525.Az

Tariximizə Həsən Həsənov baxışı: fərqli və maraqlı - Fotoreportaj


 

Tariximizə Həsən Həsənov baxışı: fərqli və maraqlı - <b style="color:red">Fotoreportaj </b>

Həsən Həsənov - bu adı, yəqin ki, Azərbaycanda siyasətlə, tarixlə maraqlanan hər kəs tanıyır. Onu bir çox şəkildə təqdim etmək olar. Çünki uzunmüddətli fəaliyyət yolunun Azərbaycan SSR Nazirlər Sovetinin sədri, Xarici İşlər naziri, Fövqəladə və Səlahiyyətli Səfir kimi önəmli dayanacaqları var. Amma ictimai xadim, tarixçi alim kimi də Həsən Həsənov imzası seçilir.

Dekabrın 19-da Bakı Kitab Mərkəzində “Tarixlə üz-üzə” layihəsi çərçivəsində Həsən Həsənovla görüş, eləcə də onun “Makedoniyalı İsgəndər və Atropat” adlı kitabının təqdimatı keçirildi. Təqdimat 19:00-da başlamalıydı. Maraqla gözlədiyim bu görüşə qatılmaq üçün redaksiyada işlərimi bitirib çıxdım. “Sahil” metrosunun lap yaxınlığında yerləşən Bakı Kitab Mərkəzinin qapısından girən kimi məni cəlbedici, ahəngdar bir nitq qarşıladı: “Roma tarixçisi Ammian Marsellinin yazdıqlarına görə, Assuriya İmperiyasının dağılması nəticəsində həmin torpaqlarda Atropatena adlı yeni dövlət yarandı. Bu fakt 1600 ildir, elmi cameəyə məlumdur. Marsellinin əsərləri təxminən 150 ildir ki, rus dilinə tərcümə olunub. Amma bir nəfər də olsun, azərbaycanlı alim ona istinad etməyib, araşdırmayıb. İqrar Əliyev adlı alimimiz isə araşdırma mövzusu olan Atropatena tarixində romalı tarixçidən 3 sitat gətirir. Daha dərinə gedilməyib. Ya etibar edilməyib, ya da Azərbaycan tarixinin daha qədim olmasının sübut edilməməsində maraqlı qüvvələr olub”.

Hamıdan arxada, bir az kənarda dayanıb dinləyirəm. Oturmağa yer qalmayıb, ayaq üstə dinləyənlərin sayı əyləşənlərdən daha çoxdur. Zala göz gəzdirirəm. Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycanın Macarıstandakı səfiri, ədəbiyyatşünas Vilayət Quliyev, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, kinorejissor, Xalq artisti Oqtay Mirqasımov, Bakı Dövlət Universiteti Tarix fakültəsinin dekanı, dosent Azad Rzayev, fakültənin tələbələri, media və ictimaiyyət nümayəndələri var.

Tarixçi alimin nitqinə, maraqlı mətləblərə toxunduğu söhbətinə getdikcə daha çox aludə olmağa başlayıram. Bir də baxıram ki, gəlib hamıdan öndə dayanmışam. Həsən Həsənovsa davam edir. Alim bildirir ki, Azərbaycan dövlətinin daha qədim olmasıyla bağlı təkcə bir mənbəyə əsaslanmır: “Karki de Bet Selox xronikaları”, eramızdan əvvəl VII əsrə dair Suriya mənbəsində də bu barədə geniş məlumat var. Yeri gəlmişkən, Karki Kərkükün qədim adıdır. Mənbədə deyilir ki, Assuriya İmperiyası dağılma ərəfəsində - eramızdan əvvəl 612-ci ildə Maday çarı (titulu Orbəydir) yeni dövlətin, Adorbayqanın əsasını qoyur. Dövlət də elə onun adıyla adlanmağa başlayır. Bu dövlət cəmi 27 il müstəqilliyini qoruyub saxlaya bilir. Midiya İmperiyası Adorbayqanın müstəqilliyinə son qoyur. Daha sonra - eramızdan əvvəl 550-ci ildə Əhəmənilər İmperiyası İkinci Kirin başçılığı altında Midiyanı öz ərazilərinə qatır. Beləcə Adorbayqan da bu dövlətin tərkibinə qatılır.

“Azərbaycan” sözünün kökü ilə bağlı saysız-hesabsız araşdırmalar var. Qədim dövrün araşdırmaçılarından elə bir alimimiz yoxdur ki, bu barədə maraqlanmasın. Araşdıranların 99 faizi də deyir ki, bu, fars sözüdür. Suriya mənbəsinə əsasən isə, bu dövlət yarananda farsların izi-tozu da yox idi”.

