525.Az

Qrafik, rəngkar, pedaqoq və... insan


 

XALQ RƏSSAMI RAFİQ MEHDİYEVİN XATİRƏSİNƏ

Qrafik, rəngkar, pedaqoq və... insan<b style="color:red"></b>

Bəlkə də bu yazıya başqa ad vermək olardı. Elə adamlar var ki, onların çoxcəhətli həyat fəaliyyəti, gördüyü işlər, reallaşdırdığı arzular, barələrində olan yazılara ən müxtəlif adlar seçməyə imkan verir.

Bu il anadan olmasının 85 illiyini qeyd etdiyimiz Xalq rəssamı, Prezident təqaüdçüsü, professor Rafiq Mehdiyev də belələrindəndir. Təbiətən sakit, həlim, çox danışmağı sevməyən, sözü üzə deyən, səmimiyyətilə seçilən dostlarımızdan idi. Onun həyat yolu sənət aləmində, ictimaiyyətdə çoxlarına bəlli olsa da, bu nurlu şəxsiyyətin yaşadığı ömür şərəfli və dərin səhifələrlə doludur.

Rafiq Mehdiyev 1933-cü ildə qədim Naxçıvan torpağının ucqar guşəsi sayılan Şahbuzda anadan olmuşdu. O, Bakıda orta məktəbi bitirdikdən sonra əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq məktəbində (1948-1953), sonra isə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun Qrafika fakültəsində (1953-1958) təhsil almışdı.

1985-ci ildə mən onu İncəsənət İnstitutuna (indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) müəllim işləməyə dəvət etdim. 1987-ci ildə isə o, Rəssamlıq fakültəsinə dekan seçildi. Onun institutda işlədiyi dövr ərzində rəssamlıq fakültəsi çox böyük inkişaf yolu keçmiş oldu. Yeni-yeni ixtisasların açılmasında, görkəmli sənət adamlarının Rəssamlıq fakültəsinə cəlb olunmasında onun xidmətləri böyükdür. İnstitutda işlədiyi dövr ərzində müəllimlikdən professor səviyyəsinə qədər yüksəldi. Həmçinin, Xalq rəssamı adına da layiq görüldü. O, gözəl rəssam olmaqla yanaşı, sənətinə hörmətlə yanaşan peşəkar pedaqoq idi. 

Yadımdadır, 1988-ci ildə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Rəssamlıq Akademiyasının rektoru, SSRİ Xalq rəssamı, akademik Boris Uqarovun dəvəti ilə Sankt Peterburq Akademiyasının təşkil etdiyi beynəlxalq konfransa və akademiyanın diplom müdafiələrinin baxışına dəvət olunmuşdum. Mən ora özümlə Rafiq müəllimi də aparmışdım. Konfransda Rafiq müəllim Azərbaycan qrafika sənətinin inkişaf yolları haqqında çox maraqlı məruzə ilə çıxış etdi. Məruzə çox böyük maraqla qarşılandı. Tənəffüs zamanı akademik Boris Uqarov mənə yaxınlaşaraq: "Rafiq Mahmudoviç Azərbaycan qrafika sənəti haqqında çox gözəl məruzə etdi" - deyə təşəkkürünü bildirdi.

Rafiq müəllim gözəl ailə başçısı, son dərəcə təvazökar, sadə bir insan idi. Dostlarımızın hamısının xatirindədir ki, elə bir məclis və ya toy olmazdı ki, Rafiq müəllim ömür-gün yoldaşı, Əməkdar müəllim Roza xanımla birgə hazırladıqları valsı yüksək səviyyədə nümayiş etdirməsinlər.

Rafiq müəllim Moskvada təhsilini başa vurub Bakıya döndüyü illər Azərbaycan mədəniyyətinin, incəsənətinin yüksəliş dövrü idi. O, böyük həvəslə bu yüksəlişi quranların cərgəsinə qoşuldu. Əslində, onun təhsildə bəxti gətirmişdi, yaxşı müəllimlərdən dərs almışdı, qrafika sənətini, buradakı mürəkkəb texnikaları incəliklərinə qədər mənimsəmişdi. Onun sənət müəllimi görkəmli rus rəssamı, professor Nikolay Ponomaryov olmuşdu. Rafiq müəllim öz müəllimindən çox şeyi əxz eləmişdi. Artıq 50-ci illərin sonunda o, dəzgah qrafikasının mürəkkəb növlərindən olan ofort texnikasında mənzərə əsərləri işləməyə başladı. Qeyd edim ki, 60-70-ci illərdə orijinal ofort yaratmaq hər rəssama nəsib olmurdu. Rafiq Mehdiyev məhz həmin illərdə öz orijinal ofortlarını yaratdı. Hesab edirəm ki, onların içərisində "Səhər" və "Axşam" kompozisiyaları xüsusi yer tutur. Mənzərə və tematik xarakterli hər iki əsər kənd mövzusunda olub, bir-birini tamamlayırdı. Bu iki əsər həm kompozisiya, həm də məzmun etibarilə oxşar idilər. "Səhər" kompozisiyasında kəndin səhər çağı, günəş şüalarının ətrafa yayılması, kolxozçuların işə, uşaqların dərsə getməsi təsvir olunub. Digər tabloda isə hər şey əksinədir - günəş şüaları dağların ətəyindən çəkilib gedir, ətraf kölgələnir, uşaqlar məktəbdən, zəhmətkeş insanlar işdən - tarladan, fermadan evlərinə qayıdırlar. Rəssam bu iki əsərdə kənd həyatının mayası zəhmətlə yoğrulmuş bir iş gününü əks etdirmək istəmişdir. Hər iki rəsm olduqca canlı, həyati və dinamik təsir bağışlayır.

