525.Az

Bələdiyyə sədrləri ilə bağlı cinayət xarakterli 16 fakt üzrə materiallar prokurorluğa göndərilib


 

Bələdiyyə sədrləri ilə bağlı cinayət xarakterli 16 fakt üzrə materiallar prokurorluğa göndərilib<b style="color:red"></b>

“Məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin yüksəldilməsi üzrə əsaslı tədbirlər görülür”.

APA-nın məlumatına görə, bu barədə məlumat ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə nazirliyin bu gün keçirilən kollegiya iclasında səsləndirilib. Bildirilib ki, bu ilin birinci yarısında icra işlərinin sayı 26,5% artaraq 142.200-ə çatıb, onlardan 96.500-nin icrası təmin edilib, hüquqi və fiziki şəxslərə 56 milyon manatdan çox vəsaitin ödətdirilməsinə nail olunub. Qərarların icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 1.300 şəxs inzibati məsuliyyətə cəlb olunub. Məhkəmə qərarlarını qərəzli olaraq icra etməyən şəxslərlə bağlı 136 cinayət işi başlanıb, 1.832 nəfər borclunun ölkədən getmək hüququ məhdudlaşdırılıb.
 
Eyni zamanda qeyd olunub ki, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırması mexanizmi xeyli təkmilləşdirilib, insan hüquqlarının təmin olunması baxımından qadağanın daha çevik götürülməsi məqsədilə icra xidmətində “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi quraşdırılıb, nazirliyin internet saytında qadağa qoyulmuş şəxslərin müəyyən edilməsinə dair elektron xidmət işlənilərək istifadəyə verilib.

Bu ilin 6 ayında inzibati nəzarət qaydasında 30 minə yaxın bələdiyyə aktına baxılıb, 1155 akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən bələdiyyə sədrləri inzibati məsuliyyətə cəlb olunub, cinayət xarakterli 16 fakt üzrə materiallar prokurorluğa göndərilib.
 
Məhkəmə ekspertizası sahəsində nazirliyə 36 ekspert ixtisası üzrə 11 mindən çox iş daxil olub, ekspertlər 113 minədək suala cavab verməklə qaldırılmış məsələlərin 99,5%-ni həll edib. Eyni zamanda, ekspertiza növlərindən 4-nün beynəlxalq standartlara cavab verməsi ilə bağlı müvafiq sertifikat verilib.
 
Dövlət Proqramının mühüm istiqamətlərindən olan beynəlxalq hüquqi əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verilərək, Hindistanla mülki və ticarət, habelə cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya haqqında dövlətlərarası müqavilələr, Çinin Ədliyyə Nazirliyi ilə əməkdaşlığa dair yeni Saziş, Fransanın Milli Məhkəmə-prokurorluq Məktəbi ilə Ədliyyə Akademiyası arasında Əməkdaşlıq haqqında Protokol imzalanıb. Həmçinin, beynəlxalq öhdəliklərdən irəli gələn hüquqi yardım, ekstradisiya məsələlərinin icrası ilə bağlı beynəlxalq sorğu və sənədlərin sayı 5800-ə yaxın olub, xaricdə məhkum olunmuş soydaşlarımızın öz ailələrinə yaxın ərazidə cəza çəkmələri üçün Azərbaycana gətirilməsi prosesi davam etdirilib.
 
İclasda ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ aktların layihələri müzakirə olunaraq qəbul olunub, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

 





29.08.2013    çap et  çap et