525.Az

Qatı millətçilik zərərli vərdişdir...


 

Qatı millətçilik zərərli vərdişdir...<b style="color:red"></b>

fəlsəfə elmləri doktoru, professor
[email protected]
www.raliyev.az   

Mən deyərdim ki, çətin müalicə olunan xəstəlikdir. Bəzi xalqlarda bu, irsi xarakter daşıyır və onları məhvə doğru gedən yolla aparır.

Millətçilik və ya şovinizm ağacının yetişib kök atdığı yerdə vətənpərvərlik toxumu axtarmaq sadəlövhlük olar. Bu anlayışlar bir-birinə o qədər ziddir ki, heç ən münbit torpaq da onlara eyni dərəcədə həyat bəxş edə bilməz. Halbuki ətrafımızda eyni torpaqdan su içib böyüyən, bir-birinin yanında qol-budaq atan o qədər fərqli ağaclar var ki... Onların arasında faydalılar da var, zərərli olanlar da... Amma bir-birini məhv etmədən böyüyür, məhsul verirlər.

Yəqin ki, bu müqayisədən sonra vətənpərvərlik toxumu ilə millətçilik adlı yabançı alaq otunun nə qədər fərqli məfhumlar olduğunu daha aydın təsəvvür etdiniz. Çünki bu iki anlayış arasındakı fərqi dərk etmədən biz xarakterimizdə onlardan hansının öz əksini tapdığını söyləyə, vətənpərvər, yoxsa millətçi olduğumuzu dərk edə bilmərik. Təəssüf ki, bəziləri bu həqiqəti qəbul etməkdə çətinlik çəkir və ya acizlik göstərirlər – millətçiliyin vətənpərvərlikdən yarandığını iddia edir və ictimai fikrə təsir göstərirlər. Belə olmasaydı, qəlbi başqa xalqlara qarşı nifrətlə döyünən, daxilini kin-küdurət, qəzəb və ədavət bürümüş kəslər özlərini ağızdolusu xalqın, millətin himayədarları, vətənpərvər adlandırmazdılar. Ən acınacaqlısı isə belələrinin arasında kifayət qədər savadlı, yüksək intellektli və geniş biliklərə malik insanların olduğunu görməkdir. Özlərini necə adlandırırlarsa adlandırsınlar, mən onlara ən yaxşı halda bu adı verərəm – “turşuya qoyulmuş vətənpərvərlər”.  Onlar millətçilik anlayışını əllərində bayraq edib əsl simalarını onun kölgəsində gizlədir, bu ad altında öz məkrli əməllərini həyata keçirirlər. Əslində isə həmin kəslərin nə əsl vətənpərvərlik, nə də millətçilik barədə kifayət qədər təsəvvürləri yoxdur. Belə olmasaydı, sinələrinə döyüb “Biz vətənpərvərik” deməzdilər. Nə qədər təəssüfverici məqam olsa da, həyatımızın gerçəkliyi budur.

Məqalədə irəli sürdüyüm fikirləri birbaşa həmin “vətənpərvər”lərə ünvanlayıram. O, “vətənpərvər”lər ki, ikili həyat sürməyə alışıb, həqiqətdə isə hansı mənsəbə xidmət etdiklərini heç özləri də  bilmirlər. O kəslər ki,  demək olar, hər gün millətçilikdən, ayrı-ayrı xalqlara və millətlərə bəslənilən nifrətdən bəhs edən “təhlili” məqalələr yazır, yayır, oxuyur, amma indiyə kimi sözügedən anlayışın əsl mahiyyətinə varmayıblar.

Əlinə qəzet alıb gözün “vətənpərvər”lərdən hansınınsa soyadına sataşan kimi dərhal anlayırsan ki, danışan onların qəlblərini əsir almış lovğalıq və təkəbbürlülük hissidir. Artıq bu insanların ətraf aləmə təcavüzü o həddə çatıb ki, onlar bunu oxuculara zorla ötürməyə çalışırlar. Hesab edirlər ki, tez-tez deyilən yalanların bir hissəsini də olsa, insanlara “ucuz” qiymətə sırıyacaqlar. Təəssüf ki, belələri bəzən məqsədlərinə qismən də olsa, çatırlar. Öz ruhlarını zəhərlədikləri millətçilik və təcavüzkarlıq toxumlarını başqalarının da bağına, torpaq sahəsinə – qəlbinə səpməyə çalışırlar.

