525.Az

Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri (davamı)


 

Dinin Azərbaycan mədəniyyətində və ədəbiyyatında yeri <b style="color:red">(davamı)</b>

XIII-XIV əsrlərdə Azərbaycan memarlığının inkişafında xatirə abidələri son dərəcə əhəmiyyətli mövqe tuturdu. Bu abidələrin tikilməsində əsas məqsəd hakim zümrəyə mənsub şəxslərə hörmət əlaməti olaraq onların xatirəsini əbədiləşdirmək idi. Məlum olduğu kimi, İslam dini ehkamlarında heykəl yaratmaq qadağa olduğundan bu dövrdə memarlıq vasitələrindən-xatirə abidələrindən geniş istifadə olunurdu. Beləliklə, yaradılmış qülləvari türbələr mahiyyəti etibarilə qəbir tikintisindən daha çox, memarlıq, memorial abidə səciyyəsini daşıyırdı. Bərdə, Qarabağlar, Xaçıntürbəli, Salmas, Xiyav, Füzuli bölgəsi Aşağı Veysəlli kəndində tikilən abidələr, Zəngilan bölgəsindəki abidələr dövrün xatirə-memarlıq abidələridir. Belə tikililərin üzərində təsvir motivləri verilmədiyindən şəxsiyyətlərin xatirəsi kitabələr vasitəsilə əbədiləşdirilirdi. Bərdə türbəsində sahəsi etibarilə ən çox yer tutan bəzək ünsürü silindrik gövdəni örtən və firuzəyi kaşıdan quraşdırılmış kitabədir. Bu kitabədə “Allah” sözü 200 dəfədən artıq naxış şəklində təkrarlanır.

XV əsrin ortalarında formalaşmış Şirvanşahlar saray kompleksi Yaxın Şərqin görkəmli daş memarlıq abidələrindəndir. Kompleksə daxil olan Şirvanşahlar türbəsinin baştağı Azərbaycan portallarınm ən gözəllərindəndir. Baştağda, çatmatağın üstündə stilləşmiş nəbati naxışlar, sol və sağdakı medalyonda isə güzgü əksliyilə təkrar olunan “memar Əli” sözləri verilmiş, portalın yuxarı hissəsində isə nəsx xəttilə, iki sırada Quran yazıları qabarıq formada daşlarda oyulmuşdur.

Baştağı salondan ayıran çatmatağlı giriş qapısının üstündəki ikisətirli daş kitabədə abidənin tikilmə tarixi haqqında məlumat bu cür verilir: “Ən böyük sultan, əzəmətli Şirvanşah, Allahın nəbisinin adaşı, dinin köməkçisi Xəlilullah – Allah onun dövlət və hökmranığını həmişəlik etsin, anası və oğlu üçün — Allah onların hər ikisinə də rəhmət etsin – bu nurlu türbənin tikilməsinə 939-cu ildə əmr etdi”.

Memarlıq sənətinin sonrakı inkişaf mərhələlərində XVI-XVII əsrlərdə dövrün ənənələri ilə yanaşı, yeni meyillər də özünü göstərir. İnşaat tiplərindəki dəyişiklik, əsasən, dini tələbatın daha geniş şəkildə ödənilməsi ilə əlaqədar idi. Ona görə də bu zaman çoxlu dini abidələr inşa edilirdi. Keçmişdə memorial məqsədləri üçün ucaldılan türbələrin ətrafında məscidlər tikilir, bu binalar dini ocaqlara çevrilirdi. Buna Ərdəbil kompleksi və qədim Gəncədəki Göy günbəz kompleksini misal göstərmək olar.

Bütün Yaxın Şərqdə olduğu kimi, Azərbaycan şəhərlərində də sənətkarlar müəyyən ixtisas üzrə ayrı-ayrı məhəllə və ya bazarlarda yerləşirdirlər. Bu məhəllə və ya bazarlar həmin sənətin adı ilə adlanırdı. XII əsrdə Azərbaycan şəhərlərində sənətkarların təşkilatları da var idi. Bu təşkilatların üzvləri əxilər (qardaşlar) adlanırdılar. Onları bir araya gətirən də dini amillər idi. Təşkilatın üzvləri sələmçilərə qarşı mübarizə edir, ehtiyac içərisində olan üzvlərinə və başqa şəhərlərdəki məsləkdaşlarıma kömək üçün vəsait toplayırdılar. XII əsrdə yaşamış Azərbaycan şairi Nizami də əxilərə rəğbət bəsləmişdir.

