525.Az

Durul, arın, təzələn! - Türkan Turan


 

Durul, arın, təzələn! - <b style="color:red">Türkan Turan </b>

İlahi, necə bir il idi?! 2018-ə təyyarə ilə uzun məsafəli səfərə çıxmış kimi başladıq.

Gah pambıq kimi buludların üstünə qalxıb özümüzü xoşbəxt hiss etdik, gah mühərrikdə baş verən kiçicik qığılcımla yerə çırpılaraq yox olmağın kandarından geri döndük. Qorxu, təlaş, həyəcandan ürəyimiz qulağımızda döyündü. Hikkə canımızdan əl çəkmədi, hirs yaxamızdan düşmədi, dişlərimizi bir-birinə qıcaya-qıcaya, partlamağa hazır bomba kimi gəzdik.

Başlanğıcda həyatımızın Şaxta babanın xizək üzərində qırmızı lentlərlə bağladığı hədiyyə qutuları kimi bəzəkli-düzəkli olacağına inandıq. Üstündən bir neçə gün keçməmiş xəyal qırıqlıqları başladı. Gözümüz harada tutqun, boz rənglər varsa, ora zilləndi. Ucaltdığımız qalaların altında qaldıq, tikdiyimiz damlar başımıza uçuldu. Riyakarlıqla daha yaxından tanış olduq, xəyanətlər irişə-irişə qarşımıza dikildi. Yalanlar əl-ələ verib ətrafımızda dövrə vurdu. Ümidlər öləzidi, inam tükəndi, hər şeyin sonlandığını qəbul etdik. İtirdik, itirdik, itirdik! Özümüzü bundan sonra heç nəyin düzəlməyəcəyinə inandıraraq davam etdik. Təqvimlər bir-birini əvəzlədi, bir gün oturduğumuz bataqlığın içindən, qaralmış göy üzünə baxanda, buludların arasından görünən şəfəqin üfüqdə qızardığını gördük. Elə həmin an ayağa qalxmağa qərar verdik. Hə də, aydınlıq belə başlayır axı: öncə zülmət, sonra şəfəqlə.

İnsanın həmişə yenilənməyə ehtiyacı var. Di gəl, bir az tənbəllik edirik. Arınmaqdan, təmizlənməkdən, alışdığımız narahat rahatlıqlardan qurtulmağa ərinirik. Köhnə-kürüş duyğulardan, sınıq-salxaq münasibətlərdən, kələ-kötür insanlardan elə möhkəm yapışırıq ki, elə bil dünyadakı son şansımız elə onlardır. Əmək verməyə, enerji sərf etməyə, istəklərimizi, duyğularımızı cilalamağa can çəkirik. Günü aya, ayı ilə calayırıq. Təqvimlər dəyişir, zehnimiz dəyişmir ki, dəyişmir.

Bəzən adama elə gəlir ki, yeni il bütün bunlardan xilas olmaq üçün qurtuluşdur. Vurulan zərbələri, edilən yanlışları elə bu ərəfələrdə silib atmaq lazımdır. Yenilənmək üçün əla fürsətdir. Neçə yaşda oluruqsa olaq, nə yaşayırıqsa yaşayaq, yenidən başlamaq heç vaxt gec deyil. İlan öz dərisindən necə soyulursa, ağaclar saralan, quruyan yarpaqlarını necə tökürsə, ən dərin yaralar qaysaqlayaraq necə qopub düşürsə, insan ruhunun da qabıqdan çıxmağa, ölü hüceyrələrdən qurtulmağa o cür ehtiyacı var. Bəlkə də, buna görədir, özümüzü il sonuna ölümdən qaçıb canımızı qurtarırmışcasına çatdırmağımız. Bircə o biri ilə keçə bilsək, bütün lənətlərin geridə qalacağını fikirləşirik. Etdiyimiz xətaların, qırdığımız qəlblərin, qurşandığımız pis vərdişlərin buxarlanıb gedəcəyinə inanırıq. Hədəflərimizi böyük, ümidlərimizi bol, xəyallarımızı sərhədsiz tuturuq. Yeni bir “mən” axtarışına başlayırıq. Fəqət, çox vaxt bunları yaşaya bilmədən, dərk etmədən, zövq almadan bir ilə vida edirik. Hər şeyi o qədər ölçüb-biçir, kəsib doğrayırıq ki, dadını duymağa fürsətimiz qalmır.

Kimiləri üçün işıq surəti ilə keçən, bəziləri üçün isə boynundan daş asılmış kimi yerində donub qalan ilin bitməyinə iki sutka qalır. Qapının arxasında rənginə, qoxusuna, ədalətinə, mərhəmətinə, gözəl və ya eybəcər olduğuna bələd olmadığımız il bizi gözləyir. Necə başlasaq, elə davam edir deməyəcəm, mən buna inanmıram. Nə versək, eynisini geri alacağımıza əmin olanlardanam. İlin əvvəlinə nəzər salsaq, beynimizdəki rəflərə necə böyük hədəflər, məqsədlər sıraladığımızı görərik. Yaxşı, onlardan neçəsini yerindən tərpədə bildik, bəs, nə qədərini toz basdı? Bax, düşündürücü məqam budur!

2018-ci ilin 12 ay davam edəcək yoluna başqa planlarla çıxdım. Mənə lazım olmayan kim və nə varsa həyatıma doldurmuşdum. Hamı ildən-ilə təkcə canını götürüb adladığı halda, mən bir ton “yük”lə qapısından əyilə-əyilə, nəfəsim kəsilə-kəsilə, sağa-sola ilişə-ilişə keçirdim. Özümlə gətirdiklərimi ora-bura yerləşdirməklə məşğul olduğum üçün özümü qoymağa yer tapmırdım. Təbii ki, bu qədər qarışıqlıqda nə ağız deyəni qulaq eşidirdi, nə də addımımı atmağa yer olurdu. Ayağımı tərpədən kimi hansısa duyğunun qalığına, hansısa hissin qırığına, kiməsə ilişib yıxılırdım. Yox, hər şey belə davam eləmədi! Duruldum, arındım, silkinib üst başımı, süpürüb həyatımı təmizlədim. Tör-töküntüləri yığışdırdım. Geniş, fərah, səliqəli yer açdım. Ağlıma gəlməyən insanlar başıma gəldi. Layiqli yerlərə onları əyləşdirdim. Gözəl adamlar qazandım. Var olan dostluqlarımı möhkəmləndirdim, torpağımda heç cürə kök ata bilməyənləri çıxardıb tulladım. İlin əvvəlindəki planların təyinatı dəyişdi. O qədər yenilik baş verdi ki, bu ilə sığmadı. Bir də onda ayıldım ki, 2018-ci ilin son yazısını yazıram.

Yeni ildə hər birimizə daha çox empatiya, daha az didişmək diləyirəm. Bir-birimizə qılıncdan kəskin sözlərlə hücum çəkib, hər şeyi bir göz qırpımında yox etmədiyimiz sağlam ruh halı arzulayıram. 

İlan öz dərisindən necə soyulursa, ağaclar saralan, quruyan yarpaqlarını necə tökürsə, ən dərin yaralar qaysaqlayaraq necə qopub tökülürsə, biz də ruhumuzu eləcə təzələyək, soyulaq, arınaq! 2019-cu ildə, elə burdaca görüşək!

 





29.12.2018    çap et  çap et