525.Az

Sözü səsi ilə ucaldan sənətkar


 

Sözü səsi ilə ucaldan sənətkar<b style="color:red"></b>

Təsəvvür edin ki, körpə bir uşaqsınız. Anasız-atasız nənə qoynuna sığınıb, böyümək istəyirsiniz, qoca, ağsaçlı nənənin ətəyindən yapışıb, yaşamaq istəyirsiniz. Atalı-analı uşaqlara baxıb, gecələr gizlin ağlayır, gündüzlər isə hər kəsin gözünə məğrur, dik baxırsınız. Min əziyyətlə böyüyən, böyüdükcə ətrafdakı insanların qəlbinə yol tapan, öz sənəti ilə irəliləyən Ağalar Bayramov da belə bir maraqlı yol keçib.

Onun həyat və sənət yolu həm də buna görə dəyər kəsb edir. Bu yazını sənətkarın doğum gününə hədiyyə kimi yazıram. İnsanlığına və sənətkarlığına görə ona dərin minnətdarlığımı bildirirəm.

Ağalar Bayramovu yaxından tanıyan biri kimi deyil, bir teatrşünas kimi onun həyat və yaradıcılığından danışmaq istəyirəm. Bu günədək yazılmış saysız-hesabsız məqalələrdən hər kəs onun kim olduğunu gözəl bilir. Eyni zamanda, sənətkarın mütəmadi olaraq efirlərdə çıxışı, bədii qiraəti ilə ölkəmizi xaricdə layiqincə təmsil etməsi hər kəsə bəllidir. Tədbirlərdə, bayramlarda, xüsusi günlərdə özünəməxsus, məlahətli səsi ilə qəlbləri oxşamağı gözəl bacarır. Xalq şairi Fikrət Qoca demişkən: “Ağalar Bayramov sanki söylədiyi şeirlərin müəllifidir. Heç kəs başqasının şeirini bu cür içdən söyləyə bilməz”.  Bəli, Xalq şairinin fikirlərini təsdiqləyərək söyləmək istəyirəm ki, elə bir məclis ola bilməz, orada Ağalar bəy şeir söyləyə, insanlar laqeyd qala.

O,  aktyordur, eyni zamanda, gənc aktyorlara dərs keçən pedaqoqdur. Bədii qiraət ustasıdır, eyni zamanda, bədii qiraətilə qəlbləri oxşayan sənətkardır. Onun qiraətində hərarətli bir nəfəs var, bu nəfəs Ağalar Bayramovun ürəyindən insanların qəlbinə axır.

Bu sənətdə onun özünəməxsus imzası var. Hər kəsə nəsib olmayan istedadı ilə qəlbləri oxşayır, öz qabiliyyəti ilə sənətkar şeirə rəng qatır, hətta adi şeirlər belə onun ifasında canlanıb ruha yaxın olur. Sənətkarın yaradıcılıq yolu, səsləndirdiyi şeirlər kimi həzin, axıcı, ürəkoxşayandır.

O, həm bədii qiraətçidir, həm də aktyor. Tək aktyorun teatrı! Bu, onun özünəxas bir teatrdır. Təəssüflər olsun ki, o, Bədii Qiraət teatrını yaratmayıb. Ümid edirəm ki, bir gün sənətkar özünün teatrını da yaradacaq. Çünki onun saysız-hesabsız tələbələri və sevənləri var. İnanıram ki, bir gün teatr yaratsa, kifayət qədər tamaşaçısı və sevənləri ətrafına toplanacaq.

Ağalar Bayramov hər kəsin qəlbində tez bir zamanda özünə yer tapır. Maraqlıdır ki, körpə uşaqlar da Ağalar bəyi çox sevir - bunun şahidiyəm. Uşaqla uşaq, böyüklə böyükdür. Öz nəvələrindən danışarkən isə gözlərində ayrı bir aləm canlanır. Gözlərindəki sevinc qəlbindən gözlərinə axan sevincin işartısıdır.

O, düzgün, dəqiq, dürüst insandır. Qarşısındakı insandan da eyni münasibəti gözləyən,  sözü üzə deyən, mərd biridir. Ətrafında çoxlu dostları var. Onu təkcə Azərbaycanda deyil, xaricdə də sevib, yaradıcılığını izləyirlər. Bəlkə də onu Ağalar edən onun xarakterindəki kişilikdir! İnsanın xarakterindəki müsbət keyfiyyətlərin çoxluğu mühüm amildir. Məhz bu cür xarakterinin olması onu sənət və həyat yollarında irəliyə aparıb.

O, hər il Xocalı faciəsinin ildönümündə və digər anım günlərimizdə səhnədə, efirdə sadəcə şeir səsləndirmir, şeirlə birgə ağlayır, narahat ruhlara təskinlik yayır.. İnsanın şeirlə doğulub-şeirlə ölməsi məhz onun bədii qiraətində özünü göstərir. Bədii qiraət ustası hansı janrda şeiri səsləndirirsə, o janrın qəhrəmanına, şeirin döyünən ürəyinə çevrilir. Şeir onun yaradıcılığında başqa bir şəkil alır, yenidən doğulur...

Ağalar Bayramov yaradıcılığına heyran olan bir neçə söz-sənət adamı ona şeir həsr edib.

Sahib Abdullayevin Ağalar Bayramova yazdığı şeirdə də sənətkara yüksək dəyər verilir.

Səsində nisgil var,
ah var, aman var,
Məni azdıracaq çən var,
duman var.
Ölüb dirilməyə,
vallah, güman var,
Səsin məni yurda haraylar,
qağa.

Həqiqətən də onun səsindəki məlahət insanların qəlbini tez bir zamanda ovsunlayır.

Ağalar bəy tələbələrinin inkişaf etmələrindən ötrü əlindən gələni əsirgəmir, getdiyi tədbirlərə, bayramlara tələbələrini də aparıb, onları cəmiyyətə təqdim edir.

Çörək qədri, dost qədri biləndir. Dostu arxadan vurmaz, yalan danışmaz. Buna görə də respublikanın tanınmış simalarının, görkəmli şəxslərinin bir çoxu onunla yaxından yoldaşlıq edirlər. Bilirlər ki, o, etibar ediləsi insandır. Bu gün belə insanlar sözün həqiqi mənasında azdır.

Ağalar Bayramova sual verirəm:

- Yenidən doğulsaydınız, yenə bu sənətə gələrdinizmi? Axı siz bu qabiliyyətlə hansı sənəti seçsəydiniz, uğur qazanardınız.

Cavab verir:

- Bundan sonra yüz canım olsaydı, yenə də Sənətkarlığı, Bədii qiraəti seçərdim.

Sual verirəm:

- Nə üçün məhz bədii qiraət?

Gülümsəyərək deyir:

- Çünki mən şeirlərlə nəfəs alıram, şeirlərlə ilhamlanıb, şeirlərdə yaşayıram.

Tamilla ƏLİYEVA
ADMİU-nun “Səhnə danışığı” kafedrasının əməkdaşı, teatrşünas

 





17.12.2018    çap et  çap et