525.Az

Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunan beynəlxalq elmi konfrans - Foto


 

Maqsud Şeyxzadənin 110 illiyinə həsr olunan beynəlxalq elmi konfrans - <b style="color:red">Foto</b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkəti, Azərbaycan Mətbuat Şurası  və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə özbək ədəbiyyatında dramaturgiyanın banisi, tərcüməçi, pedaqoq, tanınmış ədəbiyyat  nümayəndəsi, azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyinə həsr olunan Maqsud Şeyxzadə "Özbək dramaturgiyasının, Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi" adlı beynəlxalq elmi konfrans keçirilib.

Tədbirdə "Kaspi" Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov, media kapitanları, QHT rəhbərləri və ziyalılar iştirak ediblər.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib ki, Maqsud Şeyxzadə Özbəkistan ədəbiyyatının klassikidir: "O, şair, yazıçı, dilçi alim, ədəbiyyatşünas olmaqla yanaşı, həm də dramaturqdur. Onun əsərləri bu gün teatrlarda səhnələrə qoyulur". Ə.Amaşov söyləyib ki, M.Şeyxzadənin azərbaycanlı olması bizi ona daha da yaxınlaşdırır: "İbtidai məktəbi Ağdaşda bitirən Maqsud daha sonra Bakı Pedaqoji Məktəbində təhsilini davam etdirib. Təhsilini bitirəndən sonra o, iki il Dağıstana göndərilir. Dağıstanda baş verən hadisələrdə iştirak etdiyi üçün Maqsud Özbəkistana sürgün edilir. 1967-ci ildə dünyasını dəyişən Maqsud Şeyxzadə qısa ömrünü Özbəkistan ədəbiyyatının inkişafına həsr edir".

Onun sözlərinə görə, görkəmli özbək yazıçısı və alimi, "Böyük xidmətləri üçün" ordeni ilə təltif olunmuş Maqsud Şeyxzadə tarixi və mənəvi qohumluğumuzun parlaq rəmzidir. Azərbaycanda doğulan və amansız repressiya illərində Özbəkistana gələn Şeyxzadə burada özünə nəinki ev-eşik və dostlar tapdı, həm də yaşayıb-yaratdı. O, haqlı olaraq, XX əsr Özbəkistan ədəbiyyatının ən yaxşı nümayəndələrinin fəxri siyahısına daxildir: "Maqsud Şeyxzadə özbək   klassik  əbədiyyatını öyrənmiş,  tədqiq  etmiş,  özbək  əbədiyyatı tarixini,  ədəbiyyatşünaslıq  nəzəriyyəsini  təkmilləşdirib və onu yeni-yeni  elmi axtarışlarla  zənginləşdirmişdir. Maqsud Şeyxzadə yaradıcılığının zirvəsi onun dramaturgiyası hesab olunur. Dahi dramaturq Özbək xalqının qəhrəmanı "Cəlaləddin Mənguberdi", hökmdar "Mirzə Uluğbəy" kimi tarixi şəxsiyyətlərə dair yaratdığı əsərləri, tarixi faciələrlə özbək dramaturgiyasının əsasını qoymuş, "Daşkəndnamə" kimi mənzum faciələrlə ölməz əsərlər yaratmışdır. Şeyxzadə dünya şöhrətli özbək şairi Əlişer Nəvai irsini tədqiq  edənlərdən  biri  olmuş və onun "Seçilmiş  əsərləri"nin  bir kitabı  Nəvaiyə  həsr  edilib. M.Şeyxzadə Özbəkistanda böyük tərcümə məktəbinin də əsasını qoyub.  O, Nizami Gəncəvi, Məhəmməd Füzuli, M.F.Axundov, A.S.Puşkin, M.Lermontov, V.Şekspir, İ.Höte, C.Bayron, Ş.Rustaveli və bir sıra başqa dünya klassiklərinin əsərlərini özbək dilinə tərcümə edib".

"Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzin fəaliyyətindən söz açıb: "Özbəkistanda böyük Tərcümə Mərkəzi yaradılıb. Mərkəzin fəaliyyəti nəticəsində Azərbaycan əsərləri özbək dilinə, özbək əsərləri Azərbaycan dilində tərcümə edilərək tanıdılır. Maqsud Şeyxzadənin o zaman əsasını qoyduğu işlərin davamıdır. Xüsusi ilə qeyd etmək istəyirəm ki, bu gün də  Maqsud Şeyxzadənin əsasını qoyduğu bu missiyanı  Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov müvəffəqiyyətlə davam etdirir".

