525.Az

Çətənə ceviz – dolaşıq tale


 

Çətənə ceviz – dolaşıq tale<b style="color:red"></b>

Şeirləri ilə çoxdan böyük oxucu kütləsinin sevgisini qazanan Məmməd İsmayılın publisistik yazılarını qəzetimizdə tez-tez oxuyursunuz. Onun bir çox hekayə və povestləri də ara-sıra oxucuların ixtiyarına verilmişdir. “Azərbaycan” jurnalı oktyabr nömrəsindən başlayaraq şairin “İz” romanının jurnal variantını çap edəcək. Həmin əsərdən bir parçanı diqqətinizə çatdırırıq. 

“Sədəqə əbədi hədiyyənin toxumudur, insan verdiyi sədəqənin kölgəsinə sığınır”.

Muradla Qəni bu dəfə də apardıqları cevizi bazarda satıb özlərini küçələrə vermişdilər. Qəninin kətan köynək cevizi yaxşı pula getmiş, dəyərinə-dəyməzinə satılan Muradın çətənə ceviziydi. Bunu görən Murad, Qəni ilə zarafat etməyi də unutmadı:

– İndi sən evə cibi dolu gedəcəksən, mən isə əli ətəyində, gəl belə bir iş görək, qazancımızı bir yerə qoyub qardaş malı kimi ortadan bölək?

Qəni nəm-nüm elədi:

– Yox, aşna, hərifəm, nəyəm, mən boğazımı yırtıb ceviz satanda sən özünçün bazar dükanlarında veyillənirdin, cevizinin yanında qalıb sataydın. Bir də mənim cevizim kətan köynəkdi, səninki kimi çətənə ha deyildi, hələ Allahına şükür elə ki, sən olmayanda özümünkünün gözünə qatıb sənin çətənəni də işə verdim, yoxsa heç o satılan da satılmazdı.

Murad Qənini yola gətirməyin çəmini bilirdi. Qağasının (Murad böyük qardaşı Şəmşəd kişiyə “qağa” deyirdi. Həm də bu “qağa” sözünü elə şirin-şirin deyirdi ki, tay-tuşları da onun diliylə Şəmşəd kişini “qağa” deyə çağırardılar.) saz çalmağı ona keçməsə də, amma hərdən-hərdən söz qoşmağı vardı. Eləmədi təmbəllik “Divani” üstündə yavaş-yavaş mızıldanmağa başladı:

 

Oğlunu lüt qoyubdu tacir olub ana,

Qəni.

Yaraşır yaza bilsəm bir gözəl

dastana Qəni...

 

Qəni əvvəl-əvvəl özünü karlığa vurmaq istədi: mənə nə, qoy nə söyləyir söyləsin, boş ağızdır danqıldadır, deyib-deyib yorulacaq. Murada da bu lazımdı. Bu dəfə lap Qəninin eşidə biləcəyi bir səslə baltanı kökündən vurdu:

 

Kəndlərindən gecə çıxıb

hamını yuxuya verib,

Bazara ceviz aparıb sonra gönü

suya verib,

Olub qopan qazancını

kababnan yuxuya verib

Kişi oğlu kişi kimi qulaq asıb

cana Qəni.

Ac qarınlar doyuzduruf,

batıbdı ehsana Qəni...

 

Qəni, Murad belə davam etsə, sabah, o biri gün dediyi pis-pis sözlər dilə-ağıza düşsə, Güvəndiyin ağzını tutsan, qulağı danışacaq, yaxşısı budur, Muradın ağzını vaxtında yumum, deyə fikirləşdi. Bir loğalaq pulu köhnə sırıqlısının qoltuq cibindən çıxarmağı ilə yolun ortasına səpələməyi bir oldu:

– Ə, a Murad, sən nə Allahsız adamsan? Di ha, rahatlandınmı? Di yığışdır bu zəhirmarları, qoy hamısı sənin olsun, yetər ki, sus, məni itin-qurdun dilinə salma.

