525.Az

Xalq yazıçısı Anarın yubileyilə bağlı elmi konfrans keçirildi


 

Xalq yazıçısı Anarın yubileyilə bağlı elmi konfrans keçirildi <b style="color:red"></b>

Dünən Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasında Xalq yazıçısı Anarın 80 illik yubileyinə həsr olunmuş "İnformasiya cəmiyyətində kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq elminin aktual məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin təşkilatçılığı ilə keçirilən konfransda universitet rəhbərliyi, müəllim-professor, tələbə heyəti, ziyalılar, media nümayəndələri iştirak ediblər.

Konfransı giriş sözü ilə BDU-nun Elmi və innovasiyalar üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Aydın Kazımzadə açıb. O qeyd edib ki, Xalq yazıçısının yubileyinin BDU-da keçirilməsi heç də təsadüfi deyil: "Anar müəllimin həm özü, həm də övladları vaxtilə bu universitetdə təhsil alıblar. Ona görə də Bakı Dövlət Universiteti onun, Anar müəllim də universitetin həyatında mühüm rola malikdir".

2018-ci ildə Anarın 80 illik yubileyinin həm Azərbaycan, həm də digər ölkələrdə böyük təntənəylə qeyd edildiyini deyən prorektor bu konfransı həmin yubiley tədbirlərinin yekunu kimi dəyərləndirib. Həmçinin, professor elmi konfransın adına diqqət çəkərək, kitabxana-yazıçı-oxucu münasibətlərindən də söz açıb: "Vaxtilə kitabxanalar yazıçı ilə oxucu arasında əlaqə yaradan başlıca qurum olub. Dəyişən və inkişaf edən zaman, texnologiya və innovasiya vasitələrinin həyatımıza sürətli girişi bu vəzifəni tədricən zəiflətdi. Kiber təhlükəsizlik məsələsi bu gün ən aktual məsələlərdən biridir. Kitabxana işinin düzgün qurulması bu problemlərin müsbət həllində mühüm əhəmiyyətə malikdir. Belə tədbirlər də xüsusən gənclərdə yeni biliklərin qazanılması yönündə müsbət təsirlərini göstərəcəkdir".

Xalq yazıçısını kollektiv adından təbrik edən prorektor A.Kazımzadə ona xoş arzularını bildirib.

BDU-nun müəllimi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Almaz Ülvi "Anarın yaradıcılıq yolu" adlı məruzə ilə çıxış edib. Çıxışına yubilyara məxsus "Vətən marşı" və 1960-cı illər ədəbi mühitinin mənzərəsinin qısa təsviri ilə başlayan məruzəçi, bu nəsildə xüsusən seçilən, parlayan imzalardan olan Anar yaradıcılığından geniş söz açıb.

A.Ülvi məruzəsində Anarın hekayələri, povestləri, romanları ilə yanaşı, ssenarilər əsasında çəkilmiş filmlər, televiziya tamaşalarından da söz açıb, onu özünün çoxşaxəli yaradıcılığı ilə Azərbaycan mədəniyyətini və ədəbiyyatını bütün yönlərdə zənginləşdirən sənətkar kimi xarakterizə edib.

Şəhid şair Ülvi Bünyadzadəyə göstərilən diqqət və qayğıdan söz açan məruzəçi, bunu, AYB sədri Anarın öz Vətəninə, xalqına, onun şəhidinə ehtiramının nümunəsi adlandırıb: "Azərbaycan Yazıçılar Birliyinin sədri olaraq diqqətini, Birliyin imkanları daxilində köməyini əsirgəmir, Ülvinin əsərlərinin müzakirəsi, nəşri, tərcüməsi və digər məsələlərdə dəstək verir. Yazıçılar Birliyinin üçüncü qatında yerləşən "Natəvan" klubunun qapısı yanındakı divarda Yazıçılar Birliyinə heç ayaq basmayan bir gəncin şəkli asılıb. Bu, 20 yaşında Vətən uğrunda şəhid olmuş bir gəncin xatirəsinə hörmət, nakam taleyinə qayğıdır. Hər il bir gənc hekayəçiyə onun adına mükafat təqdim edir. Bu, mübariz gəncliyə, şanlı qəhrəmanlıq tariximizə minnətdarlıq ifadəsidir".

Daha sonra çıxış edən Xalq yazıçısı Anar Bakı Dövlət Universitetinin onun ailəsindəki rolundan söz açıb, bu universiteti "Ana məktəb" adlandırıb. Buna görə də universitetdə keçirilən bu yubiley konsfransının onun üçün müstəsna əhəmiyyət kəsb etdiyini deyən yazıçı, görüşün keçirilməsində zəhməti olan hər kəsə, iştirakçılara və məruzəçi Almaz Ülviyə təşəkkürlərini bildirib, öz kitablarından bir neçəsini universitet kitabxanasına hədiyyə edib.

Daha sonra konfrans öz işini beş ayrı bölmə iclasında davam etdirib. Respublikanın müxtəlif elm müəssisələrinin tədqiqatçıları tərəfindən təqdim edilən 60-dan çox elmi məqalə isə konfrans materiallarında çap olunub. Elmi konfrans materiallarının tərtibçisi və redaktoru BDU-nun dosenti, Azərbaycan Yazıçılar Birliyinin üzvü Ələmdar Cabbarlıdır.

Şahanə MÜŞFİQ

 





21.12.2018    çap et  çap et