525.Az

Şabranda ədəbi həyat - İsa Həbibbəyli yazır


 

Şabranda ədəbi həyat - <b style="color:red">İsa Həbibbəyli yazır </b>

Azərbaycanda ədəbi-ictimai fikir əsrlər boyu həmişə paytaxtla yanaşı, ayrı-ayrı regionlarda da yaranıb inkişaf etmiş, biri digərini tamamlamışdır.

Obrazlı şəkildə desək, ictimai-siyasi ideyaların və ədəbiyyatın inkişafında paytaxt dəniz, ümman missiyasını daşımış, regionlar isə dənizə axan çayların funksiyasını yerinə yetirmişdir. Regionlardan axan çaylar dənizi təmiz və coşqun bulaq suları ilə zənginləşdirmişdir. Bu mənada regionlar arteriya damarları kimi ümmanları hərəkətə gətirmək vəzifəsini həyata keçirmişdir.

Regionlarsız yalnız paytaxt ədəbi mühiti qurumaq təhlükəsi qarşısında qalan dəniz kimi olar. Eyni zamanda, paytaxt ədəbi-ictimai mühitində gedən proseslər, formalaşan ümumi məktəblər, səslənən çağırışlar regionlardakı ədəbi gedişatı da istiqamətləndirməlidir. Yalnız paytaxtla regiondakı yaradıcı qüvvələr arasında sıx və qarşılıqlı əlaqələrin formalaşması ədəbi prosesin normal inkişafını təmin edə bilər. Bu mənada Azərbaycan ədəbiyyatının inkişafında müxtəlif əsrlərdə paytaxt şəhərləri ilə, məsələn Bakı və Təbrizlə yanaşı, Naxçıvan, Ərdəbil, Gəncə, Marağa, Dərbənd, Şuşa, Ordubad, Quba, Qazax, Lənkəran və sair kimi şəhərlərin ədəbi-mənəvi mühitinin özünəməxsus rolu olmuşdur. Xüsusən, XIX əsrdə Azərbaycanın ayrı-ayrı regionlarında fəaliyyət göstərmiş ədəbi məclislər sanki Azərbaycan Yazıçılar Birliyinin regional filialları, bölmələri rolunu oynamışlar. Bu proses sovet hakimiyyəti illərində Azərbaycan Yazıçılar Birliyinin bir neçə regional şöbəsinin rəsmi olaraq yaradılması və fəaliyyətlərinin tənzim edilməsi ilə bir qədər  sistemli şəkildə inkişaf etdirilmişdir. Müstəqil dövlətçilik şəraitində isə Azərbaycan Yazıçılar Birliyinin regionlarda şəbəkəsinin genişləndirilməsi və yaradıcılıq şəraitinin yaxşılaşdırması, xüsusən, bir sıra regionlarda ədəbi jurnal, almanax və qəzetlərin çap olunması paytaxt ədəbi mühiti ilə regional ədəbiyyat mühiti arasındakı fərqi azaltmışdır.

Bununla belə, Azərbaycanda paytaxtətrafı şəhərlərdə mühitin formalaşmasının özünəməxsus xüsusiyyətləri vardır. Adətən ölkənin baş kəndinə yaxın ərazilərin ədəbi qüvvələri paytaxtdakı ədəbi mühitdə təmsil olunmaq imkanları olduqları və öz maraqlarını orada fəaliyyət göstərən fərqli birlik, cəmiyyət və qruplarda tapa bildikləri üçün yaşadıqları yerlərdə hər hansı bir dərnək, ocaq yaratmaq təşəbbüsündə olmurlar. Lakin əgər paytaxtətrafı yerlərdə ədəbi məclislər yaranıbsa, deməli, burada iki mühüm faktordan biri baş vermişdir. Birincisi, paytaxtətrafı ədəbi mühitdə yaranan ədəbi məclis mərkəzdəki yaradıcılıq birliklərindən tamamilə fərqli istiqamətdə olduqda yaşamaq, öz ətrafında daimi yaradıcı qüvvələr toplamaq imkanları qazana bilir. Buna ən yaxşı misal Bakı şəhəri ətrafında olan kəndlərdə uzun illərdən bəri qəzəlxanlıq birliklərinin və meyxana məktəbinin öz fəaliyyətini davam etdirməkdə olduğunu göstərmək olar. Bakıətrafı qəzəlxanlıq birlikləri Əliağa Vahid və Azər Buzovnalı kimi tanınmın şairlərin Abşeron kəndlərində yaşaması əsasında inkişaf edib yaşayan və Azərbaycan ədəbiyyatına töhfələr verən ədəbi məclislər kimi ədəbiyyat tarixinə düşmək imkanları qazanan simalar yetişdirmək səviyyəsində inkişaf etmişlər. Abşeron meyxana məktəbi isə paytaxtda ənənəsi, dayağı olmayan bir janrda yaranmış ədəbiyyat kimi yalnız ətrafda inkişaf etmiş, hətta bəzən paytaxtdan da öz ətrafına “müştərilər” cəlb edə bilmişdir.