Tanrıya şükürlər olsun ki, bizim intellektual mühitimizdə öz məkrli əməllərini kimlərinsə sadəlövhlüyündən istifadə edərək həyata keçirən bu cür “kələkbaz”ların sayı o qədər də çox deyil. Sadəcə, onların həddən artıq fəal olmaları bizdə saylarının çox olması kimi yanlış təəssürat yaradır. Cəmiyyətə tutarlı faktlarla təsdiq olunmamış məlumatlar ötürməklə bu saxta vətənpərvərlər ya qəsdən, ya da bilməyərəkdən kimlərinsə məkrli tapşırıqlarını yerinə yetirir və sabitlik baxımından ciddi problemləri olan bizim yaşadığımız meqaregionda bir az da çaxnaşma yaratmağa çalışırlar. Bir qayda olaraq, həmin “kələkbaz”lar özlərinə elə daimi obyekt seçirlər ki, istər-istəməz onları bilmək belə ətrafdakıları qıcıqlandırmağa, özündən çıxarmağa (zəif insanlarda adətən belə olur – R. Ə.), nifrətdən asılılıq yaratmağa, hər şeyə və hamıya kin-küdurətlə yanaşmağa kifayət edir. İki-üç səhifəlik materialda insanı sakitləşdirən bir neçə söz belə tapmaq olmur. Belələrinin fəaliyyətini uzun müddət təhlil etmiş şəxs kimi deyə bilərəm ki, başqalarını təhqir etmək, alçaltmaq, heysiyyətə toxunmaq vərdişi getdikcə asılılıq halına gəlir, psixikanı pozur və onun yönümünü dəyişir.

Nümunə üçün götürək elə qonşularımız olan erməniləri... Millətçi-şovinizm virusu onlara ana südü ilə keçib desək, qətiyyən yanılmarıq. Hələ bələkdə ikən erməni qadınının körpəsinin qulağına pıçıldadığı ilk cümlə “Türk sənin düşmənindir” olur. Millətçiliyin zərərli toxumundan heç cür qurtula bilməyən zavallı ermənilər məhz bu üzdən əbədi əzaba düçar olublar. “Ağacı içindən qurd yeyər” deyib atalar. Onların ürəklərində xeyirxahlığa, sevgiyə, mərhəmətə yer qalmayıb artıq. Dünyaya belə gəlib, belə də gedirlər onlar. Dini baxışlarına baxmayaraq, həyatda başlıca missiyalarının ilahi vəhdətə qovuşmaq deyil, başqa millətlərin nümayəndələrini məhv etmək olduğuna inanırlar. Əbəs yerə demirlər ki, millətçilik və təcavüzkarlıq erməniliyin xislətindədir. Nümunəvi xalqdır. Belə yaranıblar.

Bu məqaləni yazmaqda məqsədim erməni millətçiliyini tətqiq və tənqid etmək deyil. Qətiyyən... Bu, sadəcə, başqa xalqlara və millətlərə qarşı təcavüzkar münasibətin hansı acı nəticələrə gətirib çıxartdığını göstərmək üçün tarixdən bizə yaxşı tanış olan bir nümunə idi. Millətçiliklə vətənpərvərliyi müqayisə etmək üçün zənnimcə, bundan yaxşı nümunə ola bilməz. Bir vacib məqamı unutmayaq – millətçiliyin yaranması və mövcudluğu üçün əsas şərt qarşıda düşmənin olmasıdır. Əgər düşmənin yoxdursa, millətçilik toxumunun cücərib göyərməsi üçün münbit şərait də olmur və nəticədə o, məhvə doğru gedir.

