525.Az

AŞPA Bürosunda Azərbaycanda keçiriləcək seçkilərdə müşahidəçilik məsələsi müzakirə olunub


 

AŞPA Bürosunda Azərbaycanda keçiriləcək seçkilərdə müşahidəçilik məsələsi müzakirə olunub<b style="color:red"></b> Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Xorvatiyanın Dubrovnik şəhərində Azərbaycanda keçiriləcək seçkilərin müşahidə olunması məsələsi müzakirə edilib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun APA-ya verdiyi xəbərə görə, AŞPA müşahidə missiyasının rəhbəri Robert Ualter Azərbaycandakı seçkilərin müşahidəsi ilə bağlı planları haqda iştirakçıları məlumatlandırıb. Belə ki, sentyabrın 10-da R. Ualterin rəhbərlik etdiyi missiya Azərbaycanda seçkiqabağı situasiyanın müşahidəsi məqsədilə Bakıya gələcək. Missiya bir neçə gün ərzində bir sıra görüşlər, o cümlədən rəsmi şəxslər və prezidentliyə namizədlərlə görüşlər keçirəcək. 
 
Seçki günü AŞPA-nın 32 nəfərlik nümayəndə heyəti müşahidə aparacaq.
 
İclasda çıxış edən S. Seyidov Azərbaycanın həm seçkidən əvvəl, həm də səsvermə günü müşahidəçiləri qəbul etməyə hazır olduğunu söyləyib: “Düşünürəm ki, Avropa Şurası, xüsusən də AŞPA Azərbaycanda baş verən bütün prosesləri və bu proseslərin beynəlxalq norma və standartlara uyğunluğunu əyani şəkildə görəcək. Əlbəttə, qiymətləndirmə aparmaq və nəticələr çıxarmaq onların vəzifəsi və işidir. Biz öz tərəfimizdən onların işinin yüksək səviyyədə olması üçün bütün səyləri göstərəcəyik”. 
 
S. Seyidov Büro iclasında AŞPA-nın payız sessiyasının gündəliyinin müzakirə olunduğunu da bildirib. Gündəlikdə Azərbaycanla bağlı məsələ olmasa da, Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova AŞPA-ya məruzə təqdim edəcək. Sessiya 30 sentyabr - 4 oktyabr tarixlərində keçiriləcək.
 





02.09.2013    çap et  çap et