525.Az

Elmira Axundova jurnalistlərə müraciət etdi


 

MİLLƏT VƏKİLİ MEDİA TƏMSİLÇİLƏRİNİ HƏR HANSI BİR ÜÇÜNCÜ QÜVVƏNİN ƏLİNDƏ ALƏTƏ ÇEVRİLMƏMƏYƏ, CƏMİYYƏTDƏ NÜFUZ QAZANMIŞ İNSANLARI LƏKƏLƏMƏYƏ ÇALIŞMAMAĞA ÇAĞIRDI

Elmira Axundova jurnalistlərə müraciət etdi<b style="color:red"></b>

"Anar Məmmədov barəsində cinayət işinin açılması və bu işin Bakı Ağır Cinayətlər məhkəməsində baxılacağı xəbəri məni qətiyyən təəccübləndirmədi. Çünki, bu şəxs baş redaktoru olduğu "Criminal.az" və "Criminalaz. com" saytlarında həqiqəti əks etdirməyən yanlış məlumatlar dərc edərək, çox vaxt təxribat törətməklə məşğuldur".

Bu fikirləri millət vəkili, Xalq yazıçısı Elmira Axundova mətbuata verdiyi açıqlamasında bildirib.

A.Məmmədovun dövlətə, bir sıra dövlət adamlarına qarşı yönələn yalan və böhtan xarakterli məlumatlar yayaraq çox ciddi qanun pozuntuları törətdiyini vurğulayan millət vəkili qeyd edib ki, baş redaktor uzun müddətdir ki, onun və ailəsinin haqqında da yanlış məlumatlar yayıb:

"Keçən ilin payızında onun saytı hətta Fövqəladə Hallar Nazirliyi kimi yüksək dövlət qurumunun rəsmi cavabını saxtalaşdırmaqdan belə çəkinməmişdi. Bu dezinformasiyanı həmin qurum adından oğlum Həbib Axundov haqqında verilən rəsmi cavab kimi təqdim edərək öz saytlarında yayımlamışdı. Bu barədə bizim vəkillərimiz FHN-dən rəsmi məlumat almışdırlar. Biz bilirik, o, bu dezinformasiyanı kimlərin sifarişi ilə yayaraq ictimailəşdirib. Bu barədə biz vaxtında Mətbuat Şurasına şikayət etmişdik və qurum Anar Məmmədova ciddi xəbərdarlıq etmişdi. Mənim özümə isə məsləhət görülmüşdü ki, biz şantajçını 147-ci maddə ilə məhkəməyə verək. Lakin mən Anar Məmmədovun hər halda jurnalist olmasını nəzərə alaraq bu addımı atmamışam. O isə mənim humanist yanaşmamdan qətiyyən nəticə çıxarmadı".

Açıqlamasında jurnalistlərə müraciət edən E.Axundova onları hər hansı bir üçüncü qüvvənin əlində alətə çevrilməməyə, hakim və prokuror funksiyalarını öz üzərlərinə götürməməyə, cəmiyyətdə özünü təsdiqləmiş, hörmət qazanmış insanları əbəs yerə ləkələməyə çalışmamağa çağırıb: "Bu barədə Milli Məclisdə dəyərli həmkarlarım da dəfələrlə öz etirazlarını bildiriblər. Bu cür qanun pozuntularına yol vermək cinayətdir və belə insanlar heç vaxt cəzasız qalmayacaqlar. Bizə  və digər şəxslərə qarşı ədalətsiz mövqe tutan, şantajla məşğul olan bir sıra mətbu orqanların rəhbərləri artıq layiqli cəzasını alıblar". Misal kimi "Gündəlik Bakı" qəzetinin baş  redaktoru Habil Vəliyevin adını çəkən millət vəkili sonda bu siyahıya yeni adların əlavə edilməsini arzulamadığını bildirib.

 





19.12.2018    çap et  çap et