Murad etdiyi zarafatın əndazədən çıxacağını heç düşünməmişdi, ona görə də pulları yerdən yığıb Qəninin döş cibinə soxdu:

– Ə, evi yıxılan, sən nə axmaq adamsan. Ə, heç zarafat-zad qanmırsan, sənin pulun mənim nəyimə lazımdır, zarafatdı eliyirik də, özüm səni cırnadırdım.

Muradın bu tövrü Qəninin ürəyincə oldu, amma bunu dilinə gətirmədi, dilucu gileyləndi:

– Bu boyda da zarafat olar?

Rayon mərkəzinin bu gəliş-gedişli küçəsi elə gəliş-gedişiylə də onlara bir az əvvəlki, qanqaraldıcı zarafatı unutduracaqdı.

Əyinləri-başları qaydasında olmasa da, gözləri bərli-bəzəkli şəhər qızlarında idi. Heç özləri də bilmirdilər nəyə baxırdılar, baxsalar belə, bundan nə çıxacaqdı. Yeniyetməlikdən oğlan çağına keçidin böhranlı dövrü başladığından içlərini dağıdan mübhəm güclə bacara bilmirdilər. Sanki rayon mərkəzi kəndlərindən 15-20 km. aralıdakı var olan bir yer deyildi, aşıq Əsədin söylədiyi nağıllardan qalma bir şəhərdi. Hərdənbir, təkəmseyrək küçələri tozudan maşınlar və ən vacibi də aradabir dəmir yolundan fit verə-verə keçib gedən yük qatarları olmasaydı, elə doğrudan da burası hazırca bir nağıl məkanı ola bilərdi. Əslində, bu gözdən uzaq, könüldən iraq rayon mərkəzində nağıllıq bir şey də yoxdu. Bura hara, aşıq əsədin danışdığı qapalı şərq bazarları hara? Bu uzaq rayon mərkəzini sadəcə onların arzu və xəyalları haylı-küylü şərq şəhərinə çeviridi. Bu şəhər onların gözlərinin qabağında deyil, xəyallarının içindəydi.

Heç gözləmədikləri halda bir qaraçı qızı sanki xəyal qurduqları nağıldan çıxıb qabaqlarını kəsdi:

– Ay oğlanlar, ay oğlanlar, siz o Qərib Seyidin cəddi, mənə bir nəzir verin.

Bu qəfil yalvarışdan karıxıb qaldılar. Sanki qaraçı da onların kənd uşaqları olduqlarını üst-başlarından oxumuşdu: rayon mərkəzindəki ürəyidaşlılara oxşamır bunlar, bir az da dil töksəm, məni əli boş qaytarmazlar:

– Siz o qolu kəsik Həzrət Abbas, məni naümid qaytarmayın.

Murad:

– Bircə dilənçimiz əksik idi, o da böyürdən çıxdı, ayə a Qəni, cevizin pulundan bir-iki manat ver ona, yaxamızdan əl çəksin,-dedi.

Qəni:

– Ə, qoy rədd olsun cəhənnəmə, elə mən özüm də dilənçi kimi bir şeyəm, mənim özümə nəzir verən lazımdı,-deyib qaraçının üstünə çımxırdı:

– Azzz sürük burdan, elə cəhənnəm olku, gözüm səni görməsin!

Qaraçı qız geyim-keçimindən heç buralar adamına oxşamırdı. Cındırından cinlər ürksə də, ölmüşün əsmər yanaqları çiçək kimi açılmışdı. Başına örtdüyü nimdaş yaylığı sürüşüb çiyninə düşdüyündən qulaqlarından asılan qızıl tanaları aydınca görünürdü. Yaylıqla üstünü örtməyə çalışsa da, boynuna bağladığı qızıl zəncir əsmər əndamının rəngindən rəng alıb parlayırdı. Nimdaş qofta və tumanı bədən gözəlliyini ört-basdır edə bilmirdi. Bu yoxsulluq içindəki ilahi gözəllik, dərkiçətin təzad Muradın gözündən yayınmadı: Kərəminə şükür, Allahım!

