525.Az

Mən Raufu beş barmağım kimi tanıyıram...


 

Mən Raufu beş barmağım kimi tanıyıram...<b style="color:red"></b>

Züleyxa NADİR 

Bəzən elə olur ki, ilk cümləni yazmaqda çox  çətinlik çəkirəm. Bu da ondan irəli gəlir ki, düşündüklərim pərakəndə, dağınıq olur, onları sistemləşdirə bilmirəm. Amma  bu düşüncələrim o qədər xoş, o qədər səmimi olur ki, həmin pərakəndəliyin fonunda həqiqətdən kənar, zərrə qədər də olsun yalan  görünmür. İndi  də eyni hissləri keçirirəm. Yazıya başlamaq üçün dağınıq fikirlərimi bir yerə toplamağa çalışıram. Alınmır...

O zaman mən də olduğu kimi – nəyi düşünürəm, nəyi fikirləşirəm onu yazacağam. Çünki yazımın qəhrəmanı elə-belə adam, sıradan biri deyil mənim üçün. Otuz yeddi  illik dostum, qardaşım, dərd ortağım, sirdaşım, beş illik tələbə yoldaşım Rauf Ağayevdi. O Rauf  Ağayev ki, Azərbaycan mətbuatında özünün xüsusi dəsti-xətti, sanbalı, çəkisi ilə seçilən,  bir çox ilklərin müəllifi olan jurnalistdi. Bu gün isə bu jurnalistin yarım əsrlik ömrünə tam beş il əlavə olunur. Ömrün 55-ci baharı Raufun  həyatına daxil olur. Bununla bağlı fikirlərimi yazmaq istəyirəm.

Rauf haqqında yazmaq mənim üçün  həm çətindir, həm asandır. (Bu şablon cümləni heç sevmirəm, amma bu yerdə lap yerinə düşdü). Asandır ona görə ki, mən Raufu demək olar ki, beş barmağım kimi tanıyıram.  Yüzdə yüz əminəm ki, bizim ortaq dost-tanışlarımız, tələbə yoldaşlarımız bu sözümə inanacaq.  İnanmayanlar üçün isə deyirəm ki,  beş barmağım qədər olmasa da üç barmağım qədər tanıyıram. (Burada bir  təbəssüm işarəsinin yeridir). Və bu tanışlığın fonunda, bu doğmalığın arxasında Raufla məni bir-birimizə bağlayan o qədər  xoş hadisələr, gözəl məqamlar var ki... hamısını istəsəm də yazım, mümkün deyil.

Əslində mən gərək onun haqqında yazacağım  qeydlərimə birbaşa  bəzəksiz- düzəksiz, sadə cümlələrlə başlayım. Çünki Rauf özü də  bəzək-düzəkdən uzaq, pafosdan kənar, sadə bir oğlandır (məhz sadə oğlan). Onu şəxsən tanıyanlar, yaxından-uzaqdan bələd olanlar da bu fikrimi təsdiqləyə bilərlər. Nədir onun sadəliyi? Bu sualın cavabını belə vermək olar ki, Rauf  zövqündə, danışığında, oturuşunda, duruşunda, ən kiçik hərəkətində, insanlara münasibətində çoxlarından fərqlənir. Bu fərqliliyin kökündə səmimiyyət, dostluğa sədaqət, diqqət,  qayğı və bunlara hopmuş incə bir yumor hissi var. İndi bu sətirləri yaza-yaza həmin fərqliliyin içindən daha bir sual boylandı: Rauf mənim üçün kimdi?  Rauf  həyatım boyu tanıdığım insanların içində mənə doğmalarım qədər doğma, əzizlərim qədər əziz olan biridir. Rauf mənim  çox yaxından tanıdığım, 37 illik bir zaman kəsiyində dostluq, qardaşlıq etdiyim,  beş il universitet auditoriyalarında mühazirələrə birlikdə qulaq asdığım, yeri gələndə bir partada oturduğum, vaxt olub ki,  küsdüyüm, incidiyim, lakin bu umu-küsülərin çox da uzun  çəkməyən, ötəri vaxtlarından sonrakı illərdə, aylarda həmdərd, həmsirdaş olduğum bir insandır. Rauf mənim çevrəmdə olan insanlar arasında ərk etdiyim 2-3  nəfərdən biridir. Biz tələbə vaxtı bir-birimizlə hansı  münasibət  çərçivəsində olmuşuqsa, bu gün də ondan kənara çıxmırıq.