Ofortla yanaşı, rəssam linoqravüra, litoqrafiya, monotipiya və başqa qrafika texnikalarında da işləyib. Yaradıcılığının erkən mərhələsində Rafiq Mehdiyev əsasən kənd mövzusunda qrafik rəsmlər yaradırdı. Həmin dövrdə sovet incəsənətində "sosializm realizmi" deyilən istiqamət, cərəyan hökm sürürdü və rəssamlardan kənd həyatına dair əmək, zəhmət mövzularında əsərlər yaratmasını tələb edirdi. Lakin fikrimcə, Rafiq Mehdiyevin yaradıcılığının erkən dövründə (həm də sonrakı dövrlərdə) üstün olan kənd mövzusu heç də bu tələbdən irəli gəlmirdi. O, təbiətən kənd mövzusuna bağlı idi. Qoynunda doğulub böyüdüyü Şahbuz mənzərələri, əzəmətli Salvartı, Üçqardaş zirvələri, səfalı Badamlı bulağı, mənzərəli Batabat gölü onun uşaqlıq yaddaşına hopmuşdu. Doğrudur, o, hələ uşaq ikən ailəsi ilə Bakıya köçmüşdü, sonrakı həyatı Bakı ilə bağlı olmuşdu, ancaq o xatirələr əbədi olaraq yaddaşında iz buraxmışdı. Rəssam ruhən doğma yerlərə bağlanmışdı, o yerləri sevirdi. Onun kənd mənzərələrinin kökündə məhz bu sevgi dayanırdı.

Rafiq Mehdiyevin yaradıcılığının ikinci əsas sahəsi kitab qrafikası, illüstrasiya sənəti olmuşdur. Ötən əsrin 50-60-cı illəri respublikada həm də kitab çapının intibah dövrü idi desək, yəqin ki, yanılmarıq. Həmin dövrdə Azərbaycan klassikləri ilə yanaşı, müasir şair və yazıçıların, rus və dünya ədəbiyyatı incilərinin əsərləri Azərbaycan dilində yüksək tirajla buraxılırdı. Rafiq Mehdiyevin bu sənətə gəlişi o illərə təsadüf etmişdi. Artıq o dövrdə, hətta daha əvvəlki dövrlərdə kitab qrafikası sahəsində ciddi nailiyyətlər əldə olunmuşdu. Əmir Hacıyev, Qəzənfər Xalıqov, İsmayıl Axundov, Kazım Kazımzadə, bir qədər sonra Maral Rəhmanzadə, Davud Kazımov, Sadıq Şərifzadə, Oqtay Sadıqzadə, Elmira Şahtaxtinskaya milli kitab qrafikası sahəsində həqiqi sənət inciləri yaratmışlar. Nizami, Xaqani, Məhsəti, Füzuli, Nəsimi, Vaqif, Sabir və başqa klassiklərimizin, dünya ədəbiyyatı xəzinəsindən Şekspir, Höte, Balzak, Hüqo, Drayzer, Turgenev, Qorki və başqalarının kitablarına çəkilmiş illüstrasiyalar bu gün də öz gözəlliyi, mükəmməlliyi ilə diqqəti cəlb edir. Əslində, bu gün belə illüstrasiyalar yox dərəcəsindədir. Kitab tərtibatı artıq çoxdandır ki, kompüter qrafikası vasitəsilə həyata keçirilir.