Haqqında bəhs etdiyimiz Şabran ədəbi mühiti də paytaxtətrafı mühit sırasından olan şeir-sənət mərkəzlərindən biridir. Bakıdan Şabrana qədər olan yüzkilometrlik məsafə nəqliyyat baxımından da o qədər əlverişlidir ki, rayonun ədəbi qüvvələri asanlıqla paytaxtdakı yaradıcılıq birlikləri, qəzet və jurnal redaksiyaları, nəşriyyatlarla əlaqə saxlamaq, ünsiyyət qurmaq imkanlarına malikdirlər. Həm də Şabranda yaranan ədəbiyyatla paytaxtda inkişaf edən ədəbiyyat arasında xüsusi bir janr, üslub fərqi yoxdur. Belə hallarda həmin regionda ciddi bir ədəbi mühit formalaşdırmaq çətinliklə baş verir. Lakin artıq neçə illərdir ki, Şabranda Xaqani şeir-sənət ocağı ardıcıl olaraq fəaliyyət göstərməklə davam edir. Hətta 2016-cı ildə Azərbaycan Yazıçılar Birliyi rəsmi olaraq Şabranda özünün bölməsini də yaratmışdır.

Fikrimizcə, Şabranda ölkə miqyasında qəbul edilən və Azərbaycan Yazıçılar Birliyinin Bölməsinə çevrilən ədəbi mühitin yaranmasının əsas səbəbi rayona rəhbərlik edən şəxsin həm də ciddi bir yaradıcı sima olması ilə əlaqədardır. Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov bu vaxta qədər çalışdığı rayonlarda sosial-iqtisadi göstəricilərlə yanaşı, maarif, mədəniyyət və mətbuatın da inkişaf etdirilməsi sahəsində nəzərəçarpacaq nailiyyətlər qazanmışdır. Onun İcra başçısı olduğu rayonlarda yaddaqalan ziyalı mühiti formalaşmışdır. Fikrimcə, bu fərqli bir üslubda çalışan Novruz Novruzovun təkcə işlədiyi rayonda deyil, ölkə miqyasında ədəbiyyat və mədəniyyətin inkişafına xidmətidir.

Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Novruz Novruzov müstəqillik dövrü Azərbaycan bədii nəsrinin və bədii publisistikasının tanınmış, qəbul olunan nümayəndələrindən biridir. Yaradıcılığındakı həyata və insana yaxınlıq, əsərlərindəki həyat nəfəsi və torpağa bağlılıq, təbiilik və sadəlik onun fərdi ədəbi simasını səciyyələndirir. Novruz Nəcəfoğlunun publisistikası da bədiilik xüsusiyyətinə görə fərqlənir və qəzetçilikdən uzaq olan, nəsr əsərlərinə yaxın bir tərzdə yaranan orijinal sənət örnəkləridir. Hazırkı mərhələdə o, ardıcıl yaradıcı fəaliyyəti ilə yeni Azərbaycan nəsrini və müasir bədii publisistikanı layiqincə təmsil edir.

