525.Az

Ünsiyyət - Səyavuş Məmmədzadənin şeiri


 

Ünsiyyət - <b style="color:red">Səyavuş Məmmədzadənin şeiri </b>

Məmməd Oruca

Yaxşı ki, sən varsan bu gen dünyada
Doğmadan doğmasan, həyansan yada.
Sənin mərhəmətin elindən böyük
Özündən ağırdır daşıdığın yük...
Burdan Amerikaya əl uzadardın,
Yazıçı Eminlə məktublaşardın.
Yaxşı yadımdadır o yazışmalar:
Çiçəyin üstünə qar yağırdı, qar...
Mən Emin qardaşı indi anıram,
Qürbətdə yanana mən də yanıram.
Ovutmaq istədin onun dərdini,
Necə ovudasan yurd həsrətini?
İndi də sən bizə gəlib-gedirsən  

Yollarda nə qədər vaxt itirirsən...
Bu gün yenə gəldin, şahmat oynadıq,
Emini, Əhədi, Rövşəni andıq...
Yenə çay dəmlədin öz evin kimi,
Qovdun qəlbimdəki nisgili, qəmi.
Mənimçün havadır, sudur ünsiyyət,
Ünsiyyətdən doğur dosta məhəbbət...

10 Dekabr, 2018.

 





24.12.2018    çap et  çap et