525.Az

Mir Cəlalın “Ədəbi tənqid” və “Publisistika” kitabları təqdim edildi - Fotolar


 

Mir Cəlalın “Ədəbi tənqid” və “Publisistika” kitabları təqdim edildi - <b style="color:red">Fotolar</b>

Dekabrın 21-də Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və ədəbiyyatşünas Mir Cəlal Paşayevin Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən nəşr edilmiş “Ədəbi tənqid (1931-1974)” və “Publisistika (1926-1977)” kitablarının təqdimatı olub.

Tədbiri Mədəniyyət naziri Əbülfəs Qarayev açaraq qonaqları salamlayıb, çıxışında Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirən alim, ədəbi-bədii, ictimai-fəlsəfi yaradıcılığı ilə ədəbiyyatımızda əsaslı dönüş yaradan mütəfəkkir yazıçılardan və ədiblərimizdən biri olduğunu, XX əsr Azərbaycan ədəbiyyatının bir sıra nailiyyətlərinin bilavasitə onun adı ilə bağlılığını qeyd edib. Bu il ərzində Mir Cəlal Paşayevin yaradıcılığı ilə bağlı bir neçə silsilə tədbirin keçirildiyini bildirən nazir qeyd edib ki, ədibin irsi nəinki Azərbaycanda, həmçinin, dünyada müəyyən elmi araşdırmaların, tədqiqatların aparılmasına səbəb olub. O, yeni təqdim edilən “Ədəbi tənqid” və “Publisistika”  adlı kitabların Mir Cəlal yaradıcılığına, onun ədəbi-bədii irsinə verilən dəyər olduğunu, nazirlik tərəfindən həyata keçirilmiş bu layihənin davamlı olacağını, Azərbaycan xalqının ədəbiyyatının, mədəniyyətinin, görkəmli şəxsiyyətlərin irsinin yenidən tədqiq edilərək gələcək nəsillərə ötürülməsində xüsusi rol oynayacağını bildirib.

Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Millət vəkili, akademik Nizami Cəfərov çıxışında kitabların elmi məslətçisi kimi Mir Cəlalın yaradıcılığında milli tərəqqi, milli müstəqillik, Azərbaycanın Şimalı ilə Cənubunun milli-mənəvi bütövlüyü, milli mədəni irsə sahiblik, eyni zamanda, uğrunda bütün həyatı boyu mübarizə apardığı vətənpərvər və insanpərvər-humanizm kimi mətləblərin daha mühüm yer tutduğunu bildirib.

Xalq yazıçısı Elçin çıxışında Mir Cəlal Paşayevin zəngin yaradıcılığından, elmi və pedaqoji fəaliyyətindən və nəcib insani keyfiyyətlərindən söhbət açıb. Bildirib ki, böyük ədib və alim, görkəmli pedaqoq Mir Cəlal Paşayev müdrik insan, nəcib şəxsiyyət idi. Yazıçının müxtəlif janrlarda qələmə aldığı əsərləri həm mövzu zənginliyi, həm də dil və üslub xüsusiyyətləri ilə diqqəti cəlb edir, daima böyük maraq doğurur. “Mir Cəlal müəllim xoşbəxt yazıçı idi, ona görə ki, sovet sisteminə deyil, ədəbiyyata xidmət edirdi. Bugünkü oxucuların - müstəqil Azərbaycan vətəndaşlarının psixologiyası və tələbləri fərqli olsa da, Mir Cəlalın əsərləri indi də sevilə-sevilə oxunur. O, həm də xoşbəxt ədəbiyyatşünas alim idi. Ədəbiyyatşünaslığın sovet ideologiyasının tərkib hissəsi olmasına baxmayaraq, Mir Cəlal yenə də sistemə deyil, Azərbaycan ədəbiyyatı tarixinə xidmət edirdi. O, həm də xoşbəxt pedaqoq idi. Çünki pedaqoji fəaliyyətini komsomol və partiya ideologiyasına deyil, Azərbaycan xalqı üçün gərəkli oğullar yetişdirməyə həsr etmişdi”.

Xalq şairi Nəriman Həsənzadə Mir Cəlal Paşayevin zəngin publisistikasını və ədəbi-tənqidi məqalələrini əks etdirən bu toplunun ədəbiyyatşünaslığımıza verilən ən böyük töhfə olduğunu bildirib. Ədibin publisistik məqalələrində cəmiyyətdə təhsil həyatını narahat edən mövzuların yer aldığını söyləyib.