Azərbaycan memarlıq abidələrinin bədii tərtibatında kaşılardan geniş istifadə olunurdu. Nəbati ornament motivləri və ərəb əlifbasının nəsx xətti ilə yazılmış yazılar bu kaşılarım əsas bəzək xüsusiyyətlərini təşkil edir. Ağ, yaşıl, firuzəyi, mavi rənglərlə boyanmış bu kaşıların üzərindəki nəbati naxışlarda yarpaq, gül, çiçək, qıvrım budaqlardan təşkil edilmiş yazılarda isə şeir və Qurandan götürülmüş dini sözlər verilmişdir.

XIII-XIV əsrlərdə Azərbaycanda mövcud olan sənətlər içərisində toxuculuq sənəti xüsusilə geniş inkişaf etmişdir. Bu dövrün parçalarının ən tipik bəzəkləri Çin mədəniyyətinə xas olan fantastik quş və heyvan rəsmləri idi.

Əcdadlarımızın həyat və məişətində əvvəllər daha çox sırf əməli mahiyyət daşıyan xalça, sonralar zaman keçdikcə bəzək nümunəsi kimi işlənmişdir. Azərbaycan xalçaları növünə görə həcmcə balaca olan namazlıq xalçalarına, divar xalçalarına, qonaq otağını bəzəmək üçün bir neçə xalçadan ibarət dəst xalçalara ayrılır.

Türkiyədə saxlanılan ən qədim Azərbaycan xalçası XIII əsrə aiddir. Yerliyi mavi rəngli bu xalçanın üzərində iki tərəfdən qoşa çəngəlləri olan çoxlu bəzək motivləri verilmişdir. Bu bəzəklərin də ortasında ardıcıl təkrar olunan səkkizguşəli ulduz rəsmləri yeləşdirilmişdir. Bu elementlər xüsusi rəmzi məna kəsb etmişdir. Məsələn, qarmaqlı rombvari bəzək elementi uzaq keçmişdə bolluq, bərəkət anlayışları olub, bitki, torpaq və qadın rəmzi sayılırdı. Türkdilli xalqlarda həmin işarə əmin-amanlıq və bərəkəti bildirmiş, uğurlu ov və bol yem mənasını daşımışdır.

Xalçalarımızda əjdaha motivinə geniş yer verilməsi də əbəs deyildir. Əjdaha uzaq keçmişdəki türkdilli xalqların həyatı, məişəti, folkloru və mifologiyasinda önəmli yer tutur. Əjdaha uzun müddət su allahı və hakimiyyət rəmzi hesab edilirdi. Bundan başqa,  müxtəlif tarixi  mərhələlərdə və  müxtəlif tayfa və qəbilə birləşmələrində bu əfsanəvi surət həm xeyir, həm də şər qüvvələrinin simvolu sayılmışdır.

Dünya muzeylərini bəzəyən xalçalarımızdan biri də Qazaxın “Şıxlı” xalçasıdır. Xalçanın bəzək quruluşu çox maraqlıdır. Onun mavi və yaşılı rəngli yerliyi üzərində simmetriya əsasında qurulmuş 2, 4, 6 böyük ağac rəsmi, xırda gül-çiçək, qoç, quş fiqurları təsvir olunmuşdur. Xalçanın ara sahəsində yerləşən bu bədii bəzək elementləri dörd tərəfdən məscidlərdəki hündür taxta mehraba bənzər predmetlə əhatə olunaraq kompozisiyanı tamamlayırdı. Şıxlı kəndinin qocaman xalça toxucularının verdiyi məlumata görə, xalçanın ara sahəsində verilən bəzəkli təsvirlər cənnəti, onu dörd yandan bağlayan hündür əşyalar isə cənnətin qapısını təmsil edirdi.

Hazırda Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində saxlanılan “dörd fəsil” xalısı mövzu etibarilə diqqətəlayiqdir. Xalıda ilin fəsillərini açan təsvir elementləri daha çox rəmzi işarələrlə yeləndə verilmişdir. Məsələn, heyvanların üstündə təsvir edilən qartal motivi məhsul bayramıdır, kuzələrin təsviri payız bayramına aiddir, cəngavərin şirlə təkbətək vuruşu mövsüm bayramlarında keçirilən bolluq və zənginliyə işarədir.

Xalçanın maraqlı hissələrindən biri onun 4 bucağında verilən təsvirlərdir. Aşağıda solda “Adəm və Həvva”, sağda “Musa və Sina dağı”, yuxarıda sağda “İsmayılın qurban verilməsi”, solda “Musanın çobanlıq etməsi” səhnələri var.

(Ardı var)

 





03.09.2013    çap et  çap et