525.Az

"Paşinyan Putin üçün Nazarbayev, Əliyev kimi liderlər olan dairəyə daxil deyil"


 

"Paşinyan Putin üçün Nazarbayev, Əliyev kimi liderlər olan dairəyə daxil deyil"<b style="color:red"></b>

Ermənistanda dekabrın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərinin nəticələri ölkədə narazılıq yaratmaqdadır.

Digər siyasi qüvvələr hesab edirlər ki, seçkilər rəqabətsiz mühütdə keçib, baş nazir vəzifəsini icra edən Nikol Paşinyanın "Mənim addımım" bloku təbliğat müddətində bütün dövlət resurslarından istifadə edib, nəticədə müxalifətsiz bir parlament fəaliyyətə başlayacaq.  Parlamentdə təmsil olunmaq hüququ qazanmış digər iki siyasi qüvvə - "Çiçəklənən Ermənistan" və "Parlaq Ermənistan" hər nə qədər müxalifət kimi təqdim edilməyə çalışılsa da, fakt budur ki, onlar müxalifət gücü deyirlər, Paşinyanı tənqid edəcək heç bir fikir səsləndirməyiblər.

Digər siyasi partiyalar səssiz qalmağı düşünmürlər. Belə ki, yaxın günlərdə parlamentdən kənar siyasi qüvvələr müxalifət blokunun yaradılması təşəbbüsü ilə çıxış etmək niyyətindədirlər, artıq bu istiqamətdə addımlar atılır. Bu barədə açıqlama verən Ermənistan Demokrat partiyasının sədri Aram Sarkisyan bildirib ki, bir sıra partiyalar arasında artıq danışıqlar aparılır: "Hökumət istəsə, biz onlara kömək edəcəyik, əks halda, biz müxalifətdə olacağıq. Bu faktdır ki, yeni seçilən parlamentdə müxalifət yoxdur".

Onun sözlərinə görə, "Parlaq Ermənistan" partiyasının lideri Edmon Marukyan hər nə qədər müxalifət olacaqlarına iddia etsə də,  sual yaranır ki, onlar bunu necə edəcəklər: "İdeologiya və proqramları baxımından onlar müxalifət deyillər,  buna görə də ən yaxşı halda bir növ nəzarət edə bilərlər".

Yaradılacaq bloka daxil olacaq siyasi qüvvələrə gəlincə, Sarkisyan bildirib ki,  tərəflər arasında hər bir siyasi qüvvənin ayrı-ayrılıqda bəyanatla çıxış  edəcəyi barədə razılıq var: "Milli özünüidarəetmə" birliyinin lideri Paruyr Hayrikyan artıq müvafiq bəyanatla çıxış edib. Təşəbbüs qrupunda 3-4 siyasi qüvvə var. Gələcəkdə daha bir neçəsi də qoşulacaq".

İrəvan Mətbuat Klubunun sədri Boris Navasardyan da bəyan edib ki, Ermənistanın yeni parlamentində ciddi siyasi mübarizənin baş verəcəyini söyləmək çətindir: "Mən parlamentdə müxalifətin olmaması fikirləri ilə razı deyiləm. Məgər başqa yerdə müxalifət var? Parlamentdə müxalifətinin olmasını üçün onların ümumi siyasət meydanında olması da lazımdır. Bizdə bu yoxdur və Respublika partiyasının güclü müxalifətə çevriləcəyi iddiaları əsassızdır".

O, Respublika Partiyasının onu parlamentə apara biləcək ciddi sosial dəstəyə malik olmadığını vurğulayıb: "Yeni bir sifarişçi tapmaq lazımdır. Onların ciddi şəkildə siyasi meydana dönmələri üçün adamları, müəyyən bir resursları və şansları var. Bu seçkilərdə baryeri aşa bilməmələri də normaldır".

Politoloq Stepan Danielyan isə hesab edir ki, erkən seçkilərdən sonra Ermənistanda müvəqqəti böhranlı parlament yaradılacaq. Politoloq deyib ki, hələ seçkilərdən bir neçə həftə əvvəl bəzi ekspertləri  əsasən yalnız bir sual maraqlandırırdı - seçicilərin səs faizi nə qədər təşkil edəcək: "Niyə? Siyasi sistem dağıdılıb və insanlar "Vətəndaş razılaşması" (Nikol Paşinyan rəhbərlik etdiyi partiya) daxil olmaqla, partiyalara inanmırlar. Əgər Paşinyanın  reytinqi düşsə, onun  siyahısı üzrə yığılan parlament mənasız olacaq: Faktiki olaraq parlamentin seçilməsi fərdi seçki halına gəldi və bu, bu seçkilərin əsas hadisəsidir. Bu müvəqqəti, böhran parlamenti olacaq. Seçkilər baharda təşkil olunmalı idi, indi onu keçirmək böyük səhv idi".

Digər rusiyalı politoloq Sergey Markedonov isə seçkilərdə seçici iştirakçılığının yüksək olmamasına diqqət çəkib. O bildirib ki, seçicilərin sayının yüksək olmaması Paşinyanın xalqı tərəfindən kütləvi dəstəkləndiyini deməyə imkan vermir: "Bəli, Nikol Paşinyan bu gün Ermənistanın bir nömrəli siyasətçisidir, amma söhbət ondan gedir ki, kütləvi xalq dəstəyi yoxdur".

