525.Az

Prezident: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb"


 

"PAŞİNYAN SONUNUN SARKİSYAN KİMİ OLMASINI İSTƏMİRSƏ, İLK NÖVBƏDƏ, AZƏRBAYCAN TORPAQLARINI İŞĞALDAN AZAD ETMƏLİDİR"

Prezident: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb"<b style="color:red"></b>

Dünən Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.

Dövlət başçısı çıxışında cari il ərzində təkcə idman sahəsində yox, eyni zamanda, siyasi, iqtisadi, sosial, mədəni və digər sferalarda Azərbaycanın əldə etdiyi uğurlardan danışıb, bir sıra vacib mesajlar səsləndirib.

Prezident 2018-ci ildə dünyada bir çox təhlükəli proseslər getdiyini xatırladaq, dövr ərzində beynəlxalq vəziyyətin daha da gərginləşməsinə diqqəti çəkib: "Qanlı toqquşmalar, müharibələr, etiraz aksiyaları və digər hadisələr demək olar ki, 2018-ci ilin mənzərəsini əks etdirir".

Ölkəmizdə isə dövr ərzində sabitlik, təhlükəsizliyin təmin edildiyini deyən ölkə rəhbəri bildirib ki, Azərbaycan öz yolu ilə uğurla gedir və qarşıda duran bütün vəzifələri icra edir: "Əlbəttə, biz dünyada gedən prosesləri izləyirik. Biz bu proseslərə biganə qala bilmərik. Çünki həm Avropada, həm bizim regionumuzda, Yaxın Şərqdə gedən proseslər narahatlıq doğurur".

Bu il Ermənistanda da ciddi dəyişikliklərin baş verdiyini xatırladan prezident vurğulayıb ki, 20 il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çöküb: "Bizim dediyimizi indi erməni xalqı deyir. Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur".

İlham Əliyevin sözlərinə görə, Azərbaycanın yürütdüyü məqsədyönlü siyasət kriminal xunta rejiminin çökməsində öz rolunu oynayıb: "Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq. Bizim təşəbbüsümüzlə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir. Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni, bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salıb".

Əlbəttə, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub. Çıxışında bu məqama da toxunan ölkə rəhbəri o vaxtdan bugünə qədər Ermənistanın  güclü olmayan dayaqlarının daha da laxlayaraq sıradan çıxdığını bildirib: "Bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".

Ermənistanda baş verən son proseslərlə bağlı fikirlərini bildirən analitik Ehtiram Aşırlı qeyd eidb ki, Ermənistanda saxtalaşdırılmış seçkilər Paşinyan hakimiyyətinin Sarkisyan rejimindən fərqlənmədiyini göstərir. O, "Trend"ə bildirib ki, Ermənistanda növbədənkənar parlament seçkilərində qeydə alınan qanun pozuntuları göstərir ki, Nikol Paşinyan qalib gəlmək üçün seçkilərin saxtalaşdırılması yolunu tutmuşdu: "Bu baxımdan Ermənistanda seçkilərin "demokratik" şəraitdə keçirildiyini söyləmək olmaz. Bu amil Ermənistandakı mövcud siyasi vəziyyətin heç də demokratikləşmə xarakterli olmadığını sübuta yetirdi. Maraqlıdır, görəsən, bu pozuntular beynəlxalq təşkilatların hesabatlarında yer alacaq, yoxsa Qərb yenə öz ikitirəli siyasətini nümayiş etdirəcək?"

Analitik bildirib ki, bütün hallarda saxtalaşdırılmış seçkilər N.Paşinyan hakimiyyətinin S.Sarkisyan rejimindən fərqlənmədiyini göstərir: "Paşinyan bu seçkilərə hazırlaşarkən fikirləşirdi ki, xalq onun çıxışlarına və verdiyi vədlərə inanaraq bu seçkilərdə daha fəal olacaq, hətta Ermənistan tarixində görünməmmiş bir seçici fəallığı olacaq. Bəli, Ermənistan tarixində görünməmiş seçki oldu, lakin Paşinyanın düşündüyü kimi deyil. Ermənistanda indiyə qədər keçirilən seçkilərin heç birində bu qədər aşağı seçici fəallığı olmamışdı. Deməli, Paşinyan nə qədər demokratiyadan dəm vursa da, xalqı öz nağıllarına inandıra bilməyib. Ciddi saxtalaşdırmalardan, inzibati resurslardan sui-istifadədən sonra açıqlanan rəsmi rəqəmlərə görə, seçkiyə qatılanların 60-70 faizi, yəni erməni seçicilərinin ümumi hissəsinin yalnız 30-35 faizi Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım" blokuna səs verib. Bundan daha artıq saxtalaşdırma hallarına əl atmaq mümkün olmayıb".

O qeyd edib ki, Ermənistanın yeni parlamentinin tərkibində tez-tez Rusiya əleyhinə fikirlərin səslənməsinin şahidi olacağıq: "Artıq Ermənistanda qeyri-legitim və antirusiya mövqeli bir hakimiyyətin formalaşdığını qeyd edə bilərik. Yeni formalaşacaq parlament tərəfindən gələcəkdə Rusiya əleyhinə sərt fikirlərin səsləndirilməsi və antirusiya mövqeli addımların atılması hökumətin tənəzzülünü daha da sürətləndirə bilər".

E.Aşırlı vurğulayıb ki, Ermənistanda hakimiyyətə kim gəlir-gəlsin, əlbəttə ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini dəyişməyəcək: "Paşinyan sonunun Sarkisyan kimi olmasını istəmirsə, ilk növbədə, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Əks halda Paşinyanın taleyi də Sarkisyan rejiminin sonu kimi olacaq".

Analitik bildirib ki, ümumiyyətlə, Ermənistanda baş verən proseslər sadəcə manipulyativ oyundur, burada seçkilər siyasi elitanın yenidən təşkil edilməsinə hesablanıb.

Ceyhun ABASOV

 





14.12.2018    çap et  çap et