525.Az

"Şeirə düz bir ömür sədaqətim var..." - AY Bəniz Əliyar


 

"Şeirə düz bir ömür sədaqətim var..." - <b style="color:red">AY Bəniz Əliyar </b>

Bir az insanlardan qaçmaq,
Bir az özünü dinləmək...
Bir az torpağı qoxlamaq,
Getmək və
geri dönməmək...
Gözlərin varmı görməyə?
Əllərin varmı?
Yoxlamaq.
Bir az pıçıldamaq eşqə,
Bir az özünə ağlamaq.
Qaçıb,
qaçıb lap uzaqdan
Bir daşa çaxmaq özünü.
Ağıl üstündə itirib
Tapmaq,
bu axmaq özünü.
38... 39..,
Hələ var 40-ıma bir az.
Bir adam həsrəti boyda
Yolları qarğımaq bir az.
Bu yazı belə yazılıb,
Bu yazıya pozu da yox.
Bir ümidin adı yoxsa,
Demək elə özü də yox.

lll

Ay sarı ağaclar, sarı ağaclar,
Sizi qızıl payız nə hala saldı?
Sizə boz küləklər dinclik vermədi,
Yamyaşıl rənginiz solduqca soldu.
Sarı yarpaqsınız indi bir ətək,
Tənha qu misallı yaralısınız.
Gözü yolda qalan həsrətlilərtək,
Günbəgün, anbaan saralırsınız.
İnanmağı gəlmir adamın, sanki
Bir vaxt yaşıl olan siz deyildiniz.
Siz ki günəş altda oynayan, qaçan
Sapsarı ətəkli qız deyildiniz.
Vallah, bu dünyanın işi, gücü yox,
Mövsüm dəyişməyə nə ehtiyac var?
Sarıya sarılıb solur rənginiz,
Ay sarı ağaclar, sarı ağaclar!..

lll

Hərdən mənə elə gəlir,
Divarın da qulağı var.
Söz desəm eşidə bilər,
Sual versəm cavablayar.
Bitməz ki sözlər, suallar,
Öz-özünlə qalanda tək.
Cavab verirsə divarlar,
Üstəlik, dili var demək.
Bu nədi, qalmışam yenə
Od ilə su arasında.
Ömrün yarısı boş keçdi,
Röya aldı yarısın da.
Bitməyə azacıq qaldı,
Ürək boyda qəm olmadım.
Bir yara da açıq qaldı,
Üstünə məlhəm olmadım.
Bir qəlbdə odam, çox heyf,
Bir qəlbdə yarımtəsəlli.
Bir gözdə ümidəm, bəlkə,
Bir gözdə də yaşam, bəlli...
 Öz-özümlə tək qalanda
Divarlar dönüb olur - Sən!
Divarların qulağına
Nə deyim ki, eşidəsən?

Ötən gecə darıxan

Günü boş-boş vurdum başa,
Gecə keçir, darıxıram.
Saat 2 tamam olub,
3-ə keçir, darıxıram.
3 keçəcək, 4 olacaq,
Bu da ayrı dərd olacaq.
Bu gedişdə fərq yox ancaq,
Necə keçir, darıxıram.
Bilinməz bu dərdin yaşı,
Yavaş-yavaş aşıb daşır.
Fikrim neçə mənzil aşır,
Küçə keçir, darıxıram.
Ünvanı, adı bir cürdü,
Yandırır, odu bir cürdü.
Da dıram, dadı bir cürdü,
Acı dadır, darıxıram.

lll

Şeir yazıb qoxlayıram sonra sözləri,
Ətrin gələr, deyə bəlkə, nəsə gəzirəm.
Gözüm onsuz yollardadır yüz ildən bəri,
Qulağım da həsrət qalıb səsə, gəzirəm.
Şairliyi öz-özümə etmişəm peşə,
Sözün huyu, bax, büsbütün hopub canıma.
Bir-bir üzüb hərfləri çəkirəm şişə,
Əl-ayağım qana batır, sözün qanına.
Calayıram bir-birinə günləri xoşbaxt,
Misraların sehri ilə aşıb daşıram.
Başqa işim yoxdu daha, yazdığıma bax,
Söz içindən söz çıxarıb şeir qoşuram.
Mənimçün də yazılmamış neçə söz qalıb,
Poeziya vurğunudur sevən ürəyim.
Saat yenə üçü keçdi, dördə az qalıb,
Eşikdə də dekabrın acı küləyi.
Mənim şeirə düz bir ömür sədaqətim var,
Məndə yoxdu "təbi axtar, ilhamı gözlə".
Hər kəs indi öz qulpundan çıxanı yazar,
Hamı yazsın, tükənməz ki, bitməz ki sözlər.
Qələmimlə daşıyıram dünyanın yükün,
Sözlər üstə yavaş-yavaş ətrin solacaq.
Səhəri də dirigözlü açacam yəqin,
Səndən yenə bir xatirə - Şeir qalacaq.

