525.Az

Fikrət Qocanın poetik dünyası


 

Fikrət Qocanın poetik dünyası<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda)

Fikrət Qoca "Mən torpağam" şeirində bütün qəlbiylə bağlı olduğu torpağına sevgisini tərənnüm edir. Xalqını, torpağını hər şeydən uca tutan şairin lirik qəhrəmanı qürbətdə şah olmaqdansa, bu torpaqda ölümünü daha üstün tutur.

Bu çöllər, bu düzlər bağçam, bağımdı,
Dağlara baxıram şah durmaq üçün.
Laləli yamaclar al bayrağımdı,
Onun ətəyindən öpərəm hər gün.

Bütün insanlığı sevən, bəşəri duyğuları güclü olan lirik qəhrəman millətini dünyada tək bilməsə də, daha ali varlıq kimi qəbul etdiyini gizlətmir, vətənpərvər şairin gözündə "onun qozbeli də daha qəşəngdi". Bu vətən uğrunda "min kərə" ölüb-dirilən, düşməninə yenilməyən, onda qisasını qoymayan, bu torpaq yolunda başı çəkən müsibətlərə mərdliklə dözən, dözüm, səbir dəyanəti ilə tarixə düşən bir vətən oğlu kimi

Bu yerin uğrunda biz çəkənlərə
Torpağın özü də bəlkə dözməzdi,

- deyir. Fəxr edir ki, bu torpaqda doğulub, bu yurdun övladıdır:

Odlar diyarında doğulmuşuq biz,
Odlara alışdıq, yandıq, qaraldıq.
Kim bilir, nə boyda, xalq olmuşuq biz,
Milyon il alışdıq, bu qədər qaldıq...

Tarixə üz tutur. İşğalçı dünyanın iyrənc əməllərinə olan nifrətini, qəsbkarların torpağında törətdiyi vəhşilikləri yada salır. Torpaqda yadellilərdən qorunmaq üçün ulu babalarımızın qurduğu qəsrləri, qalaları, ucaltdıqları qüllələri, o qüllələrdə gecə-gündüz keşik çəkən, düşmənlərin həmləsini dəf edən, mühasirəyə düşdükləri zaman dözüm, mətanət nümayiş etdirən igidlərimizin şücaətini vəsf edir:

Əyninə geyilsə, öz vətənimiz
Oğlunun əyninə bir az da dardı.
Min il burda ölüb-dirilmişik biz.
Bura həm beşikdi, həm də məzardı.

Zülmün bayrağını torpağa endirən, bu gün o qüllələri, qalaları muzeyə dönən vətən torpağına sevgi ilə köklənmiş şeirdə şairin ülvi sevgisi verilir."Cəngi" şeirində o igid, mərd babalarının qüdrət və şücaətinə söykənən şair ənənəvi kişilik qüdrətini önəmə gətirir. Üç bığıburma kişinin oturub qəm içində giley-güzarına hirslənir, "ay canım, ağzında kişi deyirsən" dediyi in-sanların yadına Koroğlu cəngisini, qılınc və sazını salır:

Cəngiyə oyanıb yatan babalar,
Başını bayraq tək tutan babalar.
Niyə giley nədir heç bilmədilər,
Öldülər, amma ki, əyilmədilər.

"Min-min oğulu", "min-min qızı" olan bir vətəndə onların qəzəbindən dəniz odlanar, burdan Berlinəcən adlarını tarixin döyüş səhifələrinə yazan, qardaşlıq məzarlarında uyuyan igidlərimizin mərd baxışlarını tərənnüm edir. İnnən belə də diləyi budur ki, anaların laylay yerinə beşik başında "Cəngi"si gurlasın,.. zaman-zaman yetişən o mərdlər, igidlər yenə də yetişsin... Şairə ilham verən şanlı tariximiz, eyni zamanda, bu vətən torpağının təbiəti, havası, torpağı, suyudur. "Mənim ilhamım" şeirində şairə ilham verən bunlardır:

Bu çöllər, bu düzlər, zərif çiçəklər,
Bərəkətli payız, laləli bahar,
Xoş xəbər daşıyan sərin küləklər,
Möcüzə yaradan adi adamlar
Mənim şöhrətimdi, eşqim, adımdı,
Mənim ilhamımdı, istedadımdı.

Dağın ətəklərində tikilmiş evləri "çoban papağına" oxşadır; bu evlər, bu ellər, analarımızın "şirin laylası", "körpə bala-ların gilas gözləri", qocalarımızın "nağıl dünyası", nəbiləri, həcərləri  vəsf edilir.

