525.Az

BDU-nun Hüquq fakültəsinin 90 illiyi qeyd olunub - Foto


 

BDU-nun Hüquq fakültəsinin 90 illiyi qeyd olunub - <b style="color:red">Foto </b>

Dekabrın 14-də Bakı Dövlət Universitetində (BDU) Hüquq fakültəsinin yaranmasının 90 illiyinə həsr edilən yubiley tədbiri və “Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiya və hüquqi dövlət quruculuğunda hüquq elminin müasir inkişaf tendensiyaları” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

BDU-nun rektoru vəzifəsini icra edən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İradə Əliyeva hüquq fakültəsinin cəmiyyətdəki rolu barədə danışıb. Professor İ.Əliyeva qeyd edib ki, fəaliyyət göstərdiyi müddətdə fakültə on minlərlə yüksək ixtisaslı hüquqşünas kadr yetişdirib. Hüquq fakültəsi ölkədə hüquq elminin inkişafına və hüquq üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir.

Hüquq fakültəsinin dekanı professor Əmir Əliyev fakültənin tarixi, inkişaf yolu və müasir cəmiyyətdə rolu barədə geniş məlumat verib. Ə.Əliyev bildirib ki, Hüquq fakültəsi bu gün BDU-nun aparıcı, nüfuzlu və ən böyük fakültələrindən biridir. Hüquq fakültəsinin tarixi böyük və zəngindir, bu fakültə, demək olar ki, BDU-nun özü ilə yaşıddır. Hüquq fakültəsinin açılmasının zəruriliyi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbil etdiyi “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” 1 sentyabr 1919-cu il tarixli Qanunda da öz əksini tapıb. Ə.Əliyev vurğulayıb ki, Bakı Dövlət Universitetinin (o vaxt Azərbaycan Dövlət Universitetinin) və onun Hüquq fakültəsinin, ümumiyyətlə isə bütün Azərbaycan cəmiyyətinin inkişafında yeni mərhələ 1969-cu ildən- Ümummilli lider Heydər Əliyev respublikaya rəhbər olduqdan sonra başlayıb. Məhz həmin dövrdən etibarən Hüquq fakültəsinin nüfuzu daha da yüksəlib, bu sahədəki alimlərin sırasına azərbaycanlıların cəlb edilməsi böyük vüsət alıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da Hüquq fakültəsinin inkişafı Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Hazırda prezident İlham Əliyev tərəfindən aparılan hərtərəfli uğurlu siyasət nəticəsində elm və təhsil sahəsində qazanılan nailiyyətlər Hüquq fakültəsində də özünü aydın şəkildə göstərir.

İndi Hüquq fakültəsində təhsil bakalavr, magistratura və ikipilləli doktorantura sistemində, Azərbaycan, ingilis, alman və rus dillərində aparılır. Beşinci ildir ki, Hüquq fakültəsində daimi Dissertasiya Şurası fəaliyyət göstərir. Fakültədə Tələbə Elmi Cəmiyyəti, Tələbə Həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı fəal şəkildə çalışır. Bu fakültə Prezident təqaüdçülərinin sayına görə BDU-da öncül yer tutur. Hüquq fakültəsində “İnsan hüquqları və informasiya hüququ” YUNESKO kafedrası Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın YUNESKO və digər beynəlxalq təşkilatlarla apardığı uğurlu birgə fəaliyyətin məntiqi nəticəsi olaraq, 2015-ci ildə imzalanmış sazişə əsasən yaradılıb”.

Ə.Əliyev Hüquq fakültəsinin inkişafında və yüksək səviyyəli hüquqşünas kadrların hazırlanmasında xüsusi rolu olan görkəmli alimlərin də adlarını ehtiramla xatırlayıb.

Milli Məclisin Birinci vitse-spikeri, professor Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Elmira Süleymanova, Ankara Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı Muharram Özen, Kazan Federal Universitetinin Hüquq Fakültəsinin dekanı Liliya Bakulina və başqaları da mərasimdə çıxış ediblər. Onlar hüquq elminin inkişafında və yüksəkixtisaslı hüquqşünas mütəxəssislərin hazırlanmasında BDU-nun Hüquq fakültəsinin fəaliyyətini yüksək dəyərləndirib, müəllim və tələbələrə yeni nailiyyətlər arzulayıblar.

Sonra Ədliyyə və Daxili İşlər nazirliklərinin, Baş Prokurorluğun və digər dövlət orqanlarının, o cümlədən ali təhsil müəssisəsi rəhbərlərinin təbrik məktubları oxunub. Fakültənin professor-müəllim heyətindən bir qrupuna fəxri fərmanlar, təşəkkürnamələr təqdim edilib.

Almaniya, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstandan da tanınmış hüquqşünasların qatıldıqları konfrans 6 bölmədə, 180-dən çox məruzənin dinlənilməsi ilə bölmə iclaslarında davam etdirilib.

Yılmaz SƏFƏROV
BDU-nun Hüquq fakültəsinin I kurs tələbəsi







 





14.12.2018    çap et  çap et