525.Az

"Unudulmuş münaqişə"


 

"Unudulmuş münaqişə"<b style="color:red"></b>

Tanınmış isveçrəli jurnalist Andre Vidmerin qələmə aldığı "Unudulmuş münaqişə" kitabı oxucuya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri çatdırır

Xəbər verdiyimiz kimi, tanınmış isveçrəli jurnalist Andre Vidmerin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən "Unudulmuş münaqişə" adlı kitabı çapdan çıxmışdır.

Azərbaycanın İsveçrədəki səfirliyinin dəstəyi ilə hazırlanan və nəşr olunan kitab jurnalistin işğal altındakı ərazilərimizə etdiyi səfərlər zamanı topladığı materiallar əsasında yazılmışdır. Kitabda Dağlıq Qarabağ münaqişəsinin tarixi, yaranma səbəbləri, doğma yurdlarından didərgin düşmüş soydaşlarımızın yaşadıqları çətinliklər, Xocalı soyqırımı, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri digər vəhşiliklər, rəsmi Yerevanın həmin ərazilərdə apardığı qeyri-qanuni məskunlaşdırma siyasəti, tarixi-mədəni və dini irsimizin məhv edilməsi haqqında tutarlı dəlillərə əsaslanmış məlumatlar verilir. Bir sözlə, kitab dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin çatdırılması baxımından olduqca dəyərlidir.

Alman və ingilis dillərində nəşr edilmiş "Unudulmuş münaqişə" kitabında işğal altındakı Azərbaycan ərazilərində, xüsusilə Şuşada və Ağdamda ermənilər tərəfindən tarixi, mədəni və dini abidələrimizə qarşı törədilmiş vandallıq aktları ilə bağlı müəllif tərəfindən şəxsən çəkilmiş xeyli sayda fotoşəki də yer almışdır.

Müəllif kitabın tarixçəsindən bəhs edərək ön sözdə belə yazır: "2008-ci ildə Dağlıq Qarabağ bölgəsinə səfər edəndə vəziyyətlə bağlı sadəcə hesabat hazırlamağı planlaşdırırdım, lakin sonradan araşdırmalarım sayəsində münaqişənin nəticələri ilə bağlı elə mənzərələrin şahidi oldum ki, bu hadisələri oxuculara daha geniş formada çatdırmaq qərarına gəldim. Tarixçilər və siyasətçi alimlər Dağlıq Qarabağ münaqişəsinin hüquqi aspektləri ilə bağlı çox yazmışlar. Lakin bu kitab faktlar və rəqəmlərlə yanaşı, diqqəti daha çox insan amilinə cəlb edir".

A.Vidmer dünya birliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə kifayət qədər diqqət göstərməməsindən təəssüfləndiyini bildirir, kitabın problemin ədalətli həllinə kiçik də olsa töhfə verəcəyinə ümidvar olduğunu vurğulayır.

İsveçrəli jurnalist Azərbaycanın işğal altında olan ərazilərinə səfər edərkən Ermənistanın hakimiyyət orqanlarının ona yaratdığı süni maneələri də oxucuların diqqətinə çatdıraraq yazır: "2011-ci ilin yazında Yerevan aeroportunda mənə viza verməkdən imtina etdilər. Mən Ermənistandan deportasiya edildim. İsveçrənin Ermənistandakı səfirliyinə müraciət etdim və belə məlum oldu ki, rəsmi Yerevan məni "persona non-qrata" elan etmişdir. Səbəb isə aydın idi: Ermənistan hakimiyyəti mənim bu araşdırmanı aparmağımı və işğal edilmiş Azərbaycan ərazilərinin erməniləşdirilməsi, burada vaxtilə azərbaycanlılara məxsus evlərin, dini, mədəniyyət abidələrinin, məscidlərin məhv edilməsi ilə bağlı faktları dünya ictimaiyyətinə çatdırmağımı istəmirdi".

Müəllif qeyd edir ki, işğal olunmuş ərazilərdə bütün sosial və infrastruktur obyektləri, qədim tarixi abidələr, məscidlər, qəbiristanlıqlar ermənilər tərəfindən tamamilə dağıdılmışdır.

