525.Az

Tələ - Pirandellonun hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində


 

Tələ - <b style="color:red">Pirandellonun hekayəsi Seyfəddin Hüseynlinin tərcüməsində  </b>

Yox, yox, niyə barışmalıyam? Nəyə görə? Əgər kiməsə bir öhdəliyim olsaydı, bəlkə fikirləşərdim. Yoxdur, axı! Bəs onda nədən ötrü?

Gör nə deyirəm: sən gərək məni qınamayasan. Ümumi götürəndə, gərək kimsə qınamasın. Axı mənim bildiyimi sən də bilirsən, elə hamı bilir.

Gecə, qaranlıqda ayılanda niyə qorxursan? Çünki səndən ötrü həyatın əsas qaynağı gün işığıdır! Xəyalları canlandıran işıq!

Zülmətdən, lal sükutdan qorxursan. Ona görə işığı yandırırsan. Ancaq bu cür işıq sənə cansıxıcı gəlir, elə deyilmi? Arzuladığın işıq bu deyil çünki. Sənə günəş gərəkdir! Günəş, günəş! O titrəyən əlinlə yandırdığın tutqun işıq xəyallarına can vermir.

Əlin titrəyir, səndən ötrü gerçəklik deyilən nə varsa, hamısı birdən çalxalanır. Bu gerçəklik bildiyin, alaqaranlıqda saxta, süni görünür - şam işığının özü kimi. Odur ki, əsəblərin titrəşib gərilir, qorxudan qaxaca dönürsən: kabus olduğunu qəfil anladığın bu gerçəkliyin altından başqa - tutqun, qorxunc, sərt bir gerçəklik üzə çıxarsa, bəs onda necə? Bir nəfəs duyulur... O nədir orda? Nəsə bir cırıltı...

Beləcə, bu mübhəmlik qarşısında səni əsməcə tutur, alnına soyuq tər gəlir, qarşında, şamın titrək işığında otağa sənin gündüzkü xəyallarının vahiməli görüntüləri yayılır. Bax: sənin kimi onların da gözləri suya çalır, göz qapaqları şişkindir, onlar da yuxusuzluqdan saralıb, onların da oynaqlarını yel azarı gəmirir - eynilə səndəki kimi. Ayaq barmaqlarının buğumlarından qopan səsi eşidirsən?

Hələ əşyalar! Hamısı elə bil gərgin intizar içində donub qalıb, bu da səni lap qorxudur.

O əşyalar sən yatanda da ətrafını kəsdirib durur.

Onlar yatmır ki. Gecə-gündüz eləcə dayanır.

Əlinlə şkafın gözlərini açıb-örtürsən. Sabah isə onları bir başqasının əli açıb-örtəcək. Kiminki - bilinmir... Şkaf üçün nə fərqi... İndi o, sənin əski-üskünlə, yorğun dizlərinin, sivri dirsəklərinin yeri qalmış nimdaş paltarlarla təpili-tıxılıdır. Sabah onun içində başqasının paltarları asılacaq.

Şkafın güzgüsündən bu gün sənin əksin boylanır, ancaq belə qalmayacaq; güzgü kimsənin əksini saxlamır. O özü heç nə görmür. Güzgü də həqiqət kimidir.

Elə bilirsən, sayıqlayıram? Tapmacalar deyirəm? Əslində, sən məni anlayırsan, üstəlik, demədiklərimi də başa düşürsən, çünki məni bürüyən, rahatlığımı əlimdən alan bu qarışıq duyğuların sözlə ifadəsi müşküldür.

Sən bilirsən, mən indiyəcən necə yaşamışam. Bilirsən ki, hər dəfə bəlli bir hala düşüb, ani də olsa, o halda qalmaqdan mən həmişə dəhşət iyrənmişəm.