Qaraçı qız onlardan bir şey qopara bilməyəcəyini görüb ortası bulana-bulana yanlarından uzaqlaşdı. Yenicə özlərinə gəlib yollarını dəyişmişdilər ki, bu dəfə də dəmir yol tərəfdən qarşılarını kəsdi. Murada üz tutub mızıldandı:

– Görürəm mərd oğlansan, mənə bir yaxşılıq elə, əvəzində falına baxaram. Heç bilirsən, necə bilməyin gərəkən sirlər var?

Qəni:

– Azz yenəmi sənsən, azz, rədd ol get burdan dedim, bizim saa veriləcək pulumuz yoxdu, azz pulumuz olsaydı, bu küçələrdə nə itimiz azmışdı, hay, niyə palçıq ayaqlayırdıq, elə gedib restoranda kef çəkərdik, dana.

Murad:

– Ə bir qoy görək nə deyir.

Üzünü qaraçıya tutub:

– De görək yenə nə istəyirsən?

Qaraçı:

– Mənə dükandan çörək ala bilərsənmi,-deyib əldən-ələ keçməkdən əzik-üzük olan bir manatlığı Murada uzatdı.

Qaraçının kömürqarası ovcunun içində bir aləm abbası və qəpiklər dura-dura ona kağız manatı uzatması qağasının haçansa söylədiyi sözləri xatırladı Murada: Elə ki, axşam oldu, siçovul yuvasına daşıdığı cevizi sayan kimi dilənçi də başlayır diləndiyi pulları saymağa. Hər insan da o yoxsul dilənçiyə bənzəməli, hər gün Allaha etdiyi dualarının sayını bir az da artırmalıdır. Çünki bir gün gələcək o duaların Allah qarşısında hesabını verəcək. Bəlkə indi qaraçı qız ona dəmir pul yerinə kağız pulu uzatmasaydı, heç yüz il yüz ilə qalsa da qağasının bu kəlamını ağlına gətirməyəcək, mənasını bilməyəcəkdi. Bu qaraçı qızı da elə o kəlamın mütləq bir gün gərək olacağını Murada xatırlatmaq üçün qarşısına çıxmışdı bəlkə?! Bu çörək aldırmaq məsələsi də bir bəhanədir:

– Ay qız, pulun varsa, çörəyi özün niyə almırsan?

Nədənsə heç özü də bilmədən qaraçı qızla daha məhrəm bir dillə danışmağa başlamışdı.

Qaraçı:

– Sən get al, gələndə niyə özüm almadığımı deyərəm.

Bu işə Qəni də çaşıb qalmışdı:

– Ay Allahın qaraçısı, bir parça quru çörəyə görə dilənərlərmi?

Qaraçı qız günəşdən yanıb qaralmış sifətindən bir cüt ulduz kimi yanıb şölələnən ümidli gözlərini qıyıb altdan-altdan Qəniyə baxdı:

– Sən heç o bir parça çörəyin nə olduğunu bilirsənmi? Yolda görəndə onu niyə öpüb göz üstə qoyurlar? Toxluq Tanrıdandır, çörək bəhanədir.

Qaraçı qızın, əyninə, başına yaraşmayan bu gözlənilməz sözlərindən Qəninin ağzı açıla qaldı. Ürəyindən keçən, canı yanmışın bir üstünə-başına, bir də ağzından çıxan sözünə bax, kəlmələrini dilnə gətirmədi.

Murad:

– Yaxşı, pulun özünə qalsın, mən gedib sənə çörək alaram.

Qəni bilmirdi Murad niyə belə edir, qaraçı qızının hisli-paslı əlindən irgənir, yoxsa falına baxaram deməyinə suyulub.

Qaraçı:

– Yox, olmaz, mənim pulumnan almağını istəyirəm, qarşılığını verdi.