Yurdunun hər qarışını, Azərbaycan ellərini tərənnüm edən, ilhamını vətən torpağından alan  "odlardan doğulan", "nəğmələrdən yoğrulan" kəlmə-kəlmə Azərbaycan ellərindən yığılan şairin sazında "Kürün səsi", "bulaqların zümzüməsi" var, təşrif buyurduğu dünyanın başqa ellərinə bu mahnıyla, dost sevgisiylə, "odlu ürəklə" gedən, qəlbi baharla dolu şair Astarasının, Ağdaşının, Lənkəranın... füsunkar ana təbiətin gözəlliyindən vəcdə gələn azərbaycanlı balasıdır. Bir yanı dəniz, bir yanı dağlarla əhatə olunmuş Astara qartallarının oylağına "körpüsü dağ, yolu dağ" görür.

Gözəlliyi körpə kimi
Yatır çiçək beşiyində.
Baharlanıb yamacları,
Nəğmələrin keşiyində.
Sərhədçi tək möhkəm durub
Uca boylu ağacları
Astaranın.

Burada aldığı nəfəsi "gül ətri", "quş səsi"ni, küləyinin Astaranın "nəğməsi" bilir. Dost bildiyi kəslərə sinəsində bəslədiyi məhəbbətin fövqündə lirik şair çiçəkləri belə işıq saçan Astaranın təbiətini, ona doğma olan zəhmətsevər insanlarını tərənnüm edir. Bu vətən torpağının hər guşəsində dəyişən, gözəlləşən, insan əlləri ilə cənnətə dönən yurdunun gözəlliklərindən vəcdə gələn şair qəlbinin kövrək səsini duyuruq:

Büllur sularına günəş enibdir,
Bağlar çəpərləri aşıb-daşıbdır.
Damların nə yaman hündürlənibdir,
Evlərin nə yaman cavanlaşıbdır.

"Ağdaş meşələri" şeirində təbiətin gözəl guşələrindən biri olan Kür üstündəki böyük meşə zolağına vurulan yaraları şair ürək ağrısıyla dilə gətirir.

Dili "lal" danışa bilməyən meşənin çəkdiyi zülümlərini, ağrılarını insan ağrı-acısı kimi ifadə edir. İndi o ağacların doğrandığı, yerində bağ-bostan əkildiyini görən şair gördüyü mənzərədən qısılan ürəyinin səsini eşidir:

Bu meşənin dili yoxdu danışa,
Ağacların ayağı yox, qaçalar,
Bu ağacdı dözüb, dolub bu yaşa,
Adam olsa on yaşında qocalar.

Dumduru, ayaq altda "bulanmış", "küsüb" torpaq altına çəkilmiş bulaqlarını, baltalanan qovaqlarını, yuvasız qalıb qırı-lan qırqovullarını göz önünə gətirir, meşəni yanıqlı bir bayatıya bənzədir, "Orda, burda kötükləri qaral"an, meşədən əsər-əlamət qalmayan bir yerdə tənha gördüyü qarağac da şairə dərdli, qüssəli görünür:

Qarağac da tək qalıbdı darıxır,
Yay girməmiş yarpaqları bürüşür.
Bu yerlərin cüyür yadından çıxıb,
Orda-burda qoyun iti hürüşür.

"Kəndimiz oyanır" F.Qocanın torpaq, yurd sevgisini özündə əks etdirən poetik cəhətdən gözəl şeirlərindən biridir. Kəndin gözəlliyi bütün incəlikləri ilə tərənnüm olunur. Sübhün al şəfəqlərinə boyanan, kəndin sübh çağını tərənnüm edən şair gördüyü mənzərənin poetik ştrixlərini cızır:

Səhər-səhər
reyhanları üzüsulu,
qızılgülləri gözüyuxulu
kəndimiz oyanır.
Şırıl-şırıl
sağılır qızıl inək.
Evlərin pəncərəsi - qızıl eynək,
Eyvanda gərnəşir qızlar
əynində qızıl köynək,
kəndimiz oyanır.

Hin damından həyətə tökülərək qapıya baxıb, dən gözləyən toyuqlar, balasını əzizləyib yalayan inəklər, kövşək vura-vura balasını əmizdirən camış kəndin reallıqlarıdır. Şair bu mənzərədə havada "təzə süd ətri" duyur:

Arxdan elə bil
Buğlana-buğlana süd axır.
Adam nəfəs almır,
sinəsinə hava yığır.
 
