525.Az

"Limanlar ağlayar, gəmilər gedər..." - Tahir Talıblının şeirləri


 

"Limanlar ağlayar, gəmilər gedər..." - <b style="color:red">Tahir Talıblının şeirləri</b>

“Səndən gələn xoşdur mənə,
Ya gül göndər, ya da tikən.
Mehrin də xoş, qəhrin də xoş,
Ya xələt ver, ya da kəfən”.

Əhməd Yəsəvi

Deyəsən, zənglərim sənə xoş olmur
Sənin susmağınnan çox xoş oluram.
Mən göz düzəldirəm, üstə qaş olmur,
Gözümü tökürsən bihuş oluram.

Asıla qalmısan kipriklərimnən
Gözümdə sıxılmış bir damcı yaşsan
Ağrı göyərəcək, dərd cücərəcək
Qəfil tufan kimi haraya düşsən.

Bitər gözlərində ayrılıq, bitər
Yoxsa bir lal, dibsiz güman kimisən.
Limanlar ağlayar, gəmilər gedər...
Gəmisi qayıtmaz liman kimisən.

lll

Oxuyammadığın bir kitab kimi
Sirridi, şam olub əriyən gecəm.
Bu açılan səhər billur qab kimi
Düşüb əllərinnən çiliklənəcəm.

Bir ümid cücərməz gələn sabaha
Demə yaddaşımda, sən daha varsan.
Daha bir yad girər...
Könlünə daha...
Təzədən bir yeni yadın olarsan.
Sonra köhnələrsən, unudularsan,
Sonra tənha qalan qadın olarsan.

Sıxar duyğumuzu könül darlığı
Nə ismarıc yolla,
Nə də yol gözlət
Dolan o sevdalar məzarlığını
Gözüyün bir damcı yaşını gizlət.

lll
 
Bitili qara daşıydım
Çox yurddan-yurda daşındım
Qəriblik çəkdim aşındım
Yenə də üzü daş qaldım.

Bu dünya sərxoş dünyadı
İşi tamam boş dünyadı
Gördüm ki, çaş-baş dünyadı
Mən özüm də çaş-baş qaldım.

Yeyir kimi, yemir kimi
Nə gözləyir demir kimi
Bir ot basmış qəbir kimi
Söküldüm, içi boş qaldım.

lll

Çevir ki, içini astar üzünə
İçində gizlənən için talansın.
Haraya gedirsən bu kəm ağılnan
Karvanın basılsın, köçün talansın.

Nə gördük götürək düzdən-əyridən
Yüyən önnən gəldi, yəhər böyürdən
Özünnən qabaqda yalan səyirdən
Ağıllın görk olsun, bicin talansın.

Ələyin fırransın, külün ələnsin
Bir torba götürüb, dağlar dilənsin
Dişi qannı qurdun qana bələnsin
Qoyunun qırılsın, keçin talansın.

Bəxt harda cırnadı, tale kəc oldu
Ölüm də deyəsən, bir az gec oldu
Bir müdrik dedi ki, gəldik heç olduq
Ay Tahir, heç olan heçin talansın.

lll 

Aşıq Əli bir zəngində: Ay Tahir qağa, o gün üzünə demədim, nəəman sınıxıfsan, özünə fikir ver - günyədən düşmə, - dedi.

Nə gözə, nə qaşa vaxt baxan deyil
Qış gəlib qapının ağzını alıb
Ay Əli, bu xına, o xına deyil
Yaş gəlib, qapının ağzını alıb.

Nə səksən addayıb, nə yetmiş gedib
Ağıl göməşiyib, huşdan-huş gedib
Gözdən nur çəkilib, dişdən-diş gedib
Leş gəlib qapının ağzını alıb.

Ovumu bərədən qaçırdım, getdi
Bəxt bir yol gülmüşdü uçurdum, getdi
O dolu illəri keçirdim getdi
Boş gəlib qapının ağzını alıb.

Çox itlər hürüşdü, karvannar keçdi
Cavannıq mənim də əlimnən uçdu
Verəsim beşiydi, alasım üçdü,
Beş gəlib qapının ağzını alıb

Gəl dağı arana daşıma indi
Gözəlmi çıxacaq qarşına indi
Demə nə daş salım başıma indi -
Daş gəlib qapının ağzını alıb.

lll

Bu ömrə biçilən bir yazıdımı,
Yazıla-yazıla ayazıdımı?!
Dünya tərs dəyirman boğazıdımı,
Ölü atılan var, diri qayıdır.

Arşınçı arşında bezini görür.
Əyrilik əyridə izini görür.
Hər kəs gəlib məndə özünü görür
Hər kəs dəyib mənə, geri qayıdır.