lll

yeri boş qalan yelləncək,
alım qadanı, qadanı...
daha bu yollardan əl çək,
gəlməz adamın, adamın.
nə oğula, uşağa bax,
nə gəlinə, qıza, yellən.
ağırlığın-uğurluğun
tökülsün payıza, yellən.
küləklər yellədər səni,
yağışlar damar başına.
yellənmək də yüngüllükdü,
yellən elə öz xoşuna.
kimsə sormaz əhvalını,
kimsə soruşmaz yaşını.
uyma bu vaxta, vədəyə,
yellənməklə qat başını.

lll

belə uzun yolçuluqdan
dönmüşəm
hardan-haraya.
yollar çıxıb üzüqara,
adamlar girib araya...
deyirəm,
nə əsən külək,
nə bulaqlar inciməsin,
gah burnuma ətrin gəlib,
gah da qulağıma səsin.
hardasa bir zümzüməsən,
nəğmələr qoynundan axır.
adını burda çəkmirəm,
adaşların çoxdu axı...
sən yadların məhrəmisən,
mən də sənə bir cür yadam.
xəyalın yoldaşdı mənə,
onu da yormuşam, adam.

lll

Dolu ikən için, çölün,
Yazmaq niyə çətin olsun?
Yaz, amma yazdığın sözə
Bir azca hörmətin olsun.
Hər günün ömürdə qonaq,
Eşqin üzünə olma ağ.
Sözə əmanət kimi bax,
Tanrıdan nemətin olsun.
Bu gedən yolçu kim görən?
Gedənə varmı qəlb verən?
Qapında "qonağa" hürən
Ağzıqara itin olsun.
Təkliyə həssasdır adam,
Dostu dost bil, yadı nadan.
Tək qalanda xəyallardan
Yorulmayan atın olsun.
Evin olmasa da olar,
Təbin olmasa da olar,
Kəbin olmasa da olar,
Bir saf məhəbbətin olsun.

lll

İnsanlar var, insanlar,
Ürək qoyur hər yerdə...
Sevgi gəzən, ruh gəzən
İnsanlar var bir dəə...
Söz-söz sətirə sızan,
Qismətin özü yazan,
Ömrün yolların azan
İnsanlar var bir dəə...
Xəyalları qarışıq,
Dostla rına yaraşıq,
Həm şair, həm də aşiq
İnsanlar var bir dəə...
Az-az içindən solan,
Sevinc libası yalan,
Peşəsi sevmək olan
İnsanlar var bir dəə...
Yalanlarında doğru,
Həm sevgi, həm də ağrı,
Hər işdə
İnsan oğlu
İnsanlar var bir dəə...

UNUTDUĞUN BİRİ

sinən altda ürəkmidir döyünən?
kim yatırıb, xəbəri yox, oyada...
barmağını dişləyirsən yenə də,
unutduğun biri varmı, qayıda?

yaman yerdə saxlamısan atını,
bir yuva qur, dilək bağla, gəl ind i...
sevişdiyin, tamsındığın qadının
bir üzü qız, bir üzü də gəlindi...

bu durnalar nə vaxtdı ki, payızdı,
gözlərinin qatarından köçübdü...
baxışlarım əllərinə susuzdu,
dur bir çay qoy, sevişməkdən keçibdi...
bir kəs bilməz, sevdiyimsən gizlicə,
nə olsun ki, baxammıram gözünə.
nə bilirsən, bəlkə elə bu gecə,
gəldim səni qaytarmağa özünə.
  
PƏNCƏRƏDƏ QARA PƏRDƏ

Pəncərədə qara pərdə - tənhalığın gecəsi,
Ölüb-ölüb diriləsən, məəttəl qala dörd divar...
Xəyallarla dolub-daşa evlərinin küçəsi,
Bir az çıxıb gedə səndən, darıxasan, nə ki var...

Gözündəki oddan qaça, içindəki yalandan,
Alov düşüb sarmaşıqtək tuta yenə hər yanı.
Gözlərinin yolçuluğu bitə dar bir dalanda,
Görəsən ki, o başından arzuları boylanır...

Əlçatmazlıq sindromu yaradasan özünçün,
Ətrafında bərkidəsən, bağlayasan telləri.
"Tam yetişdim" deyən zaman bitə, tükənə gücün,
Toxunmağı istəyəsən... susub baxa əllərin...

Gecə boyu ağlamaqla öldürəsən özünü,
Bir az yatıb öz-özünlə bitirəsən davanı.
Səhər qalxıb bir nöqtədən toplayasan gözünü,
Görəsən ki, baxışların dəlib keçib tavanı...

Əl atasan o tavandan düşən işıq ucuna,
Yavaş-yavaş, tənbəl-tənbəl dikəldəsən belini,
O işıqdan çəkib bir az bağlayasan saçına,
Toplayasan, qoşa-qoşa ovuclayıb əlini...

Göylər susa, yerlər baxıb ağızdolu qışqıra,
İşıqucu, ümid kimi, gözlərindən getməyə...
O dəlikdən nur şəklində qızıl qanın fışqıra,
Ürəyini kipləyəsən, kipləyəsən bitməyə...

 





21.12.2018    çap et  çap et