525.Az

Yaxşılığı anda çevirmək...


 

Yaxşılığı anda çevirmək...<b style="color:red"></b>

... Hər kəsin bir qazancı olur dünyada. Günümüzdə nifrəti qazanmaq nə qədər asandırsa, hörməti qazanmaq o qədər çətindir. Axı hörməti, məhəbbəti təkcə pul-para, min bir hədiyyə ilə qazanmaq olmur...

Bu yaxınlarda nurani bir qocadan belə bir söhbət eşitdim. Deyir ki, bir dəfə gedərkən qarşıma bir gənc çıxdı və məni qəsdən çiynimdən vurdu. Ona baxdım, tanımadım, düşündüm ki, mən bu adamı tanımıram və ona heç bir yaxşılıq etməmişəm. Elə isə nədən məni vurub keçər? Təəccübləndiniz, deyilmi? Demək ki, yaxşılıq etdiklərimiz bəzən bizə quyu qazar, xislətində iyilik olmayan biri anlamaz xeyirxah olanları... Ancaq kimsə bizi vuracaq, qədir bilməyəcək deyə, xeyir işlərimizdən, yaxşılıqdan vazmı keçəcəyik?

... Sən mənə güllə atdıqca
Mən sənə çiçək yollaram.
Nə sən xeyirxah olarsan,
Nə də mən zalım olaram...

Başqalarına qayğı ilə yanaşmaq, darda olana kömək etmək həm də imanın nişanəsidi. Allah xatirinə yaxşılıq edən özünü öyməz, əksinə, etdiklərini unudar... Ancaq xeyir işlər dalınca qoşar və bu yolda yıxılar-durar, amma yenə və yenə yoluna davam edər...

Yaşadığımız çevrədə insanlara qayğısı, xeyirxah əməlləri ilə şair, professor Elçin İsgəndərzadə də, düşünürəm (tək mən yox) bax belə bir insanlıq nümunəsidir. İlin-günün bu çətin vaxtında bir imkansız gəncin kitabını gün üzünə qovuşduran, birinin uçmuş hasarına çiynini verən və birinin yaralarına məlhəm olmağa çalışan, şeirlərində ürək dağlayan, yaxşılığıyla üzü gülən hörməti bütün titullardan qiymətli olan sadəcə Elçindən danışıram...

... 2004-cü il noyabrın 20-si, Vahid adına Poeziya Evində "Könlümün sarı simi" adlı ilk kitabımın təqdimatında (tədbirin aparıcısı Azər Turan idi) Elçin müəllim səfərdə olduğundan iştirak etmirdi. Amma onun mənə hədiyyə etdiyi bu ilk kitabın sevinci ilə baş-başa idim. Sabir Rüstəmxanlı öz çıxışı ilə məni bu kitabla qaldırıb dağın başına qoymuşdu... Yadımdadır, "Lider" televiziyası da Sabir müəllimlə müsahibəni vermişdi. Bütün bunlar qaranlıqda parlayan işıq kimiydi...Elçin müəllim hələ türk mətbuatında da kitabımı işıqlandırmışdı... Görəsən, bu günədək mənim kimi neçə gəncin qəlbini beləcə sevindirib Elçin müəllim... Bir çox ölkələrdə xeyir işlər görən belə nümunəvi insanlar üçün  mükafatlar təsis edilir. Məncə, bu mükafatın mahiyyəti yaxşılığı, qayğını təbliğ etmək, onu yaymaq istəyidir... Bu ona görə vacibdir ki, adamlar bir-birinə qarşı belə inamsız olmasınlar.

Amma bir təsəvvür edin, xeyir işlərdə adamlar bir-biri ilə yarışır. Paylaşmağı bacaran, qəlbi işıqlı, üzündə təbəssümü, dilində xoş sözləri olan insanların arasında  məncə, kimsə özünü yalqız hiss etməz, kimsə dünyaya etiraz kimi intihara qalxmaz... Bir də, dünya malına, sərvətinə görə olmur hər şey... Var-dövlətin içində də elə yazıq adamlar tanıyıram ki, tək-tənha qalıblar... Elçin müəllimin dünyanın hər bir yönündə dostları var, hörməti var. Çünki o, sevincini, kədərini, varını belə paylaşmağı gözəl bacarır. Onun yaxın-uzaq ölkələrdə qazandığı dostluğu, qardaşlığı təkcə özü üçün deyil, Vətən adına, bizim adımızadı...

... Bir ili də başa vurduq beləcə. "Bu il nə qazandım, nə etdim və bir də neçə könül sevindirdim, bir üzü güldürə bildimmi?" kimi suallarla gələn ilə bir qucaq sevgi ilə başlamağı arzu edərdim hər kəsə... Bu günlərdə Elçin müəllim mənə xeyli kitab, jurnal bağışlamışdı və mən də yazı yazmağı düşünmüşdüm.

Amma necə oldusa oxuduqlarımdan çox gördüklərimdən yazmaq istədim. Çünki yazılarında mələk, həyatda isə çox zalım olan adamlar gördüm...

... Vaxt tapmırıq hər kəsə, hər işə, kiminsə acı sözünə cavab verməyə, intiqam almağa və s. Amma vaxt ayırmaq lazım bir könül sevindirməyə, ürək oxşamağa, yıxılanı qaldırmağa, onda Vətəni də sevərik, onun yaralarına məlhəm də olarıq... Həm alim, həm yazar kimi dünyanın başına dolanan, işi başından aşan, amma yaxşılığı, xeyirxahlığı anda çevirən bizim əziz, doğma Elçin İsgəndərzadəmiz kimi...

Mina RƏŞİD        

 





28.12.2018    çap et  çap et