525.Az

Xaliq Rəhimlidən oxuculara: "Səs gəlir"


 

Xaliq Rəhimlidən oxuculara: <b style="color:red">"Səs gəlir"</b>

Şair, publisist Xaliq Rəhimlinin "Mütərcim" nəşriyyatına çap olunan "Səs gəlir" kitabının müəllifin yaradıcılığının oxuculara təqdimatında xüsusi yeri var.
 
"Mənə ümid saxla", "Ömrüm sevda əlindədi", "Xatırlamaq istəsəm", "Bu sevgidən mənə qalan" şeir kitablarının və "Dağlar oğlu" publisistik nəşrindən sonra bu növbəti kitabında da şairin poetik əsərləri toplanıb.

Özünün şair taleyindən, söz sevdasından X.Rəhimli elə kitabın ilk səhifəsində, ön söz əvəzi çap etdirdiyi "Sözüm hey..." yazısında bəhs edir. O, cəmi bir səhifəlik xatirəsində uşaq vaxtı onu sözə "aparan" qüvvədən danışır: "Gecə düşən kimi ulduzlara baxırdım, ulduzlar da mənə heç nə demirdilər, amma baxırdım... İndi mənə elə gəlir ki, içimdəki sözlər baxdığım o ulduzların yadigarlarıdır. Ulduzların hərəsi bir söz olub içimə dolub. Mənim üçün elə dünyanın sirri bu "ulduz sözlər"in düzümündən çox asılıdır. O sözlər ki, onların şifrəsini dəqiq bilmək lazımdır. Bu şifrənin isə həmişə sonuncu sözündə yanılıram və təbii ki, axtardığım söz açılmır ki, açılmır. Amma qəm eləməyə dəyməz. Bir vaxt dövrəmdə olan kəklikotunun, gülün, çiçəyin ətri ətrafımda dövrə vuran arıların vızıltısı, bildirçinlərin cikkiltisi, başımı qoyub uzandığım min illik daşın mamırı, yəqin ki, ulduzlardan vəfalı çıxacaqlar və o son sözün şifrəsini nə vaxtsa mənə deyəcəklər..."

Şair şeirlərinin birində də bu narahatlığını dilə gətirir:

Hərdən mənə elə gəlir
Öyrəndiklərim, bildiklərim
bir qoz qabığına dəyməz.
Yazdıqlarım, pozduqlarım
bir söz qabığına dəyməz.
Əlim yerdən üzülər,
ümidin göydən.
Dəbrim azalar,
Səbrimə qoşulub ağlım azalar,
Torpağla üzbəüz,
daşla üzbəüz,
Gəlib çatdığım bu yaşla üzbəüz
Dayanmağa üzüm olmaz,
danışmağa sözüm...

Kitabda X.Rəhimlinin "Bir şeyi yadıma salmaqdan ötrü", "Nəvəm Nazimə", "Üzümüz yalana öyrəşib", "Sabah ətri", "Ürəyim yaman yorulub", "Ağaclar, insanlar", "Ölən çiçək", "Kənd etüdləri", "Haran ağrıyır, Vətən!", "Mələk bilib dindirmişəm", "Bayram gəlir, əzizlərim", "Daş yastıq", "Sevgi buludlarından", "Nələr keçir xəyalımdan...", "Məcnunu da oxumuşdum..." və digər şeirləri yer alıb.

Şahanə MÜŞFİQ

 





20.12.2018    çap et  çap et