525.Az

Ağa Əminov - Cümhuriyyətin ticarət və sənaye naziri


 

Ağa Əminov - <b style="color:red">Cümhuriyyətin ticarət və sənaye naziri</b>

Azərbaycanın tanınmış dövlət xadimi Ağakərim Məşədi Kərim oğlu Əminov 1888-ci ildə Bakıda anadan olmuşdu.

O, 1907-ci ildə Bakıdakı Gimnaziyanı başa vurduqdan sonra Rusiyanın Peterburq şəhərinə gedərək orada Dağ-Mədən Mühəndisləri İnstitutunda təhsil almışdı. A.Əminov Peterburqda oxuyarkən azərbaycanlı tələbələrdən ibarət Həmyerlilər Cəmiyyətinin üzvü kimi də fəallıq göstərmişdi.

O, 1911-ci ildə təhsilini başa vurub Bakıya qayıtdıqdan sonra Sabunçu-Suraxanı neft mədənlərində mühəndis işində çalışmışdı.

Bu illərdə Bakıda yaradılmış və getdikcə xalq arasında nüfuz qazanan Müsavat Partiyası sıralarına daxil olmuşdu. 1917-ci ildə Rusiyada baş verən Fevral-burjua inqilabından sonra A.Əminovun siyasi fəaliyyəti genişlənmişdi. A.Əminov 1917-ci ilin aprelin 15-20-də Bakıda keçirilən Qafqaz Müsəlmanları qurultayının  iştirakçısı olmuş, 1917-ci ilin oktyabrında isə Müsavat Partiyasının birinci qurultayının keçirilməsində fəal rol oynamışdı.

A.Əminov "Azərbaycan Milli Şurasının Məclisi-Məbusanı haqqında qanun"a əsasən, Müsavat Partiyasından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinə üzv seçilmişdi.

A.Əminov N.Yusifbəylinin 1919-cu ilin martın 14-də formalaşdırdığı və 1919-cu ilin dekabrın 22-nə qədər davam edən dördüncü Hökumət kabinəsində Ticarət və Sənaye naziri vəzifəsini icra etmişdi.

O, nazir olduğu dövrdə iqtisadiyyatda liberallaşma xəttinə təşəbbüs göstərmiş, neft və neft məhsullarının mal mübadiləsi aparmadan Azərbaycandan kənara sərbəst çıxarılması haqqında Hökumət qərarının qəbuluna nail olmuşdu.

A.Əminov Azərbaycanda ilk dəfə olaraq məlumat alıb-ötürmək imkanlarının genişlənməsi üçün informasiya agentliyinin yaradılması ilə bağlı parlamentdə çıxış etmişdir. Sonradan onun bu çıxışı "Azərtac" İnformasiya Agentliyinin yaradılmasında əsas olmuşdu.

A.Əminov 1918-1919-cu illərdə "Müsəlman gecələri" təşkilinin əsas təşkilatçılarından biri olmuş və 1919-cu ilin mayında Müsəlman Zəhmətkeş Ziyalıları İttifaqının yaradılmasında fəal rol oynamışdır.

Ağa Əminov 1918-ci ildə yaradılan Azərbaycan Parlamentinin üzvü idi və onun burada çıxışlarına rast gəlmək mümkündür.

Azərbaycan Parlamentinin 1920-ci ilin 19 fevralında keçirilən 126-cı iclasında 12-yə qədər məsələ müzakirəyə çıxarılmışdı. 4-cü məsələ, yəni "Gəncə şəhərində hərbi zavod açılması haqqında qanun layihəsi" barədə məruzəçi olaraq A.Əminov çıxış etdi. O bildirdi ki, Gəncədə bir emalatxana var və  bu da ordunun ehtiyacını təmin etmir, indi orada bir zavod tikmək nəzərdə tutulmuşdu. Bundan ötrü oraya Bakıdan müəyyən dəzgahlar və sairələr aparılacaqdı.

A.Əminovun məruzəsindən sonra H.Ağayev, İsmayılzadə (sosialist), S. Ağamalıoğlu, A.Aşurov, Hacı Molla Əhməd, İ.Əbilov, Ə.Qarayev, M.S.Axundzadə, A.Qardaşov çıxış etdilər.

Sonda A.Əminov çıxış edərək, təcili hərbi hazırlıqlar lazım olduğunu, istiqlalımızı müdafiə etməyin vacibliyini, hərbi zavod açmağın əhəmiyyətini qeyd etdi.

