525.Az

Türkiyə yeni sınaqlardan da inamla çıxmaq əzmindədir


 

Türkiyə yeni sınaqlardan da inamla çıxmaq əzmindədir <b style="color:red"></b>

Ölkədə həm bələdiyyə seçkiləri, həm də antiterror hərəkatı hazırlıqları başlayıb 

Türkiyə 2019-cu ilə yeni siyasi gərginlik şəraitində daxil olur. Ölkə ictimai-siyasi həyatında 2 mühüm hadisənin – bələdiyyə seçkiləri və yeni antiterror hərəkatına hazırlığın astanasındadır. Hazırda siyasi gündəmin əsas aparıcı mövzusu 2019-cu il martın 31-də keçiriləcək növbəti bələdiyyə seçkilərinə hazırlıqdır. Bu prosesin ilkin mərhələsi dekabrın ilk günlərindən start götürüb. Siyasi partiyalar seçicilərin etimadını doğrulda biləcək namizədlərin seçimi üzərində qızğın müzakirələri davam etdirir.

Türkiyə Ali Seçki Komissiyasının məlumatına görə, 26 siyasi partiya seçkilərdə iştirak hüququ qazanıb. Seçkilərdə 74 min bələdiyyə yeri uğrunda mübarizə aparılır; onlardan 1398-i bələdiyyə sədri, 22 mini bələdiyyə üzvü, 50 min 372-si isə muxtar yeridir. Seçkilərə qatılmaq hüququ olan siyasi partiyalar 30 böyükşəhər, 51 vilayət, 519 böyükşəhər rayonu, 402 rayon və 396 qəsəbə bələdiyyəsinə namizəd irəli sürə biləcəklər.

Türkiyədə bələdiyyə seçkilərinin ölkənin siyasi həyatında rolu və əhəmiyyəti nədən ibarətdir? Siyasi partiyalar bələdiyyə yerləri uğrunda niyə bu qədər qızğın mübarizəyə girişiblər?

Bələdiyyələr Türkiyənin ictimai həyatında yerli özünü idarəetmə orqanı olmaqla bərabər, iqtisadi-sosial funksiyasına görə xüsusi səlahiyyətlər daşıyır və təmsil etdiyi partiyanın siyasi nüfuzuna güclü təsir göstərir. Bu orqanlarda təmsil olunan nümayəndələr, xüsusilə də bələdiyyə sədrləri işlədiyi dövrdə öz fəaliyyəti ilə ölkə vətəndaşlarının etimadını qazanmış olurlar. Nəticədə bələdiyyənin timsalında siyasi partiyaya olan rəğbət və inam artır, yaxud azalır. Bələdiyyələrdə çoxluq əldə etmək siyasi mübarizənin növbəti mərhələsində, yəni parlament seçkilərində uğurun qazanılmasında mühüm rol oynayır. Ona görə də bütün siyasi qüvvələr yerli seçkilərdə daha çox yer qazanmaq istəyi ilə sona qədər inadla mübarizə aparırlar.

Qarşıdakı seçkilərdə mübarizənin əsas qütblərinin yenə də hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə Milliyətçi Hərəkat Partiyasının (MHP) təmsil olunduğu “Cümhur ittifaqı” seçki bloku ilə müxalifətin – Cümhuriyət Xalq Partiyası, “İYİ” Partiyası və Səadət Partiyasından (bu koalisiyaya HDP-nin də qoşulacağı gözlənilir) koalisiyasından ibarət olacaq.

Bələdiyyə seçkilərində iştirak edən bütün tərəflərin əsas iddiası böyük şəhər bələdiyyələrinədir. Çünki iri şəhərlər parlament və prezident seçkilərində də seçicilərlə təmaslar, seçki təşviqatı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan partiyalar Ankara, İstanbul və İzmir, Antalya, Bursa kimi böyük şəhərlərin bələdiyyələrinə irəli sürdükləri namizədin nüfuz və ictimi-siyasi fəaliyyətini xüsusi götür-qoy edirlər.

Ölkənin möhtəşəm siyasi gücü və seçicilərin əsas etimad siması olan olan AKP seçkilərə böyük inam və inadla gedir. AKP Sədri, Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi liderliyi sayəsində indiyədək bütün seçkilərdə zəfər qazanan AKP-nin namizədlərinin növbəti dəfə də qələbə əldə edəcəyinə ümidlər böyükdür. Çünki hər bir seçici faktiki olaraq səs verdiyi namizədin siyasi mənsubiyyətini nəzərə alır və Ərdoğanın sımasında AKP-nin qələbə qazanacağı şübhə doğurmur. AKP namizədləri üçün ən böyük və etibarlı divident xalqın Ərdoğana olan dərin məhəbbəti və rəğbətidir. Ona görə də AKP-nin bu seçkilərdə daha şanslı, qələbəyə yaxın olduğu aydın görünür.  

Fəratın şərqinə yeni Qalxan əməliyyatı...