Rayon İcra Hakimiyyəti başçısının yüksək səviyyəli yaradıcı şəxsiyyət olması onun bölgədəki “əhli-qələmi” arayıb-axtarmasını, onlarla ünsiyyət qurmasını, bədii yaradıcılıqla məşğul olan insanlara hörmət və ehtiramla yanaşmasını şərtləndirmiş, Şabrandakı ədəbi qüvvələrin bu ərazidə mərkəzləşməsinə münasib şərait yaratmışdır. Lakin rayon İcra Hakimiyyətinin başçısı onları öz çevrəsinə yox, yaxud bəzi bölgələrdə olduğu kimi, rayon qəzeti ətrafında deyil, düşünülmüş şəkildə tərcümeyi-halı bu regionla bağlı olan görkəmli şair Əfzələddin Xaqaninin adı ilə əlaqələndirilən Xaqani şeir-sənət ocağının başına toplamışdır. İcra başçısının təşəbbüsü və zəhməti ilə rayon mərkəzində Əfzələddin Xaqaninin mükəmməl bir heykəli ucaldılmışdır. Eyni zamanda, qədim Şabran şəhəri ətrafında arxeoloji qazıntılar aparılarkən regionda vaxtilə Əfzələddin Xaqaninin həbsə salındığı və məşhur “Həbsiyə” qəsidəsini yazdığı qəsrin yeri müəyyən olunmuş, üzə çıxarılmış bu məkanın ətrafında diqqəti cəlb edən xatirə lövhəsi yazılıb vurulmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə birlikdə 2017-ci ildə Şabranda keçirilmiş Əfzələddin Xaqani konfransı da böyük sənətkara bəslənilən yüksək ehtiramı ifadə etməklə bərabər, həm də bu böyük sənətkarın həyatı və yaradıcılığının bölgə ilə bağlı açılmamış səhifələrinə diqqəti cəlb etmək məqsədi daşımış, uğurlu nəticələr əldə olunmuşdur.

Türkiyə Cümhuriyyətinin İLESAM Cəmiyyəti də Şabranda Xaqani şeir-sənət ocağı ilə birlikdə geniş bir ədəbi tədbir təşkil edib keçirmişdir. Beləliklə, Şabran rayonu de-fakto Xaqani ocaqlarından birinə çevrilmişdir. Bütün bunlara görə də təbii olaraq Şabran rayonundakı ədəbi qüvvələri öz ətrafında birləşdirən Xaqani şeir-sənət ocağı yaranmış və inkişaf etmişdir. Novruz müəllimin rayon rəhbəri və yaradıcı ziyalı kimi Xaqani şeir-sənət ocağında yaxından iştirakı, imkan daxilində rayonda yaşayıb-yaradan ədəbi qüvvələrin qayğılarının həllinə diqqət yetirməsi, bu ədəbi birlik üçün xüsusi iqamət yaratması Şabranda yaradıcılıq mühitinin inkişafına böyük təkan vermişdir. Ədəbi Birliyin “Xaqani şeir-sənət ocağı” adlandırılması isə Şabran rayonunda yaşayıb, bu ədəbi məclisin ətrafında toplaşan yaradıcı qüvvələrin məsuliyyətini daha da artırmışdır. Xaqani şeir-sənət ocağında respublikamızın tanınmış yazıçı və şairləri, elm adamları ilə keçirilən görüşlər, aparılan müzakirələr bu regionda ciddi bir ədəbiyyat ab-havasının yaranmasına səbəb olmuşdur. Bütün bunlara görədir ki, hazırda Şabranda Azərbaycan ədəbiyyatının tanınmış və istedadlı simaları böyük bir enerji ilə yazıb-yaradır, ədəbiyyatımızı zənginləşdirən maraqlı bədii əsərlər meydana qoyurlar. Azərbaycan Yazıçılar Birliyi Şabran Bölməsinin sədri Aydın Tağıyev ölkə miqyasında yeni hekayəçiliyin tanınmış yaradıcılarından biri kimi qəbul olunur. Tənqidçi Vaqif Yusifli onun hekayələrini “kiçik janrın milli kolorit naxışları” olan qiymətli örnəkləri kimi dəyərləndirir. Novruz Nəcəfoğlu Aydın Tağıyev haqqında “Nağıl adam” adlı bioqrafik roman yazıb çap etdirmişdir. Ay Bəniz Əliyarın harada yaşadığını bilməsək, şeirlərindəki zəngin obrazlar aləminə, düşüncəsində müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən şairlərdən biri hesab edə bilərik. Fikrimcə, o, müasir Azərbaycan şeirinin istedadlı nümayəndələrindən biridir və böyük ədəbiyyatın yaranması yollarında  məsuliyyətlə xidmət edir. Şabran ədəbi mühitini təmsil edən Əmirqulu Quliyev, Nizami Əlioğlu, Zakirə Bayramlı, Qafar Süleyman, Aydın Dadaşoğlu, hazırda Bakıda yaşayıb-yaradan və artıq nasir, ssenarist kimi özünü ədəbiyyatda təsdiq etmiş Sadıq Elcanlı və başqaları kimi ədəbi qüvvələr ölkə miqyasında diqqəti cəlb edirlər. Ərazi etibarilə Şabrana yaxın olan Siyəzəndə və Xaçmazda yaşayıb-yaradan “qələm əhli”nin də Şabran Bölməsi ilə sıx əlaqələri bu bölmənin təkcə rayonda deyil, geniş mənada regionda mühüm ədəbi mərkəzlərdən birinə çevrilməkdə olduğunu göstərir.