Qanun layihəsinin ikinci oxunuşu səsə qoyularaq qəbul olundu.

1920-ci ilin fevralın 23-də Parlamentin 127-ci iclası keçirildi. İclasa sədrliyi M.Y.Cəfərov, katibliyi isə M.Hacınski edirdi. İclasda 8 məsələnin müzakirəsi nəzərdə tutulmuşdu. Bu iclasda A.Əminov 3 məsələ ilə bağlı məruzə etdi: 1) Gəncə şəhərində hərbi zavod açılması haqqında qanun layihəsinin 3-cü oxunuşu; 2) Bakı Sahil Radiostansiyasının ştatı haqqında; 3) Zaqatala şəhərini Tala çay nəhrinin daşqınından saxlamaq üçün sədd çəkilməsi haqqında.

A.Əminovun məruzə edəcəyi "Gəncədə hərbi zavod açılması haqqında qanun layihəsi" 3-cü oxunuşda heç bir düzəliş, əlavə olmadığından qəbul olundu.

Parlamentin 3-cü məsələsi olan "Bakı Sahil Radiostansiyasının ştatı haqqında qanun layihəsi" ilə bağlı A.Əminov məruzə etdi. O bildirdi ki, Bakıdakı radiostansiya (simsiz teleqraf) üç aparatdan ibarətdir və bu aparatlar bütün Avropanın üç böyük stansiyalarından eyni vaxtda gələn xəbərləri qəbul edə bilmir. A.Əminov təklif etdi ki, bu səbəbdən stansiya böyüdülüb genişləndirilməlidir.

O qeyd etdi ki, ölkədə olan 3 aparatdan 2-si alıcı, 3-cüsü isə həm alıcı, həm də ötürücüdür. O, sonuncu aparatın ingilislərdən alındığını və onun vasitəsi ilə bütün Xəzər dənizi sahillərinə məlumatı çatdırmağın mümkün olduğunu dedi. A.Əminov bildirdi ki, teleqrafda işləmək çox çətindir və hər bir məmur qanuna görə teleqrafda olarkən 6 saat qulaq asmalıdır. O məlumatlandırdı ki, Maliyyə-büdcə komissiyası iş vaxtını azaldıb 4 saat təyin etsə də, bu sahədə insanlar işləməyə maraq göstərmir. O, parlament üzvlərindən bunu nəzərə alıb radiostansiyanın ştatı ilə bağlı qanun layihəsinin qəbul edilməsini vacib saydı.

A.Əminov hazırda mövcud olan aparatın 24 saat ərzində 70 min sözdən artıq qəbul edə bilmədiyini və bir teleqraf agentliyi də təsis etməyin vacibliyini qeyd etdi. O bildirir ki, mövcud layihəyə baxılarkən xarici dil bilən məmurlara artıq maaş verilməsi nəzərdə tutulmuşdur.

A.Əminov ştat cədvəlində 12 məmur əvəzinə 18-nin göstərildiyini, avqustun 20-dən yanvarın 1-dək radiostansiyaya 528,803 manat pul xərcləndiyini söylədi. Sonra o, teleqraf məmurlarının maaş cədvəllərinin rəqəmlərini parlament üzvlərinə göstərdi və onlardan layihənin qəbulunu xahiş etdi.

Bu məsələ ilə bağlı A.Əminovdan sonra A.Aşurov, Ə.Əmircanov, H.Ağayev də çıxış etdilər. Sonda katib qanun layihəsini oxudu və qəbul edildi.

Parlament iclasında 6-cı məsələ olaraq "Zaqatala şəhərini Tala çayı nəhrinin daşqınından saxlamaq üçün sədd çəkilməsi haqqında qanun layihəsi" müzakirə olundu.

A.Əminov çıxış etdi və Zaqatala şəhərindən axan Tala çayının iki yerə bölündüyünü, sağ qolun şəhərin içindən keçdiyini, daşqın olanda bağlara və buradakı sənət məktəbinə çox zərər dəydiyini bildirdi. O qeyd etdi ki, oraya Su İdarəsi mühəndislər göndərib və onlar Tala çayı ayrılan yerdə bir bənd və sədd hazırlanmasını təklif ediblər. O qeyd etdi ki, belə olduqda daşan çayın zərərinin qarşısını almaq mümkün olacaq. Bundan ötrü smetaya görə 235 min 555 manat vəsait lazımdır.