Həsən Həsənovu dinlədikcə maraqlı bir nüansı müşahidə etməmək mümkünsüzdür. Alim sanki oxucularla görüşdə yox, mühazirə auditoriyasındadır. Onu dinləyənlərin hər birinin danışdığı mövzunu əxz etməsi, dərindən mənimsəməsi, dinləyiciyə qaranlıq məqamlar qalmaması üçün əlindən gələni edir. Əsl pedaqoq kimi, faktları, önəmli məqamları xüsusi intonasiya, vurğu ilə deyir, təkrar-təkrar əsas məqamlara qayıdır, suallar verir, cümlələri yarımçıq saxlayıb onları dinləyicilərin bitirməsinə şərait yaradır.

Tarixçi alimin sözlərinə görə, Roma, Suriya mənbələrində göstərilən Atropatena və Adorbayqan eyni dövlətdir: “Alman tədqiqatçısı Nagel Volframın 1982-ci ildə Berlində çap etdirdiyi kitabında maraqlı bir xəritə verilib. Xəritəyə əsasən, Midiya və Persiyanın qonşuluğunda Atarpatena adlı dövlət var. Nagelin yazdıqları da əvvəl danışdığım iki mənbədə göstərilən faktlarla eynilik təşkil edir”.

Həsən Həsənov bildirir ki, bu mənbələrdə göstərilən faktlar Azərbaycan elmində yenidir. İndiyə qədər bu faktlardan istifadə olunmayıb: “Dünyaca məşhur dörd alim bu Atropatenanın eramızdan əvvəl yeddinci əsrdə mövcudluğunu təsdiqləyir. Düzdür, əslində alimlərin sayı kifayət qədər çoxdur. Amma ən məşhurları alman alimləri Şpigel, Nagel, çex alimi Praşek, fransız alimi Kovanyakdır. Onların yazdıqlarına görə, Atropatena dövləti əslində Makedoniyalı İsgəndərə qədər mövcud olub”.

Həsən Həsənov Azərbaycan tarix elmində bu mövzuda yazılanların əslində yanlış olduğunu deyir: “Tarix kitablarımızda Atropatenanın İsgəndərin ölümündən sonra yaradıldığı yazılır. Mən isə bu kitabda faktlarla sübut edirəm ki, nəinki İsgəndərdən sonra yaranmayıb, hətta ondan iki yüz əvvəl mövcud olub. Sadəcə olaraq İsgəndərin ölümündən sonra müstəqilliyini yenidən bərpa etdi.

Qədim Roma tarixçisi Kurti Rufun yazdığına görə, İsgəndər Qavqamel döyüşündə Daranı məğlub etdikdən sonra Babil şəhərinə yola düşür. Orada qısa müddət qaldıqdan sonra isə Satrapena vilayətinə gəlir. Qədim yunanlar onlara məlum olmayan sözlərin əvvəlinə “s” hərfi artırırdılar. Deməli, Satrapena əslində Atrapenadır. Tarixçi yazır ki, İsgəndər Satrapenaya gələnə qədər yunanlar bayrağın nə olduğunu bilmirdilər. Qoşunu toplamaq üçün fitdən istifadə edirdilər. Yerli əhalidən öyrənəndən sonra artıq bunu bayraq vasitəsilə etməyə başladılar. Ümumiyyətlə, Roma tarixçiləri iddia edirlər ki, ilk bayraq türk xalqlarında olub. Buradan aydın olur ki, Satrapenada yaşayanlar türkəsilli xalq olub”.