Gün doğan vaxtı Günəşi "dəcəl uşaq kimi" dırmaşıb qayanın başına qalxan, ocaqları tüstülənən görən şair bir azdan burada qaynayacaq qazan kimi bərqərar olan həyat eşqini, yanan ocaqları, təndirlərdə yapılan al-qırmızı çörəkləri, çöllərdə, düzlərdə təbiəti laləzara çevirəcək qabarlı zəhmətkeş əllərini, onların hərarətli, mehriban, soyuq ürəklərə od ələyən baxışlarını vəsf edir. Salamlarını hər sinədə yanar ocaq bilir, "təndirdən çıxmış çörək kimi əli yandıracaq", - deyir. Bu yay səhər şehində "ayağımı, əlimi yumağa" kəndə gedəcəyini bildirən şair kənddə onu gözləyən xoş anların xəyalıyla yaşayır:

Nənəm evin küncünə atacaq
əlindəki yumağı.
Yenidən başlayacaq
nənəmin dərsi, öyüdü.
Üstündən də bir kasa
isti inək südü.
Ayaqyalın gəzəm gərək
nə olsun ayaqdır,
deyil ürək.

Şairin ürəyi darıxıb, o tozlu yollar üçün, o uşaqlıq illəri üçün, o qayğısız ömür üçün...

O da darıxır
kənd yolunun
isti tozundan ötrü.
Qulaqlarım darıxıb
kənd qızlarının
utancaq söhbətindən, sözündən ötrü.
Naxıra gedərəm bir gün
Özüm-özümlə söhbət üçün.

Təbiətin gözəlliklərinə məftun şairin tamarzı qaldığı gözəlliklər var; istədiyi budur ki, yaşıl otlar üstündə uzansın, kirpiklərinə "ilişsin sərin bir meh", uşaq kimi yüyürsün, atılsın çaya, üzsün "o taya, bu taya..."

Bu yay böyük arzularım var,
yerinə yetirəm gərək,
yoxsa boşalır ürək.

"Düzlər" şeirində də torpağa bağlı bir ürəyin hərarətini duyuruq. Eyni zamanda, şairin torpaq, yer, göylə bağlı incə fəlsəfi fkirlərini görürük. Hər il şumlanan, əkilən, biçilən düzlər insan kimi nitqləndirilir. İnsana üz tutan bu düzlər insan kimi danışır:

Günəş kimi gündəliyik,
Həyat kimi adi sözük.
Hər il astarımızı
üzünə çevirib geyirsiniz.
Hər süfrədə bizi yeyirsiniz.
Şeirinizdə dağlar,
mahnınızda dağlar...
canım, ədalət var,
haqq var.

"Biz anayıq sizə, ana", - deyən torpaq sərilmişik ayağınızın altına. Dağların bizə üstdən aşağı baxdığını, sel-suyu üstdən aşağı axdığını, əzəldən dünyanın belə olduğunu deyir:

Ayağının altındakını döyər,
başının üstündəkini öyər.

Düzləri kimi ağacları ilə də söbətləşməyi bacaran ustad şairin poetik hisslərinin ana vətənin hər bir varlığına olan sevgisindən doğduğunu qeyd etməliyik. Yol kənarında "dostu" bildiyi ağaca hər il, hər bahar baş çəkən lirik qəhrəman gəlib ürəyinin sirrini "xəlvətcə" ona söyləyir:

Neçə illərin
dostuyuq.
Aramızda
yalan olmayıb.
Biz qanırıq
Bir-birimizi;
bizim dilimizi
qanan olmayıb.

O ağac gəzə bilmədiyindən "gəlib dəyə bilmir" ona. Həssas şair bilir ki,

Ayrı vaxt deyə bilmərəm,
baharda
mütləq düşürəm könlünə.
Məni baharda
mütləq arzulayır,
günləri yox
anları sayır.
Pıçıldamaq istəyir mənə
qışda nələr çəkib başı.
Hər bahar mütləq gəlirəm,
heç danışmasa da bilirəm.

Özünü o ağacın "insan qardaşı" sanan şair onun da hər il dəyişdiyini, gövdəsinin qırışlarının dərinləşdiyini, hər bahar öz yaşı artdığı kimi o ağacın da yaşının artdığını, özünün saçı ağarsa da, qocalsa da  yeriyə bilməyən o dostuna söylədiyi arzu-istəyi var:

Nə qədər canımda
taqət var,
gərək
hər bahar gələk,
bir-birimizi görək.
Sən mənə ürəyini boşalt,
Mən də sənə dərdimi danışım.
Mənim yol yanındakı,
tənha qardaşım.

"Çörək" şeirində təbiətin neməti olan çörəyə hörmət və ehtiramı görürük.

Şeirdə çörəyə qayğı, hörmət, ehtiram ideyaları əsas götürülür. Burada bir tikə çörək - ovxalanıb yerə tökülən, tullanan, zibilliyə atılan çörək çörək olana kimi min əldən gəlib keçir. "Bir insanın doğulmassı kimi zəhmətdir". Onun əkilməyi, biçilməyi, yığılmağı, döyülməyi, bişirilməyi, çörək olmağı birdən-birə başa gəlmir. Çörək minlərlə insan övladının əməyi, zəhməti nəticəsində əldə edilir" (G.Pənah).