Bəşər tarixi göstərir ki, “millətçilik” bəlasına mübtəla olanlar həyatdan daima narazı qalan, başqalarının intellektinə paxıllıq edən, uğurlarına qısqanclıqla yanaşanlardır. Çox güman ki, buna səbəb onların öz çarəsizliklərini dərk etmələridir. Həyatda heç nə əldə edə bilmədikləri üçün başqalarının irəli getməsi onları qıcıqlandırır.

Əminliklə deyə bilərəm ki, millətçilik nə öz ideoloquna, nə bu bəlaya yoluxdurduğu millətə, nə də “müdafiə” etdiyi xalqa xeyir gətirmir. Bir sözlə, millətçilər millətin dostu deyillər...

Vətənpərvərliyə gəlincə, o, millətçilik anlayışının tam əksidir. Vətənpərvərin daimi düşməni yoxdur və ola da bilməz. Buna görə də onlar heç vaxt başqa xalqlara və millətlərə qarşı kin və nifrət təbliğ etmir, insanlar arasında düşmənçilik toxumu səpən ideologiya formalaşdırmırlar. Bir qayda olaraq, vətənpərvər şəxs sakit şəraitdə bacardığı qədər yalnız öz xalqının mənafeyinə xidmət edir, onun adını ucalara yüksəltmək üçün əqli və hətta maddi imkanlarını belə əsirgəmir. Vətənpərvər insanın missiyası xalqına və ölkəsinə sadiq olmaqdır. Kim nə deyirsə desin, bizim əcdadlarımız məhz belə vətənpərvər olublar. Onların bizə miras qoyduqları bu irsi – daxili aləmimizi dəyişməyə kiminsə gücü yetməz.

İstisnalar da olur! Özünü xalqın “təəssübkeşi” hesab edən bəzi “millətçi”lər həmvətənlərinə qonşu xalqlara qarşı əsassız kin və küdurət hissi aşılamağa çalışırlar. Bu məqamda “Milçək bir şey deyil, amma ürək bulandırır” məsəli yada düşür. O ürək bulandıran milçəklə kimin necə mübarizə apardığı isə hamıya yaxşı bəllidir. Özü bir şey olmasa da, onu qovmaq və ya məhv etmək üçün xeyli güc, əsəb sərf olunur, insanların əhvali-ruhiyyəsi pozulur. Bir masa ətrafında oturan 10-12 insanın diqqətini cəmləşdirməyə imkan vermir, elə hey vızıldayır.

Tərəflərin ortaq maraqlarını nəzərə alaraq, normal ikitərəfli münasibətlər qurmaq və dostluq əlaqələri yaratmaq əvəzinə saxta millətçilər tarixin gerçəkliyini, yüzilliklərlə formalaşmış birgə yaşayış tərzini, əsrlərin sınağından çıxmış təcrübəni, ənənəni, heçə sayaraq, öz zərərli vərdişlərinə davam edirlər. Bu vərdişlər isə zaman-zaman onların psixikasını dəyişərək, real xasiyyət kimi formalaşır. Nəticədə onların nifrətlə döyünən ürəklərində yaxşılığa, paxıllıq toxumu cücərtdikləri ruhlarında yüksək mənəvi dəyərlərə yer qalmır. Özlərindən asılı olmayaraq, bu şəxslər yalnız neqativ axtarır, bu dalğaya yüklənir və ətrafa yalnız mənfi enerji yayırlar. Onlardan fərqli olaraq, vətənpərvərləri bu cür hisslər tamamilə yaddır. Onların aurası müsbət enerji və rahatlıq gətirir.

Zənnimcə, düşündüklərimi aydın şəkildə ifadə edə bildim. Tanrıya min şükür ki, xalqımız millətçilik virusuna yoluxmayıb. Sahib olduğumuz vətənpərvərlik hissi insanları bir-birinə düşmən edən, xalqlar arasına nifaq toxumu səpən, əsassız, çürük, məhdud, qatı millətçiliyə qarşı layiqincə mübarizə aparacaq gücə sahibdir. Qəlbimizin alovlandığı vətənpərvərlik hissi millətçilik toxumunun cücərmədiyi istənilən torpaqda, istənilən şəraitdə qol-budaq atıb şaxələnməyə qadirdir.

 





30.08.2013    çap et  çap et