525.Az

Cəmiyyətin dinə ehtiyacı və Azərbaycan xalqının dinə baxışı (davamı)


 

Cəmiyyətin dinə ehtiyacı və Azərbaycan xalqının dinə baxışı <b style="color:red">(davamı)</b>

Dünyada dini siyasət alətinə çevirən, ondan təzyiq vasitəsi kimi istifadə edən dövlətlər var. Onlardan biri də bədnam qonşumuz Ermənistandır. Bu dövlətin apardığı işğalçılıq siyasəti nəticəsində on minlərlə dinc sakin qətlə yetirilmiş, yaralanmış, bir milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından qaçqın və məcburi köçkün düşmüş, torpaqlarımızın iyirmi faizindən çoxu işğal edilmişdir. Ermənistanın apardığı etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində bu ölkədən nəinki azərbaycanlılar, eləcə də digər xalqların nümayəndələri – ruslar, almanlar, kürdlər, ukraynalılar, tatarlar, yəhudilər və başqaları deportasiya edilmiş, dünyada analoqu olmayan monoetnik dövlət yaradılmışdır.

Eyni zamanda erməni separatçıları işğal etdikləri Azərbaycan torpaqlarında xalqımıza məxsus milli və dini abidələri, ibadət yerlərini – ziyarətgahları, məscidləri, məqbərələri, qəbiristanlıqları dağıdıb viran qoymuşlar.

O da qeyd edilməlidir ki, Ermənistanda Qriqoryan kilsəsinə dövlət tərəfindən rəsmi status verilmiş, Konstitusiyada onun digər konfessiyalardan üstünlüyü vurğulanmışdır. Dini radikalizmlə seçilən ermənilər Azərbaycan xalqının tarixində böyük mərhələni təşkil edən qədim alban abidələrini saxtalaşdıraraq qriqoryanlaşdırmışlar.

Müxtəlif vaxtlarda erməni məkrindən və vəhşiliyindən əziyyət çəkən Azərbaycan xalqı dar məzhəbçilik və qatı dindarlıq anlayışından uzaqdır. Xalqımız üçün din heç vaxt siyasi düşüncəni formalaşdıran amil olmamışdır. Azərbaycan əhalisinin böyük əksəriyyətinin müsəlman olmasına, İslamın xalqımızın taleyində, onun milli-mənəvi dəyərlərinin formalaşmasında, mədəniyyətinin inkişafında mühüm rol oynamasına baxmayaraq, islamçılıq ideologiyası cəmiyyətimizdə uğur qazanmamışdır. Xalqımız həmişə digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmışdır. Postsovet məkanında  ən böyük yəhudi yaşayış məskəni hesab edilən Qırmızı Qəsəbə və Qafqazda ən iri molokan qəsəbəsi sayılan İsmayıllı rayonunun İvanovka qəsəbəsi bunun bariz nümunəsidir.

Xalqımız üçün din ilk növbədə mədəniyyətin ayrılmaz hissəsidir. İslam bizim üçün siyasi ideologiya deyildir. Bu həqiqəti ulu öndərimiz Heydər Əliyev çox gözəl ifadə etmişdir: “Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik”.

Dünyəviliyin xalqımızın fitrətindən irəli gəldiyini desək, yanılmarıq. Buna görə də, dünyəvi, hüquqi və demokratik dövlət quruculuğu istiqamətində görülən tədbirləri cəmiyyətimiz həmişə ürəkdən alqışlamış və mənimsəmişdir. 28 may 1918-ci ildə Şərqdə ilk demokratik respublika sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması bu fikrin əyani təsdiqidir.

Bu dövlət cəmi 23 ay mövcud olsa da, qısa müddət ərzində vətəndaş cəmiyyəti quruculuğunda böyük nailiyyətlər əldə etmiş, qədim dövlətçilik ənənələrini bərpa etmiş azərbaycanlılar bir çox mütərəqqi addımlara imza atmışlar. Milliyyətindən, irqindən və dinindən asılı olmayaraq hər kəsin qanun və məhkəmə qarşısında bərabər olduğu elan edilmiş, qadınlara seçki hüququ tanınmışdır. Halbuki, həmin dövrdə bir çox Qərb ölkələrində qadınlar nəinki seçki, hətta vərəsəlik hüququndan məhrum idilər.

