525.Az

“Məktəblinin kitabı” layihəsi başa çatdı - Fotolar


 

“Məktəblinin kitabı” layihəsi başa çatdı - <b style="color:red">Fotolar </b>

Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə ədəbiyyata, mütaliəyə maraq yaratmaq  üçün AzEdu.az ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsi başa çatıb.

Dekabrın 15-də Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında layihə çərçivəsində mükafatlandırma tədbiri baş tutub.

QUA-nın sədri Sevinc Fədainin verdiyi məlumata görə, layihə məktəblilərdə kitaba sevgi, müataliə vərdişi yaratmaq, eyni zamanda uşaqların az yaşdan sosiallaşmasına şərait və onlar arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyıb:

“Oktyabrın 21-ində başladılan layihə, əslində, noyabrın 21-də başa çatdırılmalı idi, ancaq məktəblilər tərəfindən böyük maraq və istəklərə əsasən vaxtı uzadıldı və dekabrda yekunlaşdırıldı. Layihədə ümumilikdə 60 məktəbli iştirak etdi ki, onlardan 16-sı müxtəlif bölgələrdən, 44-ü isə Bakının məktəblərindən oldu.

Mükafatlandırma  mərasiminə isə Bakıdan, Neftçaladan, Şəkidən, Goranboydan və Ağsudan olan 38 məktəbli şagird qatıldı.  Layihəyə  qoşulan şagirdlər, tədbirdə valideynləri ilə birlikdə tədbirdə iştirak etdilər. Qaliblər və onluğa düşən məktəblilərlə yanaşı, layihənin digər iştirakçıları da sertifikat və kitab hədiyyəsi ilə mükafatlandırıldı”.

Onun sözlərinə görə, layihənin birinci  mərhələsində paytaxt və bölgələrdən olan məktəblilərin fotosu və oxuyub bəyəndikləri bədii əsərlərin siyahısı QUA və AzEdu.az-ın "Feysbuk" və "İnstaqram" səhifələrində paylaşılaraq ictimaiyyətə təqdim edilib:

“İkinci mərhələdə isə QUA və AzEdu.az komandası tərəfindən həmin ədəbiyyat siyahıları arasından ən  yaxşı 10 siyahı seçilib. Sonuncu – qaliblərin müəyyənləşdirilmə mərhələsini ictimai şəkildə həyata keçirərək layihənin məqsədinə çatmağa daha çox nail olmuş olduq. Qalibləri ölkənin dəyərli ziyalılarından ibarət münsiflər  heyəti – Milli Məclisin deputatı Fazil Mustafa, şair Rüstəm Behrudi, naşir, "Altun Kitab" nəşriyyatının rəhbəri Rafiq İsmayılov, "Hədəf" Şirkətlər Qrupunun baş direktoru Şəmil Sadıq, Azərbaycan Yazıçılar Birliyinin Gənclər üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, şairə Kamalə Abıyeva və uşaq yazıçısı Vüqar Haqverdiyev müəyyən etdi.

İlk onluğa düşən şagirdlərə oxuduqları əsərlər barəsində suallar verməklə, müxtəlif məzmunlu müzakirələr aparmaqla  iştirakçıları 10 ballıq sistemlə qiymətləndirdilər. Təşkilatçıların verdiyi bal toplam bala əlavə olunaraq qaliblər müəyyən edildi. Tədbir çox böyük maraq və coşqu ilə keçdi və münsiflər heyəti, eləcə də məktəblilər və valideynləri layihənin davamlı olmasını arzuladıqlarını bildirdilər. Bir müddətdən sonra layihə daha geniş şəkildə yenidən ictimaiyyətə təqdim ediləcək. Çox sevindiricidir ki, “Altun” və “Hədəf” nəşrlər evinin də layihəyə dəstəyini gördük və bütün iştirakçı məktəblilər məhz bu nəşriyyatların kitabları ilə mükafatlandırıldı".

Layihənin qalibləri Nurməmmədov Nuran, Quliyev Həsən və Vəlizadə Nihad olub. Layihənin ən böyük iştirakçısı, Xəzər Universitetinin Dünya məktəbinin 9-cu sinif şagirdi Əsədli Nadir isə təxminən eyni balla münsiflərin  fərqləndirdiyi  məktəbli kimi yadda qalıb. Layihənin ən kiçik iştirakçıları Qəmər Babayeva, Yusif Cəbili və Yusif Yaqubov isə tədbirə xüsusi gözəllik qatıb.

 





17.12.2018    çap et  çap et