Bir anlıq özümə belə bir sual versəm ki, görəsən ömrümdən qopan illərin acısı  çox olub, yoxsa  şirini? Təkcə tələbəlik illərimi desəm,  cavab hazırdı: əlbəttə şirini. Bu  şirinliyi  26 nəfər  tələbə  dostumla birlikdə dadmışam. Mənim qəlbimdə  bu uşaqların hər birinin öz  yeri, öz  çəkisi  var. (Məni  qınamayın bu sözümə görə. Yaşımız  50-ni  keçib, amma biz hələ də bir-birimizə “uşaqlar” deyirik.  Hər dəfə görüşəndə hal-əhval tutandan sonra ilk sualımız bu olur: uşaqlardan kimi görürsən)? Rauf  isə  başqadır,  fərqlidir. Uşaqların içində mənə daha  yaxın, daha məhrəm, daha mehriban olanıdır.  Bunu  1976-1981 – ci illərdə Jurnalistika fakültəsindəki 3796 – cı qrupun uşaqlarından başqa, bizdən aşağı və yuxarı kursda oxuyan tələbələr də yaxşı bilirlər. O zaman Raufla dostluğumuzun, yoldaşlığımızın səmimiyyətinin ölçüyəgəlməzliyini fakültə müəllimləri də bilirdilər. Bu aşırı mehribanlığın, səmimiyyətin içindəki davranışın gerçək dəyərlərinin kökü aramızdakı qardaş-bacı münasibətinin məhrəmliyində idi. Əslində o vaxt biz hamımız belə idik. Heç vaxt düşünmürdük ki, münasibətlərimizi başqa bir məcraya yönəldək. Ömrümüzün beş ilini  keçirdiyimiz  universitet illərində Rauf  hər kəsin  sevimlisi idi. Elə indi də  belədi. İllər  ona zahirən təsir  etsə də,  gənc, qıvraq Raufun yerinə, ağ saçlı, ağ bığlı kişini gətirsə də, insani  dəyərlərini heç boşa  xərcləməyib, xarakterini dəyişməyib. Məhz bu səbəbdən də onun haqqında ərklə, ürəklə yazıram.

İş  elə gətirib ki, universiteti bitirdikdən  sonra biz  uzun müddət  bir  yerdə  işləməli  olmuşuq. Əvvəl  “Qafqaz” İnformasiya Reklam Şirkətində . Şirkətin prezidenti də tələbə yoldaşımız Cümşüd İsgəndər idi.  O zaman Rauf   “Arzu”  dəb  jurnalının  redaktoru idi,  sonra  isə “Xalq qəzeti”nin əlavəsi olan “Cümə” qəzetinə  rəhbərlik etdi. Hər iki iş yerində Rauf mənim redaktorum olub. Və ona görə də  istəyirəm redaktor kimi onun işini bir balaca tərifləyim. (Yubiley günündə  adamı tənqid etməzlər. Mən də ənənəyə sadiq qalıram və bu cümləni xoş təbəssümlə qarşılamanızı rica edirəm).

1990-cı ildə qəzet köşklərində görünən, qısa bir müddətdə satılan, hətta defisit dərəcəsinə çatan “Arzu” jurnalı doğma ana dilində çap olunan, Azərbaycan milli adət-ənənələrini, qədim və orta əsrlər, eləcə də bu günkü dəbi özündə əks etdirən ilk və yeganə toplu idi. Jurnalda XVIII-XIX əsr Azərbaycan xanımlarının geyimləri nümayiş etdirilirdi. Bundan başqa həmin paltarların müasir formaları da rəssam tərəfindən çəkilir və müqayisəli şəkildə oxuculara çatdırılırdı. Nə yazıqlar ki, biz “Arzu” nun cəmi iki nömrəsini çap edə bildik. “Arzu”dan sonra Azərbaycanda ötən 20 il ərzində hələ onun kimi jurnal çap olunmayıb. Qəzet köşklərində hər gün gördüyüm çoxsaylı jurnallar arasında “Arzu”ya bənzərinə rast gəlməmişəm. Rauf Ağayev  bu jurnalda Azərbaycan mətbuatında olan ənənəvi  rubrikanın adını  da dəyişdi: “qadınlar üçün” yox, “xanımlar üçün” yazdı. Bu, bir ilk idi.