Bala,
çörəyi ovxalama!
Çörəyi toza bulama!
Çörəyi tullama!
Çörəyi zibilə qatmayın,
evdən çıxartmayın.

"Əkilməyi, biçilməyi, yığılmağı, bir insanın doğulmağı kimi zəhmət"in bəhrəsi olduğunu, çörəyin "bərəkət", qızıldan qiymətli "zinət" olduğunu söyləyir. Dənizlərdə qağayıların da artıq yemi olan, çörək umuduna qaldığını, örüş yerinin də qəhətə çıxdığını deyir:

Ac uşaq kimi
adamın üstünə qaçır,
baxır əlinə.
Örüş yeri də qəhət olub,
quzu var, doğulandan
ot dəymir dilinə.
Bizimlə bir süfrədə
çörək yeyir.
Şüşədən süd əmir.

İndi "əkəndə yox, biçəndə yox, yeyəndə çörəyə şərikimiz"in çoxaldığını deyən şair ona görə çörəyi zibilliyə atmamağı məsləhət görür ki,

dünya qarışsa,
çörəyimiz barıta dönüb alışsa,
indi zibilliyə tullanan,
toz içində qızıl
qırıntısı kimi yanan
çörəklər gələcək
gözümüzün qabağına.
Onların sarısı çökəcək
gözlərimizin ağına...

Şair bu gözəl nemətin qədrini bu gün bilməyimizi məsləhət görür. Müharibəni, aclığı öz gözləri ilə görüb, çörəyin insan üçün həyat mənbəyi olduğunu unutmur.

Torpaq şairin poetikasında bənzərsiz özəllikləri ilə verilir. İnsan-Torpaq cütlüyündə həyat var. İnsan əsrlərə bac verən, "yer əkən", "biçən", torpaq kimi səbirlidir.

Bu torpağı əkənlərin
istedadı torpaqdadı,

- deyən şair kəndlinin torpaq kimi dözümünü, süfrəsinin rənginin, dadının torpaqda olduğunu lirik dillə verir:

Torpaq onun nəğməsidi,
həvəsidi, nəfəsidi.
O, torpağın balasıdı,
torpaq onun nəvəsidi.

Torpağı balası kimi əzizləyən, ondan bar-bəhər gözləyən kəndlinin özünün də, doğmalarının da, bütün kəndli bacı-qardaşlarının eşqi, odu torpaqda olduğunu görüb:

Anam, bacım torpaq - deyə,
sözümə yaxşı bax - deyə,
o, torpağa əyildikcə
adı-sanı qalxır göyə,
Şöhrəti-şanı qalxır göyə.
Kəndli-bacı qardaşımın
yüksək adı torpaqdadı.

Zəhmətkeş insanın, alın təri torpağa qarışan, torpağı sevgiylə, tərilə bəsləyən kəndlinin əməyi qabardılan bu ruhlu şeirlərində F.Qoca torpaq şairi, vətən şairi kimi diqqəti çəkir. G. Pənahın bu fikirlərinə haqq qazandırmaq olar ki, "Fikrət Qoca əməyə, zəhmətə bağlı sənətkardır və onun nəzərində insan öz zəhməti ilə əldə etdiyi yaxşı işiylə öyünə bilər. Yaxşılıq insanın əxlaq kodeksidir. O, Adəm övladı olmasıyla fəxr edir.

Bu şeirdə şairin öz fəlsəfi duyğuları şeirə çevrilir. Şairin fikrincə, o, "çörək dərdi", "məhəbbət acısı" çəkməsə, zəhmət çəkib alın təri töküb bir şey qazanmasa, öz qazancı ilə yaşamasa, rahat, qayğısız bir aləmdə yaşasa, "rahatlıqdan ölərəm", - deyir".

Torpağının, ana yurdu Ağdaşının, qoca desə qəlbinin sınacağından ehtiyatlı tərpənən "ağbirçəyi, uca çinar"a, "sən, yaşlıdan yaş soruşma, ayıb işdir", - deyir:

Yüz illərdi oturmusan
yol yanında,
çay başında;
Yüz illərin söhbəti var qırışında,
duruşunda,
baxışında.

İnsan oğlunun hər gün yolu burdan keçir, ayaq izləri bura həkk olunub. Üst-üstə düşsə də, bir-birinə bənzəməyən ayaq cizgiləri var onun "həyatından keçən"...

Yüz illərdi bu şəhərə
gəlib-gedən
qolunun altından keçir,
sənin həyatından keçir.
Çox görmüsən saf ürəklə
gələnləri,
min fərəhlə gedənləri...
Top-tüfənglə gələnlər də
gəlib, amma od-alovu
sönüb gedib.

Şair qəlbinin həmdəmi, ulu çinara xor baxana "sən qənim ol, ana çinar", - deyir.

 





19.12.2018    çap et  çap et