Murad qaraçının bu inadında nəsə gizli bir şey olduğunu düşünüb kirli manatlığı əti çimçəşə-çimçəşə aldı. Çörək dükanı uzaqda deyildi, az keçmədi ki, əlində təzə, isti çörək Qəni ilə qaraçının dayandıqları yerə qayıtdı. Qaraçı qız sanki elə onun gəlişini gözləyirdi, başladı zəvziməyə:

– Ay qardaş, ay qardaş, sən o Həzrət Abbasın kəsik qolları, əlindəki çörəkdən mənə də ver.Yalvarıram, məni əliboş qaytarma.

Bu dəfə də Murad çaşıb qaldı. Canım, bu qaraçı qızın görünür başına hava gəlib, pul onun, çörək onun niyə dilənsin axı? Fikrindən keçəni dilinə də gətirdi:

– Ay qız, pul sənin, çörək sənin, daha niyə dilənib zəvziyirsən? Bu çörəyi özün alammazdınmı?

Qaraçı qız:

– Ala bilməzdim, çünki verdiyim pul da mənim deyildi, onu da dilənib almışdım. Bizim həyatımız belədi, dilənmədən aldığımız çörək canımıza sinməz. Sən heç dərviş-filan görmədinmi? Bunun nə demək olduğunu bilməzsən, amma bax, burda deyirəm, bir zaman gələcək ki, dərvişlərin niyə qapı-qapı gəzib Allah rizasına çörək istədiklərinin fərqinə varacaqsan.

Qaraçı qız nəsə fikirləşib, qarşısındakının içindən keçənləri olduğu kimi oxuya bilən bir adam arxayınlığıyla dilləndi:

–Görürəm rəhimdil oğlansan, verəcəyin sədəqəni hər vaxt bir Tanrı quluna ver, Tanrı quluna verilən sədəqə elə Tanrının özünə verilən kimidir. Fağırın əlinə düşən ondan əvvəl Tanrının əlinə düşər.

Murad qaraçı qızın dediyi sözləri eşidəndə quruyub qaldı: Ağzı yanmış elə bil qağamın dizinin dibində oturub, on ildir dediklərini çinədanına yığıb. Sən bunun cırığından cinlər ürkən geyim-keçiminə, bir də ağzından çıxan sözünə bax.

Qaraçı qız elə bil içindən keçənləri üzünə söyləməklə Muradı heyrətləndirməyi qarşısına məqsəd qoymuşdu:

–İnsanın ruzusu insandan qaçmaz, çünki tədbir insandan, təqdir Allahdandır. Tamah edənə izzət, qənaət edənə zillət yoxdur, dediklərim ağlına batdısa, indi aç əlini, falına baxım.

Əyilib əlini tutmaq istədi. Murad diksinib geri çəkildi. Qəribəsi bu idi ki, bu dəfə də Murad qaraçı qızın içindən keçənləri başa düşmüşdü. Və başa düşdüyünə görə də çaş-baş qalmışdı. Bəlkə heç özü də hiss etmədən sirrə toxunmuşdu. Görünür, Allah dünya və yaşam sirrini hər insana ömründə çox yox, heç olmasa bircə dəfə açır. Bu sirraçımına hazır olub –olmamaq isə ayrı bir işdir. İndi qaraçı qızla üzbəsurət söhbəti də davamı məchula uzanan bir sirr deyildimiə

Qaraçı, Muradın tərəddüd içində fikrə daldığını görüb dilləndi:

– İstəmirsən, istəmə. Amma lap nahaq yerə. Bilməyin gərəkən o qədər şey vardı ki? Yoxsa söyləyəcəklərimdən qorxursan, qorxma, mən sənə dünənindən yox, sabahından deyəcəyəm. Qəniyə işarət edib:

– Bəlkə bunun sirrini bilməsini istəmirsən, doğru da eləyirsən. Sirr başqasının yanında açılanda heydən düşür, həm də o başqasının ki, açılan sirrin bir başa onunla da əlaqəsi var. Bəri dur, bu ağacın altına, sənə həyatının ən sirli yönlərini söyləyim. Sirrini gizləyən işinə hakim olar.