Beləliklə, bu gün qədim Xaqani şeir-sənət ocaqlarından biri olan Şabran Azərbaycan ədəbiyyatının əsas yaranma mərkəzləri sırasında mühüm yer tutur. Şabranda yaşayıb-yaradan, müxtəlif ədəbi nəsilləri təmsil edən şair və yazıçılar artıq neçə illərdir ki, paytaxta gəlmədən doğma Xaqani şeir-sənət ocağında yaradıcılıq müzakirələri keçirir, təqdimatlar təşkil edir, Azərbaycan ədəbiyyatının qiymətli nümunələrinə imza atırlar. Əvvəlki dövrlərdə Bakı şəhərindəki müxtəlif ədəbi birliklərdə, jurnal və qəzet redaksiyalarında təmsil olunan şabranlı qələm sahibləri paytaxtda qazandıqları təcrübəni regiondakı ədəbi məclisdə yaradıcı qüvvələrlə paylaşırlar. Şabran ədəbi mühiti janr etibarilə paytaxtdakı ədəbi mühitlə eyni olan, ölkə ədəbiyyatında gedən prosesləri birlikdə yaşayan, regionda yaşayıb-yaradan yaradıcı qüvvələri mərkəzə gəlib-getmək qayğılarından azad etməklə onların formalaşması, inkişafı və istiqamətləndirilməsi işini “hadisə yerində” təşkil etmək vəzifələrini həyata keçirən paytaxtətrafı ədəbi mühitdir. Bu, Şabran ədəbi mühitini digər paytaxtətrafı ədəbi mühitlərindən fərqləndirir və orijinallığını müəyyən edir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin müdiri, filologiya elmləri doktoru Vaqif Yusiflinin yazdığı “Şabranda ədəbi həyat” kitabı bu regionda yaranan Azərbaycan ədəbiyyatının inkişaf yolunu, əsas yaradıcılarının fəaliyyətini, qazanılan ədəbi uğurları özündə əks etdirir. Azərbaycan şeiri və nəsrinin əsas tədqiqatçılarından olan, ən fəal tənqidçilərdən biri kimi çıxış edən Vaqif Yusiflinin son illərdə həm də bölgələrdə yaranan ədəbiyyat haqqında tədqiqatlar aparması, “Ədəbi proses” müşavirələrində məruzələrlə çıxış etməsi, “Bölgələrdə ədəbi həyat” adlı ayrıca kitab nəşr etdirməsi onun regional ədəbi mühitin xarakter xüsusiyyətlərinə dərindən bələd olmasına münasib imkan yaratmışdır. “Şabranda ədəbi həyat” kitabı Vaqif Yusiflinin fəaliyyətində bölgələrdə ədəbi həyat serialının uğurla davam etməkdə olduğunu göstərir. Bu, Şabran ədəbi mühitinə həsr olunmuş birinci elmi-tədqiqat əsəri kimi də özünəməxsus əhəmiyyətə malikdir. Kitabda Şabranda yaşayıb-yaradan və ətraf rayonlardan olub, Şabran ədəbi mühiti ilə əlaqəli şəkildə yaradıcılıq fəaliyyəti ilə məşğul olan ədəbi qüvvələrin bədii əsərləri geniş təhlil olunmuş, bu ədəbi mühitin özünəməxsus xüsusiyyətləri və ümumi mənzərəsi canlandırılmışdır. İnanırıq ki, təqdim olunan kitab özünün yeni inkişaf mərhələsini yaşayan Şabran ədəbi mühitində Azərbaycan ədəbiyyatı naminə daha böyük uğurların əldə edilməsinə öz töhfəsini verəcəkdir. 

Şabran ədəbi mühiti ümumazərbaycan ədəbi-mədəni mühitinin üzvi tərkib hissəsi, bir qolu olub, geniş mənada ədəbiyyatımızın və ictimai fikrimizin inkişaf etdirilməsinə uğurla xidmət edir.

 





31.12.2018    çap et  çap et