Bununla belə, həqiqi sənət itmir, qiymətdən düşmür və həmişəyaşardır. Rafiq Mehdiyevin illüstrasiya sahəsində qazandığı ilk nailiyyətlər ötən əsrin 50-ci illərinin sonu - 60-cı illərə təsadüf edir. 1966-cı ildə böyük Azərbaycan maarifçisi, yazıçı-dramaturq və jurnalist Cəlil Məmmədquluzadənin 100 illik yubileyi keçirilirdi. Yubiley təkcə Azərbaycanda deyil, bütün SSRİ miqyasında qeyd olunurdu. Bu münasibətlə yazıçının əsərləri nəşr edilir, yaradıcılığı başqa xalqların dillərinə tərcümə olunurdu. Rafiq Mehdiyevin böyük yazıçının irsinə müraciət etməsi də əsasən həmin dövrə təsadüf edirdi. O, C.Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları", "Poçt qutusu", "Saqqallı uşaq", "Qurbanəli bəy" və başqa hekayələrinə maraqlı illüstrasiyalar işləmişdi. Rafiq Mehdiyevin illüstrasiyalarında milli xarakterlə yanaşı, həm də milli məişət və dekorativlik üstündür. R.Mehdiyev isti rənglərdən daha çox istifadə etməklə milli xarakteri və məişəti daha qabarıq əks etdirirdi.

Mirzə İbrahimovun "Gələcək gün" romanına, Həsən Seyidbəyli və İmran Qasımovun "Uzaq sahillərdə" povestinə, Nikolay Poqodinin "Tüfəngli adam" ssenarisinə çəkdiyi rəsmlər onun illüstrasiya sənəti sahəsində qazandığı nailiyyətlərdən xəbər verirdi. Bu əsərləri o, hələ gənclik dövründə işləmişdi, lakin sənət nailiyyəti artıq göz qabağında idi.

Qeyd etmək lazımdır ki, Rafiq Mehdiyev Mehdi Hüseynzadə obrazına geniş rakursda yanaşmış, onu illüstrativ müstəvidən qaldıraraq portret janrına yaxınlaşdırmış, bununla da obrazın xarakterinin əsas cəhətlərini - qəhrəmanlığını, alicənablığını, qətiyyətini daha qabarıq nümayiş etdirə bilmişdir.

N.Poqodinin "Tüfəngli adam" və M.İbrahimovun "Gələcək gün" əsərlərinə çəkilmiş illüstrasiyalar da rəssamın yaradıcılığının erkən dövrünə aiddir. Linoqravüra texnikasında işlənmiş bu rəsmlər özünəməxsusluğu və təsir qüvvəsi ilə diqqəti cəlb edir.

Rafiq Mehdiyevin qrafikası təmiz, aydın, işıqlıdır. O, rənglərdən yerində və qədərində istifadə etməyi bacarırdı. Məhz buna görə də rəssamın əksər rəsmləri təbii, həyati və dolğun təsir bağışlayır. Rəssam həmçinin, ağ-qara qrafikada da maraqlı əsərlər yaratmışdır. Əsasən monotipiya texnikasında işlənmiş bu əsərlər lakonik kompozisiya həlli, sadə bədii ifadə formaları ilə yadda qalır. "Kənd", "Qadın uşaqla birlikdə", "Yağışdan sonra", "Bazarda" rəsmləri təbii və inandırıcıdır.

Rafiq Mehdiyevin yağlı boya ilə işlədiyi tablolar nə bədii və texniki kamillik, nə də forma və məzmun etibarilə qrafik irsindən geri qalırdı, bəlkə də onu üstələyirdi. Rafiq müəllim təbiətən rəssam idi, sənəti növlərə bölmək onun üçün böyük önəm daşımırdı. Həm də o, artıq gənclik illərindən müntəzəm surətdə yağlı boya ilə mənzərə və tematik tablolar işləyirdi. Rafiq müəllimin güclü rəng duyumu vardı, təbiətin zəngin koloritini palitrasının rəngləri ilə dolğun, olduğu kimi əks etdirməyi bacarırdı. Onun əsasən kənd mövzusunda işləmiş olduğu "İstirahət", "Üzüm yığanlar", "Təzə xəbər" və başqa rəsmləri yaradıcılığında mühüm yer tutur. Rafiq Mehdiyevin yaradıcılığında kənd həyatı, təbiət lövhələri mühüm yer tuturdu. Maral Rəhmanzadə, Elmira Şahtaxtinskaya, Nadir Əbdürrəhmanov, Böyükağa Mirzəzadə, Asəf Cəfərov, Kamil Xanlarov, Baba Əliyev, Əyyub Hüseynov və bir çox başqaları kimi Rafiq Mehdiyevin də adı Azərbaycan təbiətinin və kəndinin ümumiləşdirilmiş uğurlu bədii simasını yaradan rəssamların cərgəsinə əbədi daxil olub. Rəssam bölgələrə həsr etdiyi əsərlərində Azərbaycan təbiətinin əsl bədii surətini canlandıra bildi. Çox zaman təbiət mənzərələrindəki lirik motivlər zəhmət mövzusuna da sirayət edirdi. Onun kənd zəhmətkeşləri seriyasından olan "Çay yarpağı yığanlar" tablosu Lənkəran mövzusuna həsr olunub. Lənkəran və ümumiyyətlə cənub bölgəsi bir çox rəssamların yaradıcılığında əks olunub ki, bunlardan Böyükağa Mirzəzadə, Asif Cəfərov, Maral Rəhmanzadə, Nadir Qasımov və başqalarının adlarını çəkə bilərik. Bu sırada Rafiq müəllimin də adı xüsusi yer tutur. "Çay yarpağı yığanlar" əsərində xarakterik simalar, milli geyim nümunələri, təbiət lövhələri də diqqəti cəlb edir. Ümumiyyətlə, bu əsər lirik planda işlənmişdir və bu cəhət rəssamın başqa əsərlərində də özünü büruzə verir. İstər-istəməz B.Mirzəzadənin "Bizim Lənkəranda", M.Rəhmanzadənin "Lənkəran qızlarının rəqsi" əsərləri yada düşür. Bu əsərlər ruzi-bərəkətli Lənkəran torpağına, onun zəhmətkeş, həyatsevər insanlarına həsr olunmuş ən yaxşı işlərdəndir və çox yaxşı haldır ki, Rafiq müəllimin sözügedən tablosu da onların arasındadır.