Xalqımızın dinə münasibəti ən gözəl şəkildə Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızda əks olunmuşdur. Dövlətçiliyimizin müqəddəs rəmzi sayılan bayrağımızda İslamın simvolu yaşıl rənglə yanaşı, türkçülük mənasına gələn göy və müasirlik anlamı verən qırmızı rənglər təsvir edilmişdir. Yaşıl rəng göy və qırmızıdan sonra gəlir. Bu xalqımızın İslamı mədəniyyətinin bir parçası hesab etdiyini göstərir. Ümummilli liderimiz bu barədə demişdir: “Dinimiz xalqımızın milli-mənəvi sərvətidir”.

Azərbaycan xalqının təfəkküründə din məfhumu ilk növbədə ümumbəşəri dəyər və humanist ideyalar ilə eyniləşdirilmişdir. Bu isə azərbaycanlıların təbiətcə tolerant olması, hər cür radikal fikirlərdən və fanat ideyalardan uzaq durmaları ilə bağlıdır. Xalqımızın dini cəhətdən dözümlülüyü, tarix boyu ölkəmizin ərazisinə fərqli din ardıcıllarını cəlb etmişdir. Öz torpaqlarında sıxışdırılan bəzi konfessiya nümayəndələri Vətənimizə sığınmış və cəmiyyətimizin ayrılmaz ünsürlərinə çevrilərək, ayinlərini rahat şəkildə yerinə yetirmək imkanı əldə etmişlər.

Xalqımız üçün din, ilk növbədə qonşunun haqqına hörmət etmək, kasıb və yoxsullara  yardım əli uzatmaq, başqasının inancına və adət-ənənəsinə hörmət bəsləmək, zəifi qorumaq, ədalətsizliyə qarşı mübarizə aparmaq, dövlət başçısı və böyüyə ehtiram göstərmək, Vətənin müdafiəsinə qalxmaq, millətini sevmək, milli dəyərlərə sahib çıxmaq, dövlətin qayda və qanunlarını gözləmək deməkdir. Eyni zamanda, bəzi insanlarımız İslam dedikdə daha çox pir, ocaq kimi müqəddəs yerləri ziyarət etmək, arzularının həyata keçməsi naminə buralara pul və digər qiymətli əşyalar bağışlamaq, evlilik həyatına qədəm qoymamışdan qabaq din xadiminin xeyir-duasını almaq, Məhərrəmlik mərasimində Kərbəla şəhidlərini yad etmək, yas mərasimini İslami qaydalara uyğun təşkil etmək, mərsiyyələr söyləmək kimi başa düşür.

Xalqımız əcdadlarımızdan yadigar qalmış dini inanc və dəyərlərinə həmişə həssaslıqla yanaşmış, sahib çıxmış və qorumuşdur. Rəsmi ideologiyası ateizm olan Sovet hakimiyyəti illərində hər cür dini düşüncənin təqib edilməsinə, məscid, mədrəsə və digər dini ibadət yerlərinin bağlanmasına və ya dağıdılmasına, din xadimi və dindarların məqsədyönlü şəkildə məhv edilmələrinə baxmayaraq, insanlarımız ölüm riski altında Məhərrəmlik mərasimini yerinə yetirmiş, müqəddəs yerlərə, pir və ziyarətgahlara baş çəkmişlər.

Dünyada öz dininə belə sahib çıxan, onun qorunması naminə əzmkarlıq və  qəhrəmanlıq nümayiş etdirən çox az xalq tapılar. Azərbaycan xalqının günümüzə qədər milli-mənəvi dəyərlərini yaşada bilməsi, onun böyüklüyünün göstəricisidir. Belə şanlı tarixlə fəxr etməyə dəyər!

 





29.08.2013    çap et  çap et