Özbək ziyalılarının Azərbaycan ədəbiyyatına münasibətindən söz açan S.Vəliyeva söyləyib ki, müsbət münasibətin yaranması Maqsud Şeyxzadə kimi şəxslərin fəaliyyəti nəticəsində olub: "Maqsud Şeyxzadə bu gün tədqiq olunmağa, bütün dillərə tərcümə olunmağa layiq bir ziyalıdır. Belə şairlər bölünmür, onlara bizim, sizin deyilmir. Maqsud Şeyxzadə çox böyük keyfiyyətlərə malik idi. O, Özbəkistandan aldığı müsbət enerji sayəsində mühüm əsərlər ortaya qoyub. Bu gün biz özbək ziyalılarına Maqsud Şeyxzadəyə Özbəkistanda ev şəraiti yaratdıqlarına görə təşəkkür edirik. Məhz bunun nəticəsində Maqsud Şeyxzadə səmərəli iş ortaya qoya bilib". S.Vəliyeva bildirib ki,  Maqsud Şeyxzadə qarşılaşdığı bütün çətinliklərə sinə gəlməyə və yaradıcılığını uğurla davam etdirməyə müvəffəq olub.  M.Şeyxzadə qəribçilik çəkmədən Özbəkistanda bütün çətinlikləri keçə bildi: "Çünki Özbək xalqı ona sahib çıxdı. Hərdən düşünürəm ki, M.Şeyxzadədə haradandır, o qədər mübarizlik, həyatın çətinliklərinə tab gətirmək və birdən də bu sualın elə öz cavabı gəlir. Maarifçi ailəsində dünyaya göz açmaq, atasının öz şəxsi hesabına açdığı məktəbdə təhsil almağı, orda Nəriman Nərimanovun məktəbə gəlməyi və onun dediyi şeiri "çap etdirərəm" kimi sözlə ifadə edərək ona ürək-dirək verməyi sualımı cavablandırır. Böyük insanların həyatında elə tarixi təsadüflər var ki, onları məşhurlaşdırır. Özbəkistandan qayıdandan sonra nə doğru olub ki, atası ona Özbəkistanı seçməyi məsləhət görüb. Özbəkistanda olanda mənə elə gəldi ki, Naxçıvandayam. Çünki Buxara daha çox Naxçıvana oxşayır. Görünür, M.Şeyxzadə Özbəkistandan doğma bir enerji almışdır ki, bu qədər məhsuldar yaradıcılığı olub. Avropa, Rus ədəbiyyatını Özbək dilinə çevirmək böyük bir səriştə tələb edirdi. Ədəbi tənqid sahəsində fəaliyyət göstərmək, pedaqoq kimi məşhurlaşmaq M.Şeyxzadənin tale yazısı və ziyalılıq bioqrafiyasını zənginləşdirən amillərdir. O, klassik və müasir özbək ədəbiyyatını, eləcə də Azərbaycan, rus və dünya ədəbiyyatını tədqiq edərək elmi kontekstdə təhlil edib. Dünya poeziyasının fəlsəfi nöqtələrinə toxunub, onları maraqlı və dərin məzmunda şərh edib. O, tərcümə sahəsində çox böyük işlər görüb. Avropa, rus ədəbiyyatını özbək dilinə tərcümə edib. Bu, doğurdan da böyük səriştə tələb edirdi. Maqsud Şeyxzadə ömrünün hər anını ədəbiyyatla yaşamış, həyatını bağladığı Özbəkistan elm-ədəbiyyat aləmindən bir göz qırpımınca kənarda qalmamışdır.

Onun qələmə aldığı vətən sevgisi, vətən məhəbbətli poemaları təkcə məzmunca yox, həm də məna və məntiqcə, ruhu ilə unudulmaz əsərlərdir".

Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov deyib ki, mərkəz Özbəkistanda fəaliyyətini Azərbaycan mədəniyyətini təbliğinə həsr edib: "Bu gün Şeyxzadənin ruhu çox şaddır. Çünki onun 110 yaşını Vətəni Azərbaycanda qeyd edirik". Qardaş Özbəkistanın tarixində azərbaycanlıların böyük rol oynadığını dilə gətirən qurum rəhbəri bildirib ki, bu gün Özbəkistan xalqı onların fəaliyyətlərini yüksək qiymətləndirir: "Şeyxzadənin bir çox əsərləri özbək ədəbiyyatşünaslığında tədqiq edilir, öyrənilir. Azərbaycanda doğulan, lakin repressiya qurbanı olaraq Özbəkistana gələn Şeyxzadə çox böyük işlər ortaya qoyub. O, Tərcümə Mərkəzi yaradaraq bu istiqamətdə xidmətləri ilə tarixə düşüb. Vətən həsrəti ilə yaşayan Şeyxzadə öz şeirlərində bunu əks etdirib. Azərbaycana bu tədbirin həyata keçirilməsinə görə təşəkkür edirəm. Son iki ildə "Kaspi" qəzeti, "Kaspi" Təhsil Şirkətinin dəstəyi ilə iki kitab çap etmişik".

Akademik Muxtar İmanov vurğulayıb ki, Maqsud Şeyxzadə əslində, sovet dönəmində  romantik üslub səviyyəsində klassik ənənəni davam etdirən görkəmli sənətkarlardan biri olub:  "Maqsud Şeyxzadə özbək ədəbiyyatında tanınmış tərcüməçi, pedaqoq və dramaturqdur. Ən əsası isə tanınmış azərbaycanlıdır".

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev qeyd edib ki, Maqsud Şeyxzadə çox böyük romantik düşüncəyə malik bir insan olub. Onun bütün əsərləri romantik düşüncənin məhsuludur: "Maqsud Şeyxzadə həm Azərbaycanın, həm də Özbəkistanın iftixarıdır. Özbək xalqı Maqsud Şeyxzadəni özbək xalqının Şekspiri adlandırır".

Tədbirdə Maqsud Şeyxzadənin həyat və yaradıcılığına həsr olunmuş sənədli materialların, həm də bədii parçaların yer aldığı "İki xalqın iftixarı" adlı sənədli film nümayiş etdirilib.

Sonda "Kaspi" Təhsil Şirkətinin təsisçisi, filologiya elmləri doktoru Sona Vəliyeva, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov və digərləri Özbəkistandan gələn qonaqlar tərəfindən təltif ediliblər.

S.QARAYEVA

 





20.12.2018    çap et  çap et