Parlament üzvləri qanunun ikinci oxunuşuna keçilməsinə səs verdilər.

Parlamentin 1920-ci ilin martın 8-də keçirilən 131-ci iclasında 3-cü məsələnin müzakirəsi ilə bağlı A.Əminov məruzə etdi. O, məruzəsində əhalinin kasıb sinfinin və maaş alan məmurlarının ağır vəziyyətini söylədi. O bildirdi  ki, manatın kursunun aşağı düşməsi məmurların dolanışığına ciddi təsir göstərib. A.Əminov bir faktı açıqladı  ki, ilk olaraq Məmurlar İttifaqı təşəbbüs göstərərək Hökumətə layihə təqdim edib və maaşlara faiz artırılması təklifini irəli sürüblər. A.Əminov Azərbaycanda ümumilikdə 40.000 məmurdan 60 faizinin ailəli olduğunu nəzərə alıb məsələnin ciddiliyini də önə çəkdi.

Bu məsələ parlamentdə geniş müzakirəyə səbəb oldu. Müzakirələrdə A. Qardaşov, A.Səfikürdski, Ə.Qarayev, R.Kaplanov, Q.Qarabəyli, C.Məlikyeqanov, A.Kazımzadə, İ.Əbilov çıxış etdilər. Sonda məsələnin müzakirəsi növbəti iclasa saxlanıldı.

1920-ci ilin aprelin 8-də Parlamentin 139-cu iclası M.Y.Cəfərovun sədrliyi və R. Qaraşarovun katibliyi ilə keçirildi. Ə.Əmircanov dəmiryol tariflərinin artırılması haqqında qanun layihəsi ilə bağlı məruzə etdi. Məruzə ətrafında Q.Qarabəyov, nazir X.Məlikaslanov çıxış etdilər. Sonra sədr bildirdi ki, layihə ilə bağlı bir neçə  fikir vardır. O bildirdi ki, bu qanun layihəsi ilə bağlı fikir formasında olmasa da, təklif olaraq səslənmişdi ki, dəmiryolu ilə neft  başqa sahələrdir və bu məsələlər bir- birindən ayrılmalıdır.

A.Əminov bu məsələdə Maliyyə-büdcə komissiyası adından iclasa həmin təkliflə bağlı məlumatlar verdi və o fikrin komissiya tərəfindən irəli sürüldüyünü qeyd edərək dedi: "Tacirlər və alış-verişçilər buradan apardıqları nefti Batumda artıq qiymətə satırlar. Maliyyə-büdcə komissiyası, məmləkət daxilində həmişə vətənin mədaxilini artırıb məxaricini azaltmaq ilə məşğuldur. Bu komissiya ərzağın artırılması  bahalığın qarşısının alınması və xəzinəni yaxşı bir hala gətirib qiymətləndirmək vəzifəsi ilə məşğuldur. O qərar qoyub ki, malımızı Batumda artıq satanların əlindən xilas edək və həmin mənfəətdən xüsusi şəxslər deyil, bəlkə məmləkətimiz mənfəətbərdar olsun".

A.Əminovun belə mövqeyindən sonra nazir X.Məlikaslanov çıxış etdi və bu məsələyə Hökumətdə ayrıca baxılacağını bildirdi.

Parlamentin 1920-ci ilin 26 aprelində keçirilən 144-cü iclasında müzakirə edilən məsələlərdən biri də belə adlanırdı: "Orta təhsil məktəblərinin hazırlıq siniflərində dərs deyən müəllimlərin əmək haqqının artırılması haqqında qanun layihəsinin 2-ci müzakirəsi". Bu məsələ haqqında A.Əfəndizadə məruzə etdikdən sonra M.Mahmudov, A.Əminov və R.Qaraşarov çıxış etdilər. Qanun layihəsi maddə-maddə müzakirə olunduqdan sonra, 2-ci oxunuşda qəbul edildi.

Bu, A.Əminovun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində son çıxışı oldu.

1920-ci ilin aprelin 27-də Azərbaycan Rusiya bolşevikləri tərəfindən işğal edildikdən sonra A.Əminov bir müddət "Azərneft" sistemində işləmişdir.

A.Əminov 1921-ci ildə Bakıda vəfat edib.

 





28.12.2018    çap et  çap et