525.Az

Nahid Şəmşirin şeirləri


 

Nahid Şəmşirin <b style="color:red">şeirləri</b>

Min-min

  

Əzəldən binası qoyulub belə,

Yaxşısı tək-təkdi, yamanı min-min.

Bir ömür,  

Sonunda iki qapısı,

İnsan oğlununsa gümanı min-min.

 

Bəxtsiz hər neyləsə, hər işi sənsəl,

Vurnuxar, devikər, bir baş, iki əl,

Hayına hay verən tapılmaz, di gəl,

Küsəni min-mindi, umanı min-min.

 

Artıq zamanıdır, sazını endir,

Söylət asta-asta, danışdır, dindir,

İblisin libası, donu min-mindir,

Tanrının güzəşti, amanı min-min.

 

Dədə

Aşıq Şəmşirin ruhuna ithaf

 

Boşuna dolanır, bihudə dönür,

Bu dünyanın halı bəllidir, Dədə.

Dilbilməz hər kəsdən üzlü, qırmızı,

Yalançı hamıdan dillidir, Dədə.

 

Şəkəri acıdır, balı bal deyil,

Qarası qaradır, alı al deyil,

Kimdən soruşursan, halı hal deyil,

Könlü bulanıqdır, lillidir, Dədə.

 

Bu da bir axirət, son gün nağlıdır,

Suçlular kimlərdir, kimlər haqlıdır?

Suların aynası qaşqabaqlıdır,

Kirlidir, xal-xaldır, çillidir, Dədə.

 

Ya mədəd, mədəd

 

Mən ki, bu yollara düşdüm, düşəli,

Dilimdə, könlümdə ya mədəd, mədəd.

Səni zikr eyləyər, səni xatırlar,

Dilim də, könlüm də, ya mədəd, mədəd.

 

Yoxdan var eyləyər,  varı heç eylər,

Dəryanı qurudar, dağı puç eylər.

Əzəl qaydadır ki, biri üç eylər,

Şəfqət də, zülm də, ya mədəd, mədəd.

 

Bu həmən dünyadı, doqquzu dondu,

Axırı əvvəldi, əvvəli sondu,

Sənin təbirindən yoluma qondu,

Həyat da, ölüm də, ya mədəd, mədəd.

 

Allaha şükür

          Kamal Abdullaya

 

Varsa da, Allaha şükür,

Yoxsa da, Allaha şükür.

Azsa da Allaha şükür,

 Çoxsa da, Allaha şükür.

 

Ağadı, quldu, məlikdi,

Hamı ölümə yenikdi,

Bu can bizdə hələlikdi,

Çıxsa da, Allaha şükür.

Sahib odur, odur əzəl,

Al yükünü, yola düzəl,

Tiksə, nə yaxşı, nə gözəl,

Yıxsa da, Allaha şükür.

 

Oldu

 

Şaxta vurdu, dolu döydü,

Yaz gülləri hədər oldu.

Nəfsinə dov gələmmədi,

İnsan gəldi-gedər oldu.

 

Qırışdı, bürüşdü üzü,

Boşaldı, tutmadı dizi,

Axır bu gedər-gəlməzin,

Adı tale, qədər oldu.

 

Sovruldu göylərə külü,

Ha sızılda zülüm-zülüm,

Bu nagahan gələn ölüm,

Ölümdən də betər oldu.

 

Ağır

Qocaldın, iş-işdən keçdi,

Yaşın ağır, başın ağır.

Nə et, nə eylə, yanlışdır.

Çünki artıq daşın ağır.

 

Kəsildi sovqatlar, paylar,

Üzündə qat kəsdi laylar,

Bir söz, ağır keçir aylar,

Yazın ağır, qışın ağır.

 

Yeriyirsən, yol uzanır,

Durursan, şeytan qazanır,

Aldığın nəfəs nazlanır,

Vallah, sənin işin ağır.

 

Qocaldın, iş-işdən keçdi,

Yaşın ağır, başın ağır.

Nə et, nə eylə, yanlışdır.

Çünki artıq daşın ağır...

 





02.09.2013    çap et  çap et