İçim gennən gəzən qıraqlar kimi
Başımnan tökülür qınaqlar kimi
Üzünə baxılan qonaqlar kimi
Dərdin biri gedir, biri qayıdır.

lll

Uzaqda yurd qoxusu var.
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var.
Gözlərim qürbət səyriyir.

Yanır, yanır...
İçim qürbət havasına.
Yenə içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm
Yenə məni qınasalar.

Qat-qat qürbətlər görünür,
Durub göz-gözə qalalı.
Nə var ağrıdan anarı,
Nə var qürbətdən bəlalı.

Gəldi, bu da son, çatdı
Qürbət çıxmadı içimnən.
Keçdi karvannar da getdi
Tək mənmi qaldım köçümnən?

lll

Enibdi tanrıdan, haqdan
Dərddi, yenə bizə gəlir.
Gedən aldanışa gedir,
Gələn elə duza gəlir.

Mayası qudurub nəfdən
Kefcili bayılıb kefdən
Azrayılla dörd tərəfdə
Kişilər üz-üzə gəlir.

Beləcə dörüb, törəyib
Qurdu qəmgin, quşu qərib.
Bizi yiyəsizmi görüb
Ölüm üstümüzə gəlir.

lll

Qaşımıznan göz arası
Olumuna, qalımına şükür
Gecəynən gündüz arası
Gediminə, gəliminə şükür.

Bizi yenə div aparır,
Nağıllar gəlib aparır
Keflər alladıb aparır
Biz çəkən zülmünə şükür.

Bir az çalpaşıq veribsən,
Suynan, işıqnan veribsən
Dəryadan bir qaşıq veribsən
Bir qaşıq elminə şükür.

Taxt yazdığın taxtsız olmur,
Baxt yazdığın baxtsız olmur.
Ölüm heç vaxt vaxtsız olmur,
Vaxtlı-vaxtsız ölümünə şükür.

lll

Nə qədər ki, ürəklərdə daşlar var
Gözümüzdən töküləsi yaşlar var
Aşkardan da o tərəfdə aşkar var,
Min gizlin var, hər aşkarın içində.

Görən varmı, Nuhdan qalsın, ölməsin,
Qəvi tale bir kimsəyə gülməsin.
Bilən bilsin, bilməyənlər bilməsin
Oturubdu pir, aşkarın içində.

Günnən-günə yol azdırdı bələdim
Yaxşı nədi, yaman nədi, bilmədim
Ömrü-günü xəlbirlədim, ələdim
Mətəl qaldım bir aşkarın içində.

lll

Bəxtində bir kişi vardı,
O kişini sən öldürdün.
Bilmədim bilə-biləmi,
Bəlkə bilmədən öldürdün?!

Günü ölümə açılar
Kişi ölümnən asılar
Məni içimnən acılar
Yoxsa, sən gendən öldürdün?

Tanrım, adamı dərd oyar,
Dərdin özü də bir boya
Sənin adına dünyaya
Gəldiyim gündən öldürdün.

lll

Təsbeh dənəsidi əlində - sevgin
Nə qədər çevirə, çəkə bilərsən.
Başına fırlada bilərsən məni,
İstəsən başınnan əkə bilərsən.

Bu oyun nəyimə gərəkdi, sonda
Günümü göynətsin, içimi yesin
Gözümnən bir uzun yol çəkdi sonda
Gözümün içini qurd kimi yesin?

Bu qara sevdada bir gün boğulsam
Demirəm, yazıqla, istə sən məni
İşdi, bu dünyada bir də doğulsam,
Bir də öldürərsən, istəsən, məni.

Mən kiməm...
Hər dürlü halıma sevin
Tanrı sevdalısı, bir eşq dəlisi
Sənin əllərində çevikdi sevgin
Sevgin - əllərində təsbeh dənəsi.

lll


“Ələstdə “bəli” deyən sübhana baş endirir...”
       Aşıq Ələsgər

Addadım, keçdim özümnən
Tapdım düşüncəmdə səni.
Su kimi axıb üzünnən
Gördüm təkdə, cəmdə səni.

Gəlirsən gizli, açdıqca
Sirsən, sehirsən açdıqca
Mən özümü tanıdıqca
Tanımışam həm də səni.

Ya çatmazda, çatardayam,
Ya gendəyəm, ya dardayam
Heç bilməsəm də hardayam
Çağırram hər dəmdə səni.
lll
Sevgindi qəzəb köpürür
Dönüb özünə qayıdır.
Ruhları tanrı üfürür
Sonda özünə qayıdır.

Hər şey qayıdır özünə
Hər zərrə tamına çəkir
Ölümdü, sevgidi, dərddi
O da adamına çəkir.

Dünya sirrədən sıyrılıb
Hələ sirrərə tablaşır
Kişi qadınnan ayrılıb
Gəlib qadında tamlaşır.

Tahir TALIBLI

 





24.12.2018    çap et  çap et