– Adının xeyirliyə çəkilmədiyini görən Qəni dişinin dibindən çıxanları hüdülüyüb tökməyə gecikmədi:

– Ə, görmürsənmi, bunun başı çatmır, sənin dəmi başın çatmır? Sənnən mənim aramda nə sirr ola bilər, qoy rədd olsun, bəri gəl, gedək. Sirr bilən olsaydı, dilənərdimi?

Muradın da bu öz puluna alınan çörəyi də dilənən qaraçıdan ağlı bir şey kəsmədi, ya nədənsə üzünü qaraçı qıza tutub:

– Yox, lazım deyil, bir sonrakı dəfə,-dedi.

– Özün bil, amma gün gələcək falına baxdırmadığına, başına gələcəkləri öyrənmədiyinə görə peşiman olacaqsan.Mən ki, falına baxmaq üçün səndən bir şey istəmirəm. Bu dünyada gözünə görünən nə varsa, hamısı bir-biri ilə əlaqəlidir, o bunsuz yaşaya bilməz, bu onsuz.Verdiyim pulla aldığın çörək sən istəməsən də bizi bir-birimizə bağladı. Tale bir gün səni mənim yolumun üstünə çıxarmalıydı, çıxardı da. Çıxarmalıydı ki, mənə çörək alasan. əslində, həyatda hərə bir cür dilənçidir, biri çörək pulunu dilənir, o biri arzusunun başa varması üçün Tanrıya əl açır, diqqətlə baxsan ikisi də eyni şeydi. Sənə çörək almaq üçün verdiyim pulu kimdən dilənmişəm, yadımda deyil, o beş quruş neçə əl dəyişdirib mənə çatana qədər.Unutma, həyatın bu gün bazarda satdığın çətənə ceviz kimidir, qırsan qırılmaz, yesən yeyilməz.

Çətənə ceviz söhbətinə gələndə Muradın heyrəti birə beş artdı: Bu zalımın qızı bazarda ceviz satdığımı, həm də çətənə ceviz satdığımı hardan bildi? Qağası demirdimi hər kəlamda və hərəkətdə bir hikmət gizlidir.Yol getdiyin zaman bir də görürsən yanından bir-biri ilə nə haqqındasa danışan iki adam keçir. Qulaq verirsən və birdən ucundan-qulağından eşitdiyin sözlərdən hiss edirsən ki, o adamlar özləri də bilmədən (bilmədənmi?) sənin dərdinin çarəsindən danışırlar. Sanki Allah içindəki tərəddüdləri yox etmək üçün başqa birisinin dili ilə “a qızım sana deyirəm, a gəlnim sən eşit”, – deyir. Bəlkə elə bu qaraçı qızı o qağamın dediyi adamlar kimi başıma gələcəkləri xəbər vermək üçün qarşıma çıxdı.

Qaraçını birinci dəfə ha deyildi ki, görürdü. Kəndə bir qablama arpa və ya qarğıdalıya falabaxan o qədər suyumsuz qaraçı gələrdi ki? Kişilər tüstü verib porsuqları yuvasından çıxarmaqla əlləşəndə, qaraçı arvadları günün qızmarını fürsət bilib fala baxmaq adına həyətləri dolaşır, ara xəlvət oldumu qarğıdalı dəninə sap keçirib toyuğa, cücəyə çidar atardılar. Yox, bu qaraçı o qaraçılara bənzəmirdi, sanki ağıllı bir adama dəli paltarı geydirmişdilər.Qağası demirdimi ağıl yaşda deyil, başdadır, bəzən heç oxuyub eləmədən də dünya sirlərini bilənlər tapılır.

Fürsətlər bulud kimidir, dəyərləndirməsən, gəlib keçər.Sanki gələcək peşimançılığının ayaq səslərini aydınca eşidirdi. Amma indi bu an, həm də Qəninin yanında falına baxdırmaq ona ar gəldi. Ağzı yanmış qaraçı heç Qəniyə əhəmiyyət də vermirdi, elə qırsaqqız olub onun falına baxmaq istəyirdi. Murad, suyulsa, falına baxdırsa, onda Qəninin yanında hörmətdən düşəcəyini fikirləşirdi...

 





02.09.2013    çap et  çap et