525.Az

“Kardeş kalemler”in bu ildə son sayı


 

“Kardeş kalemler”in bu ildə son sayı<b style="color:red"></b>

Avrasiya Yazarlar Birliyi tərəfindən nəşr olunan “Kardeş kalemler” Aylıq Avrasiya Ədəbiyyatı Jurnalının 2018-ci il üçün son sayı nəşr olunub.

İlk material türkiyəli şair Dinçər Atəşdəndir. Oxucular burada onun yeni şeirləri ilə tanış olacaqlar. Dərginin Türkiyə bölməsində həmçinin, Semih Dirinin şeirləri, Avrasiya Yazarlar Birliyinin başqanı Yaqub Öməroğlunun Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunmuş  III Beynəlxalq İssik Göl Forumundakı nitqi (“Aytmatov insanı yazdı”), professor Şükrü Haluk Ağalının Mikayıl Müşfiqin doğuluşunun 110, ölümünün 80 illik yubileyinə həsr olunmuş məqaləsi də yer alıb.

Rumıniya bölməsində Məmməd İsmayıl tanınmış rumın şairi İon Deakoneskunun yaradıcılığından söz açıb. Məqaləni sözügedən şairin M.İsmayılın tərcüməsindəki şeirləri izləyib.

Baurcan Karağızulinin şeirləri, Malik Otarbayevin “Qağayı nağılı” hekayəsi və professor Dantay İskakulinin “Mağcan Cumabayın dastançılıq ənənəsində türküçülüyün izləri” məqaləsi (tərcümə Ergali Esbosin) Qazaxıstan bölməsindədir.

Qazaxıstanın ölkə başçısı Nursultan Nazarbayevin “Böyük Bozkırın yeddi cəhəti” adlı məqaləsi də tam olaraq dərginin dekabr sayında yayımlanıb.

“Kardeş kalemler”in budəfəki buraxılışında həmçinin, V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin qaliblərinin əsərləri də dərc olunub. Xatırladaq ki, müsabiqədə birinci yeri Kosovodan Rəşid Hanadan “Məhmət çavuş gəlir”, ikinci yeri Başqırdıstandan Fərzanə Ağbulatova “Xanbala ilə Xan bala”, üçüncü yeri isə İraq-Türkmən elindən Əlif Körpülü “Dönməyən yolçular” hekayələri ilə qazanıblar.

Bu dəfə Özbəkistanı dərgidə Marufjon Yoldaşev “Ana xətləriylə müstəqillik dövrü özbək ədəbiyyatı” məqaləsi ilə təmsil edir.

“Xəbər” bölməsində TÜRKSOY-un Yaponiyanın Musiqi alətləri muzeyində keçirdiyi konfransdan danışılır.

Şahanə MÜŞFİQ

 





30.12.2018    çap et  çap et