525.Az

Ermənistan-Rusiya münasibətləri daha da gərginləşir


 

PAŞİNYANA YAXINLIĞI İLƏ SEÇİLƏN MEDİA ORQANLARI RUSİYAYA QARŞI KƏSKİN FİKİRLƏR SƏSLƏNDİRİR, DİGƏRLƏRİ İSƏ HAZIRKI VƏZİYYƏTİN YARANMASINDA ERMƏNİ BAŞ NAZİRİN GÜNAHKAR OLDUĞUNU DÜŞÜNÜRLƏR

<b style="color:red">Ermənistan-Rusiya münasibətləri daha da gərginləşir</b>

Ermənistanda Serj Sarkisyanın hakimiyyətdən uzaqlaşdırılmasıyla nəticələnən etiraz aksiyalarından sonra baş nazir kürsüsünü ələ keçirən Nikol Paşinyanın yürütdüyü siyasət Rusiya ilə ziddiyyətləri daha da dərinləşdirib.

Hələ müxalifətdə olarkən Moskva və onun aparıcı rol oynadığı Avrasiya İqtisadi İttifaqı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı çıxışları ilə yadda qalan N.Paşinyanın hazırda Kremlə yaxınlaşma cəhdləri heç bir fayda vermir. Çünki Rusiya prezidenti Vladimir Putin qərbpərəst mövqeyi ilə tanınan Ermənistan baş nazirinin səmimiyyətinə inanmır, ona etibar etmir. Kremlə yaxın siyasi dairələrdə hesab olunur ki, N.Paşinyan Rusiyanın təşəbbüskarı olduğu KTMT, Avrasiya İttifaqı kimi qurumların fəaliyyətinə xələl gətirmək, müttəfiq ölkələr arasında qarışıqlıq yaratmaq məqsədi güdür. Təsadüfi deyil ki, dekabrın 9-da növbədənkənar parlament seçkilərinə Ermənistanın eks-prezidenti Robert Koçaryanı yenidən həbs edərək gedən N.Paşinyanın "siyasi qələbə"si Rusiyada xoş qarşılanmayıb, nə prezident V.Putin, nə baş nazir Dmitri Medvedev, nə də Dövlət Dumasının sədri Vyaçeslav Volodin onu bu münasibətlə təbrik edib. Opponentlərini - "Qarabağ klanı"nın üzvlərini parlamentdən tamamilə sıxışdırıb çıxaran, hətta bunun üçün müxtəlif təzyiq metodlarından istifadə edən, kütləvi həbslər həyata keçirən N.Paşinyan Ermənistanda tamamilə yenilənmiş təkhakimiyyətlik yaradır. Bu vəziyyət Paşinyanı hakimiyyətə gətirən xalq kütlələrini də çaş-baş salıb. İki qrupa bölünən əhalinin bir qismi Paşinyanı dəstəkləməyə davam edir, digərləri isə gözləntilərinin boşa çıxdığını, uzun illərdir Ermənistanda yığılıb qalan problemlərin heç də həllini tapmayacağını anlayıblar.

Erməni mediasında da özünü göstərən bu, ikitirəlik işğalçı ölkədə vəziyyətin yenidən gərginləşmə ehtimallarını artırır. Paşinyana yaxınlığı ilə seçilən media orqanları Rusiyaya qarşı kəskin fikirlər səsləndirir, digərləri isə hazırkı vəziyyətin yaranmasında bilavasitə erməni baş nazirin günahkar olduğunu qeyd edirlər.

"Hraparak" qəzeti yazır ki, Ermənistanla Rusiya arasında münasibətlər günü-gündən daha da qəlizləşir. Artıq 8 aydır ki, baş nazir səlahiyyətlərini icra edən N.Paşinyan hələ də rəsmi şəkildə Rusiyaya dəvət olunmayıb.

Ermənistanla Rusiya arasında təbii qazın idxalı ilə bağlı müqavilənin ilin sonunda başa çatacağını xatırladan qəzet yaxın günlərdə mavi yanacağın satışı ilə bağlı məsələnin KTMT müstəvisində üzv dövlətlərlə müzakirə olunacağını qeyd edib. Hazırda Rusiyadan ən ucuz qiymətə təbii qaz alan ölkələr Belarus və Ermənistandır. Erməni mediası İrəvan-Moskva müasibətlərinin gərgin vəziyyətdə olmasının bu məsələyə təsirsiz ötüşməyəcəyini düşünür.

Rusiyadan N.Paşinyana təbrik gəlməməsini gündəmdə saxlayan erməni KİV-i  Kremlə yaxın dairələrdən gətirilən bəhanələri qəbul etmir. Bəzi rusiyalı siyasətçilər parlament seçkilərinin ikinci dərəcəli məsələ olduğu üçün V.Putinin erməni baş naziri təbrik etməməsində qəbahət görmürlər. Ancaq erməni mediası xatırladır ki, 2017-ci ildə Ermənistanda keçirilən parlament seçkiləri zamanı "qələbə" qazanan Respublika Partiyası və onun rəhbəri S.Sarkisyan V.Putin tərəfindən təbrik edilmişdi.

Paşinyana yaxınlığı ilə seçilən Ermənistanın "Birinci" İnformasiya Agentliyi isə Rusiya prezidentini hədəfə alıb. Həmin saytda dərc olunan "Putin Koçaryanın simasında özünü, Paşinyanın simasında isə cəlladını görür" başlıqlı yazıda nəinki Rusiya prezidentinin, həmçinin, Avrasiya İttifaqına daxil olan digər ölkələrin rəhbər şəxslərinin Ermənistan baş nazirini təbrik etməməsi Paşinyanın "uğuru" kimi qiymətləndirilir, həmin dövlətlər geridəqalmışlıqda, avtoritarizmdə ittiham olunur. Bildirilir ki, Avrasiya klubuna daxil olan ölkələr guya Paşinyandan çəkinirlər, ona görə də ehtiyatsız bəyanatlar vermək istəmirlər.

Sayt, həmçinin yazır ki, Rusiyanın Gümrüdəki hərbi bazası Ermənistan üçün təhlükə mənbəyidir. Kremlin təzyiqlərindən qorunmaq üçün bazanın ləğv olunmasını vacib hesab edən erməni mediası rus hərbçilərini Gümrüdə bir sıra cinayət hadisələri törətməkdə ittiham edir.

QHT sədri Arşak Qasparyan Gümrüdə erməni qadının öldürülməsi məsələsiylə bağlı "Lragir"ə verdiyi açıqlamada bildirib ki, rusiyalı hərbçilərin Ermənistanda törətdiyi cinayət hadisələri artmaqda davam edir. A.Qasparyan hesab edir ki, Ermənistanın yeni rəhbərliyi bu problemi həll etməlidir.

Ceyhun ABASOV

 





18.12.2018    çap et  çap et