BDU-nun kafedra müdiri, professor Cahangir Məmmədli çıxışında Mir Cəlal Paşayevin müəllim kimi tələbələrinə doğma münasibətindən danışıb, özündən sonra adlı-sanlı davamçılar yetirdiyini bildirib. Professor çıxışında hər iki kitabın jurnalistika fakültəsinin tələbələri üçün dərslik kimi də çox faydalı mənbə olacağını, eyni zamanda, Mir Cəlal Paşayevin publisistik məqalələrinin bu gün də aktual qaldığını söyləyib.

Professor Asif Rüstəmli görkəmli ədibin elmi-pedaqoji və ədəbi-bədii yaradıcılığı haqqında geniş söhbət açıb. O, təqdim olunan “Ədəbi tənqid” kitabına ön söz yazdığını vurğulayaraq, bu işin böyük məsuliyyət tələb etdiyini, eyni zamanda, Mir Cəlal Paşayevin ədəbi-bədii irsinin araşdırılmasında ölkəmizdə və ölkəmizdən kənar arxivlərdə, Gürcüstan Milli Elmlər Akademiyasının arxivində çoxsaylı sənədləri aşkarladığını diqqətə çatdırıb.

Professor Şirindil Alışanlı çıxışında XX əsr Azərbaycan ədəbiyyatı tarixində bir sıra topluların nəşr olunmasının məhz Mir Cəlal Paşayevin adı ilə bağlı olduğunu, eyni zamanda, ədibin əsərlərində, ədəbi-tənqidi, publisistik məqalələrində öz əksini tapmış bır sıra ifadələrin sonradan aforizmə çevrildiyini qeyd edib.

Mir Cəlalın publisistikasında gənclərlə əlaqəli mövzulara xüsusi yer ayrıldığını, ədibin yeni dövr ədəbiyyatşünasların yetişməsində, gənc kadrların inkişafında böyük xidmətlərinin olduğunu xatırladan professor Buludxan Xəlilov onun ədəbi tənqidi görüşlərinin bütün zamanı fəth etdiyini, publisistikasında dərin müşahidələr, təhlil, analiz, ədəbi estetik zövqün duyulduğunu söyləyib.

BDU-nun professoru İfrat Əliyeva Mir Cəlal Paşayevlə bağlı xatirələrini, unudulmaz təəssüratlarını bölüşüb, onun böyük müəllimlik fəaliyyətindən geniş söhbət açıb.

“Ədibin Evi”nin əməkdaşı Elnur İmanbəyli çıxışında “Publisistika” kitabının ön söz müəllifi olduğuna görə qürur hissi keçirdiyini, eyni zamanda, görkəmli ədibin publisistik və ədəbi-tənqidi yaradıcılığının küll halında “Ədəbi tənqid” və “Publisistika” kitablarında toplanaraq ictimaiyyətə təqdim olunmasını, Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən həyata keçirilən bu gözəl təşəbbüsü yüksək qiymətləndirdiyini və hər iki kitabın ədəbiyyatşünaslar, tədqiqatçılar üçün faydalı olacağına, geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına əminliyini bildirib.

Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov çıxışında bu yeni layihənin Azərbaycanın görkəmli elm, mədəniyyət xadimləri haqqında tanıtım nəşrlərinin və onların indiyə kimi çap edilməmiş, çox uzun müddət öncə çap olunan və kitabxanalarda az tapılan əsərlərinin yenidən ictimaiyyətə çatdırmaq məqsədi daşıdığını bildirib. Bu layihənin ilk nəşrlərindən olan “Ədəbi tənqid” və “Publisistika” kitablarında Mir Cəlal Paşayevin ədəbi-tənqidi və ədəbi-publisistik görüşlərini əks etdirən məqalələrinin küll halında toplanıldığını, eyni zamanda, Milli Kitabxananın arxiv fondunda mühafizə olunan dövri mətbuat nəşrlərindən, ölkəmizin digər iri kitabxanalarından, Salman Mümtaz adına Dövlət Mədəniyyət və İncəsənət  Arxivinin fondlarından toplanaraq əski əlifba, köhnə latın əlifbasında və kiril qrafikası ilə Azərbaycan dilində nəşr olunmuş materialların əsasında, orijinallığı qorunaraq hazırlanıb, nəşr edildiyini vurğulayıb.

ADA Universitetinin rektoru, professor Hafiz Paşayev ədibin ailəsi adından çıxış edərək belə bir layihənin həyata keçirilməsində əməyi olan hər kəsə, xüsusən Mədəniyyət Nazirliyinə, Milli Kitabxananın kollektivinə təşəkkürünü bildirib.

Şahanə MÜŞFİQ

 





21.12.2018    çap et  çap et