Türkiyənin geosiyasi həyatında digər mühüm imtahan Suriya ərazisində cəmləşmiş terrorçulara qarşı yeni antiterror dalğasının başlanmasıdır. Ötən 3 ildə 3 uğurlu antiterror əməliyyatları keçirən Türkiyə Silahlı Qüvvələri üçün Fəratın şərqinə irəliləmək zamanı gəlib çatıb. İndiyədək “Günəş”, “Fərat qalxanı” və “Zeytun budağı” kimi uğurlu əməliyyatlar həyata keçirən rəsmi Ankara Fəratın şərqinə hərbi əməliyyata başlayacağını rəsmən elan edib, bununla bağlı ABŞ hökuməti də xəbərdar edilib.

Türkiyə hökuməti 8 aylıq fasilədən sonra niyə yenidən Suriya ərazisində antiterror əməliyyatlarını davam etdirməyə qərar verdi?

2018-ci ilin martında Afrinə daxil olan Türk Silahlı Qüvvələri bu ərazidəki gizlədilmiş silah və partlayıcı maddələrlə dolu zirzəmiləri, çuxurları təmizləməklə məşğul olduğundan bu proses xeyli vaxt apardı. Eyni zamanda, təhlükəsizlik qüvvələri, xidmət təşkilatları və humanitar qurumların Afrində və ətraf ərazilərdə infrastrukturun bərpası, kommunal xidmətlərin yenilənməsi, köçkünlərin yaşayış şəraitinin təmin edilməsi, sosial və istehsal obyektlərinin inşası istiqamətində gördüyü işlər yay ayına qədər davam etdi. Həmin dövrdə Türkiyədə siyasi həyatında olduqca mühüm bir hadisənin- növbədənkənar prezident seçkilərinin keçirilməsi və ictimai-siyasi hərarətin yüksəlməsi hökumətin sərhəddən kənarlarda antiterror əməliyyatlarına ara verməsinə səbəb oldu. Yaxın Şərqdə sabitliyin təmin olunmasını istəməyən xain qlobal güclər isə bu fürsətdən istifadə edərək Afrindən Minbicə və kənarlara toplaşmış terrorçulara yeni təlimlər keçməyə, onların silah və sursatlarını artırdılar. Mart ayında terrorçuların Minbicdən çəkilməsinə söz verən ABŞ vədinə əməl etmədi, Fəratın şərqində dinc və sadə suriyalıların yaşamasına imkan yaradacağını əmin etsə də, heç bir real addım atmadı. Təbii ki, bölgəni hər an zərgər dəqiqliyi ilə izləyən Türkiyə kəşfiyyatı Minbicdə yeni planlar hazırlayan terrorçuların niyyətləri, hətta Afrinə hücuma hazırlaşmaq planlarına dair etibarlı məlumatları topladı. ABŞ, Fransa, İngiltərə və İtaliyanın regiondakı təmas nöqtələri, bazaları, hərbi müşavir kadrları və terror təşkilatı ilə əlaqədə olduğu şəkillər müşahidə kameralarında qeydədir.

Ötən 8 ayda Suriyada aktiv əməliyyatları dayandıran, ancaq vəziyyətə güclü nəzarət edən rəsmi Ankara dəfələrlə bölgədəki terrorçuları himayə edənləri bu yanlışlarından geri çəkilməyə çağırıb, PKK-YPG-PYD silahlılarının Minbicdən uzaqlaşdırılmasını xəbərdar edib. Bu xəbərdarlıqlara əməl edilmədiyindən Türkiyə mövcud geosiyasi şəraiti, yeni terror düşərgələrinin artdığı nəzərə alaraq antiterror hərəkatını davam etdirməyə qərar verib. 4-cü antiterror əməliyyatının başlanılacağını rəsmən elan edilib. Artıq yeni “Fərat Qalxanı” hərəkatı planı hazırdır. PKK-nın qanadları olan YPG və PYD-nin xəndək, çuxur və digər yerlərdə qazdığı nöqtələr bir-bir təsbit edilib, Fəratın şərqindəki geosiyasi hərbi xəritə Hərbi Şuraya təqdim olunub. Silahlı Qüvvələrin Baş Qərargahında yaradılan xüsusi qrup əməliyyatın coğrafi-hərbi koordinatlarını müəyyənləşdirib.

Rəcəb Tayyib Ərdoğan bildirib ki, beynəlxalq güclər Suriyada sabitliyin və sülhün təmin olunmasında vaxt itirmədən addımlar atmalıdır. Terrorçulara təlim keçmək, yeni qan ocaqları yaratmaq niyyətlərinə son qoyulmalıdır: “Bölgədəki son terrorist zərəsizləşdirilənə qədər Suriya torpaqlarını qarış-qarış yoxlayacağıq. Bu ölkədəki problemlərin həlli terrorçuların tamamilə zərəsizləşdirilməsisidr. Türkiyə üzərinə böyük məsuliyyət götürərək Suriyanın ərazi bütövlüyü çərçivəsində bütün tərəfləri qane edəcək şəkildə həll yolunu təklif edir. Suriyada sabitlik bərqərar olana, yeni konstitusiya hazırlanana, azad seçkilər keçirilənə qədər Suriya ərazisindəki terrorla mübarizəmizi davam etdirəcəyik”.

 





20.12.2018    çap et  çap et