525.Az

Daşkəsənin daha iki kəndinə qaz verildi


 

BAYAN VƏ QUŞÇUDA YAŞAYAN SAKİNLƏR İLK DƏFƏ MAVİ YANACAQDAN İSTİFADƏNİN SEVİNCİNİ YAŞAYIBLAR

Daşkəsənin daha iki kəndinə qaz verildi <b style="color:red"></b>

Ölkəmizin ərazisindəki bütün yaşayış məntəqələrinin tam qazlaşdırılması prosesi sürətlə davam etdirilir.

Regionların Sosial-iqtisadi İnkişafı  üzrə Dövlət Proqramlarının tələbi əsasında əvvəllər mavi yanacaq təchizatı olmayan, xüsusilə dağlıq ərazilərdəki kəndlərə qaz xətləri çəkilişi uğurla həyata keçirilir. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibətilə Daşkəsən rayonunun Quşçu və Bayan kəndlərinə təbii qaz verilib.

Daşkəsən rayonunda qazlaşdırma işlərinin bu mərhələsində ümumilikdə 1029 fərdi evdən ibarət olan Bayan və Quşçu kəndlərinə birpilləli sistem əsasında ümumi uzunluğu 63 km-ə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı və paylayıcı qaz xətləri çəkilib, mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

İndiyədək mavi yanacağı olmayan bu iki kəndə qaz çəkilişinin başa çatmağı münasibətilə keçirilən görüşdə çıxış edən rayon Icra Hakimiyyətinin başçısı Əhəd Əbiyev sakinləri təbrik edərək, Daşkəsənin bu dağlıq məkanında bu gün hiss olunan sevincli anları respublikamızın hər bir guşəsində yaşayan insanların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan köklü işlərin daha bir nümunəsi kimi dəyərləndirib. Tədbirdə ictimaiyyət nümayəndələri, əlaqədar qurumların təmsilçiləri, sadə kənd sakinləri yerlərdə sadə insanların rifahının yüksəldilməsi üçün göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıq bildiriblər.

Kəndlərə qazın verilişini bildirən məşəl alovlandırılıb. Evlərdə qaz cihazları yandırılıb, abonentlərə təhlükəsizlik qaydaları izah edilib.

Qeyd edək ki, ölkə rəhbərinin 5 mart 2018-ci il tarixli 3749 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 2018-ci ildə qazlaşdırılması nəzərdə tutulan yaşayış məntəqələri və ərazilərinin siyahısında Daşkəsən rayonu üzrə də ümumilikdə 4 min nəfərdən çox əhalinin yaşadığı Quşçu və Bayan kəndlərinin qazlaşdırılması nəzərdə tutulmuşdu ki, bu işlər artıq uğurla yekunlaşıb.

Zakir MURADOV
Daşkəsən

 





30.12.2018    çap et  çap et