Yeri gəlmişkən seçkilərin nəticələrinin sabiq prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika partiyasının daxilində də fikir ayrılıqları yaradıb. Erməni mətbuatı yazır ki, problem yalnız partiyanın parlamentdən kənarda qalmasında deyil. Seçkilərin nəticələrinin qəbul edilib-edilməyəcəyinə dair, həmçinin, Serj Sarkisyanın bəzi hərəkətlərinə görə ciddi fikir ayrılığı yaranıb. Respublikaçıların bəziləri seçkilərin nəticələrinə etiraz etməkdə israrlıdırlar. Amma əksəriyyət ictimai əhval-ruhiyyəni, eyni zamanda, inandırıcı faktlar təqdim etməyin çətinliyini nəzərə alaraq, vəziyyəti gərginləşdirməyi məqsədəuyğun hesab etmirlər:

"Digər tərəfdən, bəzi respublikaçılar Sarkisyanın baş nazir vəzifəsindən getməklə, həmçinin, David Şahnazaryanı və Artaşes Qeqamyanı seçki siyahısına salmaqla partiyanı dağıtdığını hesab edirlər. Yaxın vaxtlarda partiya liderinin dəyişdirilməsi məsələsinin də gündəmdə ola biləcəyi istisna edilmir".

Rusiyalı politoloq, "Şimal-Cənub" Siyasi Mərkəzinin aparıcı eksperti Aleksandr Karayev isə seçkilərdən sonra Paşinyanın öz vədlərini yerinə yetirib-yetirməyəcəyini şərh edib: "Əlbəttə ki, vəd etdiklərinin bir qismini yerinə yetirəcək. Bir çoxları onu Gürcüstanda Mixail Saakaşvilinin hakimiyyətdə olduğu ilk illərlə, həyata keçirdiyi islahatlarla müqayisə edir. Siyasi fəaliyyətin gələcək nəticələri - digər məsələdir. Çox güman ki, Paşinyan dövlət qulluğunun idarə edilməsi, büdcə xərclərinin azaldılması və ya gələcəkdə effektiv şəkildə istifadəsi sahəsində hansısa islahatlar edə biləcək. Lakin əvvəlki korrupsiya sxemləri yeniləri ilə əvəzlənəcək. Bütün vəd etdiklərini yerinə yetirməyi bacarmayacaq, sadəcə bir qismi, nazirlərin ixtisara salınmasını da həyata keçirəcək. Hüquq-mühafizə orqanları, polis, vergi idarələri, yerlərdə vətəndaşlarla sıx təmasda olan xidmətlər də ciddi manipulyasiya ediləcək. Bununla paralel olaraq siyasi mübarizə də aparılacaq".

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində Nikol Paşinyandan konstruktiv yanaşmanın olacağına gəlincə, politoloq deyib: "Məsələ burasındadır ki, biz çətin proqnozlaşdırılmış siyasətçi, vətəndaşlara çox söz verən populist və s. görürük. Qarabağ münaqişəsi - Ermənistanın dünyadakı vəziyyətilə bağlı bir elementdir. Hazırkı fasilə bir çox şeyləri vəd edir. Dolayı işarələrlə Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə bir sıra izahat verdi, belə ki, Paşinyan daxili siyasi vəziyyətin sakitləşməsi üçün vaxt istədi və bundan sonra Bakı ilə daha konstruktiv danışıqlar başlanacağını bildirib".

Paşinyan Moskva ilə münasibətlərinə də toxunan Karayev vurğulayıb ki, ən çətini Paşinyanın Moskva ilə münasibətlər qurmasıdır: "Putin üçün Paşinyan Cənubi Qafqaz üzrə bütün vacib kartları qarışıq salmış biridir. Moskva ümumilikdə KTMT, Ermənistanda bir çox birgə müəssisələrdə antikorrupsiya işləri ilə bağlı artıq barışıb. Moskva bilir ki, Rusiya-Ermənistan münasibətində bütün konstruksiyalar saxlanılmalıdır. Lakin Paşinyan Putin üçün Nazarbayev, Əliyev kimi liderlər olan dairəyə daxil deyil. O, tamamilə başqa insandır, buna görə də Moskvanın Paşinyanla necə rəftar etməsi aydın deyil. Bir məqamı da diqqətinizə çatdırım ki, yaxın zamanlarda Putin Ermənistanın sabiq prezidenti Robert Koçaryanı ad günü münasibətilə təbrik etdi. Bu, vacib siqnal idi. Görünür, Moskva qarışmamaq taktikasına söykənir. Lakin bu, Moskvanın Ermənistandakı vəziyyəti qəbul etməsi deyil. Sadəcə münasibətlərdə fasilə yaranıb. Fasilənin sona çatması isə ölkələr arasında iqtisadi əlaqələrlə bağlı hansısa hərəkətlə bilinəcək. Əgər Rusiya Ermənistan üçün yeni kreditlər ayıracaqsa, bu, fasilənin sonu deməkdir. Hələ ki, belə bir məqam yoxdur".

PƏRVANƏ

 





14.12.2018    çap et  çap et