“Cümə” qəzetində işləyəndə də Rauf  bu qəzetin oxunaqlı və fərqli olmasına çalışırdı. O,  “Xalq qəzeti”nin həftədə bir dəfə çıxan əlavəsi olsa da əsla ona bənzəmirdi, materiallar quru, sxolastik və rəsmi deyildi.  Ölkədə baş verən neqativ halları, problemləri  kəskin tənqid edən məqalələr bu qəzetin oxunaqlı olmasını təmin edirdi.  Çox heyif ki, qəzet sona qədər missiyasını davam etdirə bilmədi. Raufun  peşəkar  jurnalistikadan uzaqlaşmasının, mətbuatdan getməsinin əsas səbəbi bəlkə də məhz bu ab-havanın kəskin dəyişməsi oldu.

Bu gün  Rauf  bank sistemində çalışır. Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəridi. Əslində  o,  jurnalistikadan uzağa gedə bilməyib, yenə də dolayısı ilə mətbuatın içindədir.  İndi  mən ona   “bankir” deyirəm. Bu müraciətin kökündə  zarafat olsa da, həqiqət daha çoxdur.  Bank işini qısa bir müddətdə öyrənən Rauf Ağayev illərlə bankda çalışanlardan az bilmir. Əgər belə olmasaydı o boyda bankın mətbuat məsələlərini təkbaşına idarə edə bilməzdi. Deməli  “çörəyi ver çörəkçiyə, birini də artıq”.

Tale  bəzən insanı  arzulamadığı,  arzulasa  belə əlinin  çata  biləcəyinə ümid etmədiyi  bir  yüksəkliyə qaldırır. Bəzən də əksinə. Odur  ki, insan taleyin qismətinə, qəzavü-qədərinə boyun əyməli, onunla  barışmalı olur. İnsan  bu  dünyaya  nə  üçün  gəlir? Onun  üçün  ki, yaxşı  əməlini, gözəl işlərini çevrəsindəkilərdən əsirgəməsin. Tanrı yaratdığı hər  insana bir  missiya  yükləyir. Demirəm Rauf  tarixi  bir  şəxsiyyət, gələcəkdə  insanların  yaddaşına  hopa  biləcək  düha, yaxud  da ixtiralar, kəşflər müəllifidir. Amma mənim tanıdığım Raufa Allah  yaxşı əməllər, gözəl münasibət,  səmimi davranış, xeyirxah işlər görmək və daha neçə-neçə insanlıq missiyası yükləyib. O da bu missiyanı 55 ildi çox rahatlıqla daşıyır – yorulmadan, usanmadan...

Rauf  bu gün 55-in qapısından içəri girir. Görəsən onu içəridə nə gözləyir, yaxud  da o,  içəridə nəyi görmək istəyir? Mən onun yerinə bu suala  cavab vermək istəmirəm. Amma yəqin hər kəs kimi Rauf da hərdən düşüncəyə  dalır, keçmiş  günlərini  anır, ömründən  ötüb-keçən aylara, günlərə  boylanır. Ötən günlərini tökür qarşısına və görür ki, hər şey yaxşı olub, amma yaxşı olmayan məqamlar, çətinliklər də ömründən yan keçməyib. Rauf, məncə, sənin ən  gözəl  günlərin hələ  yaşamadıqlarındı. Əslində 55 gəlib ömür qapından boylanmır, o sənin çiyinlərindədi. Ötən  günlərin, ayların, illərin yadda qalanlarını  bir  yerə  toplayanda 55  edərmi?  Bilmirəm, bəlkə az, bəlkə də çox edər. Hər halda bunu sən hər kəsdən yaxşı bilirsən. Mənim bildiyim isə odur ki,  illər  elə  qovhaqovla keçib gedib ki, bu  gün qocalığın qapısına doğru  uzanan cığıra düşdüyünü hiss etmirsən. Sanki qoca dünya  başını aldadıb  alnına 55 yazıb. Ona  görə də 55-in  qapısından  içəri  girəndə  sənin ömrünü əlindən almağa başı qarışan  dünyanın  daha  da  gözəl olduğunu görmək  istəyəcəksən. İnanıram ki,  qapısından  içəri  girdiyin  ünvan taleyinin  sonu  olmayacaq. İnanıram ki,  bu  zamana kimi yaşadığın ömürdə  hansısa bir  iz  qoymusansa, bundan  sonrakı  həyatında da bunu  davam etdirəcəksən.

