünas kadrların hazırlanmasında və beynəlxalq əlaqələrdə Azərbaycan dövlətinin apardığı siyasətə elmi dəstək verməsində mühüm rolunu qeyd edib. Bildirib ki, beynəlxalq əlaqələrin elmi əsaslarla ardıcıl siyasət üzrə inkişaf etdirilməsinə institut sanballı töhfələrini verir.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova Şərqşünaslıq İnstitutunda Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirinin sistemli şəkildə araşdırıldığını deyib.

Sonra Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva "60 illik şərəfli yol" mövzusunda məruzə edib. Bu günlərdə Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildiyini deyən direktor bunun bütövlükdə İnstitutun kollektivinin səmərəli fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymət olduğunu söyləyib, bu diqqət və qayğıya, şərqşünas alimlərimizin zəhmətini yüksək qiymətləndirdiyinə görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

G.Baxşəliyeva 60 yaşını qeyd edən Şərqşünaslıq İnstitutunun dərin tarixi köklərə söykənən Azərbaycan şərqşünaslığının təməli üzərində qurularaq istər keçmiş sovet və hazırkı postsovet məkanında, istərsə də bütövlükdə dünya şərqşünaslıq elmində öz layiqli yerini tutduğunu deyib.

Bütövlükdə şərqşünaslıq elmimizin orta əsrlərdən bəri təşəkkülü və inkişafı tarixindən söz açan məruzəçi 1958-ci ildə Respublika Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında Şərqşünaslıq İnstitutunun yaradıldığını qeyd edib: "60 il əvvəl Yaxın və Orta Şərq xalqları institutu kimi kiçik bir kollektivlə fəaliyyətə başlayan Şərqşünaslıq İnstitutu tezliklə öz simasını formalaşdırıb və burada akademik Ə.Əlizadənin mətnşünaslıq, akademik Z.Bünyadovun mediyevistika, akademik H.Araslının türkologiya, professor A.İmanquliyevanın ərəbşünaslıq, professor  R.Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır.

G.Baxşəliyeva institutun beynəlxalq əlaqələrindən, keçirdiyi konfrans və simpoziumlardan da bəhs edib.

Sonra akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatları Fəzail İbrahimli, Nizami Cəfərov, Bəxtiyar Əliyev, Misir Ərəb Respublikasının ölkəmizdəki səfiri Adil İbrahim Əhməd İbrahim, Xalq şairi Nəriman Həsənzadə, Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı, professor Elxan Əzizov, İran Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi, AMEA Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu, AMEA-nın müxbir üzvü Şahbaz Muradov çıxış edərək, 60 illik tarixi olan Şərqşünaslıq İnstitutunun fəaliyyətindən, elmi nailiyyətlərindən söz açıb, yubiley münasibətilə institut kollektivinə təbriklərini çatdırıblar.

CAVİD

 





13.12.2018    çap et  çap et