Görkəmli alim “Azərbaycan” sözünün etimologiyasına da aydınlıq gətirib. Onun sözlərinə görə, bir çoxları hesab edirlər ki, bu söz fars mənşəlidir, “od”, “alov” mənalarını verir: “Əslində bu fərziyyələr kökündən yanlışdır. Çünki “Azərbaycan” sözünün 40-a yaxın forması var. Onları diqqətlə araşdırmışam. Hamısı da farsların hegemonluğundan əvvəl yaranıb. Bayaq da dedik ki, Atropatena dövləti çar Madayın adıyla adlandırılıb. Amma bu formaların heç biri onun adına uyğun gəlmir. Araşdırmalardan sonra məlum olur ki, dövlət çarın adıyla yox, onun valilik rütbəsiylə adlandırılıb. Madayın valilik rütbəsi də arbay, orbay, orbat, yaxud urbat olub. Türk xalqlarında saitlər müxtəlif cür səsləndiyindən bu formalar fərqli ola bilər, amma mahiyyətcə eynidir. Yaxşı, bəs “Arbat” və “Atropatena” sözləri necə eyni ola bilər? “Atropatena” sözü “Atarpatena” sözü ilə eynilik təşkil edir. Sadəcə linqivistik terminlə izah etməli olsaq, metateza, yəni səsdəyişmə, ya da hərfdəyişmə baş verib. “R” ilə “a” yerini dəyişib. “Atropatena” variantını yunanlar işlədirlər. I əsr Roma xəritəsində isə dövlətimizin adı “Atrapatena” kimi göstərilir. “R” ilə “a”nın yeri dəyişəndə olur “At-arbat-ena”. Əslində bu söz üç sözdən yaranıb. Maday çarı orbay/orbat/arbat olub. Necə ki, Mustafa Kamal Paşaya Atatürk deyilir, eləcə də çar çox sevildiyindən dolayı hörmət əlaməti olaraq el arasında Ata Arpat kimi adlandırılıb. İki “a” hərfi yanaşı olduğundan biri zamanla ixtisar olunub, “Atarpat” formasına düşüb. Həmin sözə yunanların toponim ifadə edən hissəcikləri “ena”nı artıranda isə “Atarpatena” əmələ gəlir. Dediyim odur ki, “Azərbaycan” sözünün etimologiyasını fars lüğətlərində, “Avesta”da və digər mənbələrdə axtarmaq yanlışdır. Qədim mənbələr konkret göstərir ki, sözün kökü əsl türk sözlərinə söykənir”.

H.Həsənov bu sözün toponim adlarında qorunub qorunmamasına da aydınlıq gətirib: “Arbat” sözü hazırkı qırğız dilində “ulu babalar” deməkdir. Krım xanlığında vali rütbəsidir. “Orbay” müasir Türkiyədə soyadıdır. “Arbat” türkəsilli tuvalılarda, “Urbat” monqol əsilli xalqlarda şəxs adıdır. Azərbaycana gəldikdə isə İrəvan Xanlığında “Arbat” adlı yaşayış məntəqəsi olub. Eyni adlı kəndin xarabalığı Cavad qəzasında olub. Abşerondakı Pirəkəşkül kəndinin qədim adı Arbatdır. Avropa xəritələrində Pirəkəşkülün adı “Arbat” kimi göstərilir. Yaxşı, bəs, axı, bizim dövlətin adı “Adarbadan”dır. Səlyanda “Arbatan” adlı kənd, Naxçıvanda qəsəbə vardı. “Arbatan” sözünün əvvəlinə “ata” sözünü əlavə etsək, “Atarbatan” alınır. “Orbay/ərbat” sözünün etimologiyasına nəzər salsaq, “Or” qədim türk dilində “ur” kimi işlənir. “Vur” sözünə adekvatdır. Rusların “ura” sözü də türkəsillidir. “Vurmaq” mənasında işlənir. “Ər”, “bay” sözlərini izaha ehtiyac yoxdur. “Bat” sözü də “batur” sözünün qədim versiyasıdır. “Qəhrəman”, “igid”, mənasını verir”.

Alim Atropatenanın yenidən dövlət kimi müstəqillik qazanmasına belə aydınlıq gətirdi: “İsgəndər eramızdan əvvəl 323-cü ildə vəfat etdi. Onun yerinə Perdikka gəldi. Perdikka bizim Arbatın kürəkəni idi. Sual oluna bilər ki, Atropatenanın o boyda imperiyanın tərkibindən ayrılıb müstəqil olmasına niyə icazə verdilər? Bu sualın cavabı əslində çox sadədir. İsgəndərin sağlığında Atropatın düşmənləri çox idi. Çalışırdılar ki, onu imperatorun gözündən salsınlar. Sərkərdəsə daha uzaqgörən davranıb satraplığın ərazisindəki bütün üsyanları təkbaşına, Makedoniya qoşununun köməyi olmadan yatırır. Beləcə, İsgəndərin etibarını qazanır. Satraplıq ərazisində Makedoniya qoşunu saxlanılmır. İsgəndər öləndəsə Atropatena ərazisində bircə nəfər də olsun, Makedoniya əsgəri yox idi. İmperiyanın başı taxt çəkişmələrinə qarışdığından Atropat çəkinmədən satraplığı müstəqil elan edir”.

İştirakçıların böyük marağına səbəb olan görüşün sonunda Həsən Həsənov bır sıra sualları da cavablandırdı. Sonda oxucular üçün kitab imzalayan Həsən Həsənov ən yaxşı sualların müəlliflərinə öz kitablarını hədiyyə etdi. Hədiyyə kitabların biri də mənim payıma düşdü. Və kitabxanamda ən dəyərli kitablar arasında yerini aldı.

 





22.12.2018    çap et  çap et