İllər nə  tez  keçdi, Rauf?! Yaşın 55 oldu. Adam inanmaq istəmir (halbuku mən də sənin yaşıdınam). Sanki dünən, srağagün idi  universitetdə  oxuduğumuz zamanlar. Sanki dünən, srağagün idi tələbəlik illərimiz. Tələbəliyimizin unudulmaz, heç zaman yaddan çıxmayan günləri, ayları, illəri harda qaldı? Əslində  55 yaş nədir  ki, Rauf?! Hələ ömrün  uzun  yolları  var, bu  yollarda addımlamaq  var. Bu  yolda yıxılsan da,  büdrəsən  də  yenidən ayaqda durmaq  var. İnsan  nə  axtarır ki?! İnsan  nəyi  gözləyir  ki?! Xoşbəxtliyimi,  səadətimi?  Bəlkə insan  ömrü  boyu  özünü  axtarır?! Bəlkə də insan xoşbəxtlik axtarır. Amma onu tapmaq üçün  düz- dünyanı gəzib – dolaşmağa gərək yoxdu. Heç bir təyyarə, heç bir gəmi, digər  bir nəqliyyat vasitəsi insanın özünü özündən uzaqlaşdıra bilməz. Xoşbəxtlik də,  bədbəxtlik də insanın öz içindədir. Onu yük kimi özü ilə daşıyır – belədən beləyə, elədən eləyə. Bu,  çox etibarlı yükdür, hara gedirsə getsin nə itəcək, nə batacaq,  nə azalacaq, nə də ki, artacaq. Rauf, qardaşım, sənə yalnız həmin xoşbəxtlik yükünü daşımağı arzulayıram!

Mənim üçün xatirə yazmaq çox çətindir. Yazıçılardan biri deyib ki, xatirə xüsusi növ ədəbiyyatdır. Məncə, doğrudur.  Xatirə insanın iç dünyasına səyahət deməkdir.  Xatirə yazmaq  insanın heç vaxt unutmadıqlarını, qəlbinin ən işıqlı yerində saxladıqlarını yenidən göz önünə gətirmək və yaşamaqdır. Xatirələr acı olur, xatirələr şirin olur, uzaq olur, yaxın olur. Bir sözlə, xatirələr bəzən insan dərdinin dərmanı, bəzən də insana yenidən yara vuracaq  qədər kədərli olur. Ona görə də ən əsas və çətin məsələ hardan başlamaq yox, necə başlamaqdır.  Eləcə də hadisələrə düzgün yanaşmaq, olanı doğru, olduğu kimi təqdim etmək şərtdir.  Mən də bu şərtilik daxilində Raufun  55 illik yubileyində  bir daha keçmişə qayıtmaq, ötən günlərin xoş xatirəsinə işıq salmaq, doğmalarım, əzizlərim qədər sevdiyim tələbəlik dostumla, qardaşımla  bağlı  xoş məqamları paylaşmaq istədim. Amma deyəsən düşündüklərimi yaza bilmədim, qəlbimdən keçənləri kağıza  köçürməkdə çətinlik çəkdim.  Rauf haqqında yazmağın əvvəldə dediyim  çətinliyi də məhz budur. Bir şey düşündüm, amma başqa şey yazdım...

 





03.09.2013    çap et  çap et