Problemin tarixi haqqında ətraflı məlumat verən jurnalist yazır ki, münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiası irəli sürməsi zəminində yaranmışdır. O, diqqəti Ermənistanın ASALA terror təşkilatının cinayət əməllərinə, eləcə də ermənilərin hələ Dağlıq Qarabağ münaqişəsindən çox-çox əvvəl də azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktlarına, etnik təmizləmə siyasətinə cəlb edir. Qeyd olunur ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri bu qanlı qırğınların ən dəhşətlisi Xocalı qətliamıdır. Ermənistan silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Azərbaycanın Xocalı şəhərini zəbt edərək qadınlar, yaşlılar və uşaqlar daxil olmaqla 613 dinc sakini qətlə yetirmişlər.

"Unudulmuş münaqişə" kitabında Dağlıq Qarabağda və işğal edilmiş rayonlarda məskunlaşdırılmış erməni ailələrinin səfalət içərisində yaşadıqları və onların bu cür yaşamaqdan bezdikləri də diqqətə çatdırılır. Həmçinin vurğulanır ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində həmin ərazilərdə bu gün bir nəfər də azərbaycanlı yaşamır. İşğal nəticəsində yurdlarından didərgin düşmüş azərbaycanlıların ən böyük arzusu isə doğma torpaqlarına qayıtmaqdır.

A.Vidmer vurğulayır ki, ermənilər Dağlıq Qarabağın onlara məxsus olduğunu iddia etsələr də, hətta bu iddianı bir çox amillərlə əsaslandırmağa çalışsalar da, dünya birliyi həmin bölgəni və işğal edilmiş yeddi rayonu Azərbaycanın tərkib hissəsi kimi qəbul edir.

Jurnalist qeyd edir ki, Ermənistanın Dağlıq Qarabağ müharibəsində özünü qalib hesab etməsinə baxmayaraq, əslində bu ölkə yürütdüyü işğalçılıq siyasəti ilə nə qədər çətin vəziyyətə düşdüyünü də anlayır. Çünki münaqişə nəticəsində Ermənistanın özünü regionda tamamilə təcrid vəziyyətinə salması ölkənin iqtisadi perspektivlərini bütövlükdə sual altına qoymuşdur.

Müəllif Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsini, münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini yolverilməz hesab edərək yazır ki, Azərbaycan məcburi köçkünlərin əhalinin adambaşına düşən sayına görə dünyada ilk yerlərdən birini tutur. A.Vidmer onu da qeyd edir ki, rəsmi Bakı Dağlıq Qarabağa dünya təcrübəsində mövcud ən yüksək muxtariyyətin verilməsinə hazırdır. Lakin Ermənistan buna da razı olmur. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı dörd qətnamə qəbul etdiyini xatırladan müəllif bildirir ki, həmin qətnamələrdə erməni silahlı birləşmələrinin işğal etdikləri Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunur. Təəssüf ki, Ermənistan beynəlxalq hüququn bu tələbinə məhəl qoymur. Müharibənin günahkarları isə indiyədək məsuliyyətdən kənarda qalmışlar. 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs haqqında saziş imzalanmasına baxmayaraq, qoşunların təmas xəttində hələ də insanlar həlak olurlar.

Kitabın müəllifi münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş məcburi köçkünlərlə söhbətlərinə də geniş yer ayıraraq onların dədə-baba torpaqlarına qayıtmaq arzularını oxucuların diqqətinə çatdırır. Qeyd edilir ki, torpaqlarından didərgin düşmüş azərbaycanlılara hətta yaxınlarının qəbirlərini belə ziyarət etməyə imkan verilmir.

Qeyd edək ki, tanınmış jurnalist Andre Vidmer Azərbaycanın İsveçrədəki səfirliyi ilə əməkdaşlıq şəraitində 2008-ci ildən etibarən ölkəmizə dəfələrlə səfər etmişdir. Eləcə də Ermənistanın işğalı altında olan ərazilərə gedərək orada baş verənləri öz gözləri ilə görmüşdür. Bu səfərlərin nəticəsi olan silsilə məqalələrlə İsveçrə və Almaniya mətbuatında çıxış etmişdir. "Unudulmuş münaqişə" kitabında olduğu kimi, həmin məqalələrdə də A.Vidmer Ermənistanı açıq şəkildə təcavüzkar ölkə adlandırmış, Dağlıq Qarabağın və işğal edilmiş digər rayonların Azərbaycanın əzəli torpaqları olduğunu dönə-dönə vurğulamışdır.

AzərTAc

 





02.09.2013    çap et  çap et