Rafiq Mehdiyev təkcə Azərbaycan təbiətini deyil, digər ölkələrin, bölgələrin təbiətindəki lirik mənzərələri də məharətlə əks etdirib. Bu barədə danışdıqda onun yaratdığı "Senej gölü" adlı mənzərə əsəri yada düşür. Senej gölü Rusiyada, Moskva vilayəti ərazisində yerləşən kiçik, amma çox yaraşıqlı bir göldür, ətraf yerlərin səfalı təbiəti, yumşaq iqlimi vardır. Rafiq Mehdiyev bu yerlərdə olmuş, istirahət etmiş, həm də rus torpağının bu kiçik incisini böyük məhəbbətlə təsvir etmişdir.  Rəssam Rusiya mövzusunda bir çox başqa əsərlərin də müəllifidir.

Rafiq Mehdiyevi bir rəssam kimi, bir qədər də dəqiq desək, illüstrasiya ustası kimi səciyyələndirən əsas cəhətlərdən biri də uşaq mövzusudur. Mən qəsdən bu mövzunu sona saxlamışam. Öncə bunu xatırlatmaq istərdim ki, Rafiq müəllim özü də həyatda uşaq kimi saf, məsum bir insan idi. Bəlkə də uşaqlara olan böyük sevgisi elə burdan qaynaqlanırdı. Təsadüfi deyil ki, o, çoxlu sayda uşaq kitabının tərtibatçısı olub. Bəlkə də kiməsə uşaq kitabını bədii cəhətdən tərtib etmək asan görünə bilər. Əslində isə bu, digər kitabların bədii tərtibatından daha çətindir, mən deyərdim ki, qat-qat çətindir. Lakin Rafiq müəllim bu çətinliyin öhdəsindən asanlıqla gəlirdi. Onun "Düyməcik", "Utancaq oğlan", "Qarışqa", "Yelləncək" kimi uşaq kitablarına verdiyi bədii tərtibat işləri bunu bariz şəkildə əks etdirir.

Rafiq müəllim yaradıcı mühitdə yetişən bir sənətkar idi. Bu mühit elə onun ata-baba ocağından başlanırdı. Bu yerdə mən istedadlı şair Tofiq Mahmudun adını çəkmək istərdim. O, Rafiq müəllimin böyük qardaşı idi. Tale elə gətirmişdi ki, o, ədəbiyyatda daha çox uşaq şairi kimi ad qazanmışdı. Tofiq Mahmud 60-80-ci illərdə uşaq ədəbiyyatını inkişaf etdirən şairlərimizdən olub, kökü Sabirdən, Abbas Səhhətdən, Abdulla Şaiqdən gələn ənənələri ləyaqətlə davam etdirib. Bu iki istedadlı insanda - şair təbiətli rəssamda və rəssam təbiətli şairdə uşaq sevgisi qoşa qanad kimi yanaşı pərvazlanırdı.

Rafiq müəllimin yaratdığı sənət ənənələri bu gün onun övladı, Əməkdar rəssam Rəşad Mehdiyev tərəfindən layiqincə davam etdirilir.

Vaxt hiss edilmədən ötür. Bir neçə gün bundan əvvəl - noyabrın 28-də Rafiq müəllimin dünyadan köçməsinin 9 ili tamam oldu. Lakin bu illər ərzində o unudulmadı, yaddaşlardan silinib getmədi. Və əksinə, onun yaradıcılığına maraq gündən-günə artmaqdadır.

 





18.12.2018    çap et  çap et