Dostarası çox məzələnmisiniz mənim bu davamlı... necə deyirsiniz ona? Hə, halbahal olmağımla, lap dəqiqi, vücudumun şəkildən-şəkilə düşməsilə. Siz gülüb-əylənmisiniz, işin məğzini öyrənməyə ərinmisiniz, məğzi isə budur ki, mən özümü güzgüdə hər dəfə bir başqa cür görməyin dəlisiyəm, zaman-zaman dəyişilib başqalaşdığımı düşünərək bununla təsəlli tapmağa can atıram!

Ancaq... təəssüf! Nəyi dəyişə bildim ki?! İş o həddə çatdı ki, başımı dibdən vurdurub erkən keçəlləşdim, sonra da gah bığımı qırxdırıb, saqqal saxladım, gah da bığ buraxıb, saqqalımı qırxdırdım; bir ara topa, uzun saqqalım vardı, sonra təkəsaqqal oldum, bəzən də gicgahlarımdan çənəməcən uzatdım... Saç-saqqalımla hey oynadım. Amma gözlərim, burnum, qulaqlarım, boyun-boğazım, əllərim, ayaqlarım... Onları dəyişdirə bilmədim.

Bircə çarəm qaldı - aktyor kimi qrimlənmək. Bu barədə çox düşündüm. Axırda belə nəticəyə gəldim: bədən ki mənimdir, qrim altında da elə olduğu kimi qalacaq, o cür də yaşlanacaq!

Bu alınmadı deyə, mənəviyyat aləminə baş vurdum! Oho, bu dəfə vəziyyət lap məzəli oldu!

Bax siz hamınız hisslərin davamlılığını, iradənin möhkəmliyini hər keyfiyyətdən üstün tutursunuz. Nəyə görə? Bunun bircə səbəbi var: qorxursunuz, vəssalam! Özünüzdən qorxursunuz, yəni dəyişilsəniz, o əvvəldən özünüz üçün düzüb-qoşduğunuz gerçəkliyi itirəcəyinizdən çəkinirsiniz: axı onda gerçəkliyin sadəcə sizin xəyallarınızdan başqa bir şey olmadığı ortaya çıxacaq; yəni gərək boynumuza alaq ki, hər birimizin özümüz üçün uydurduğumuzdan savayı gerçəklik yoxdur.

İş də elə bundadır: özün üçün məxsusi gerçəklik yaratmaq bəlli bir ovqatı yaxalamaq, o cür də dayanıb durmaq, quruyub qalmaq deməkdir! Başqa sözlə, bundan həyatın fasiləsiz axarını öz içində tutub saxlamalı, yığcam, üfunətli bataqlığa çevrilməlisən, çünki həyat dediyimiz - əbədi, sonsuz, qaynar axındır.

Məni didib-gəmirən, təbdən çıxaran da bax budur! Həyat - dənizdir, həyat - küləkdir, həyat - alovdur! Ancaq torpaq deyil, çünki torpağın bəlli bir qəlibi var, o, örtükdür.

İstənilən qəlib - ölüm deməkdir.

Biz - bütün varlıqlar o əbədi, canlı axından ayrılıb tələyə düşmüş, bununla da ölümə məhkum olmuşlarıq.

Hansısa bir məqamda içimizdə - bu məxsusi, əlahiddə, dəyişilməz qəlibimizin daxilində bir axın baş qaldırır, ancaq yavaş-yavaş da o axın zəifləyir, alov səngiyir, qəlibimiz quruyur, hərçənd bu qəlibin içində hərəkət hələ tam dayanmayıb.

Ölüm - bizim həyat adlandırdığımız ölmə prosesinin yalnız yekun nöqtəsidir!

Mən ölümün qurduğu tələnin əsiri bilirəm özümü; heç bir qəlibə sığmadan, yalnız bəlli vaxt içində, yaşadığım zaman daxilində qərq olduğum o həyat axarından məni məhz bu tələ qoparıb!

Niyə mən elə bu zamana düşdüm, başqasına yox?

Mən hələ yenə axıb gedə, xeyli gec ilişə, ayrı bir zamanda yaşaya, fərqli qəlibə də yerləşə bilərdim... Deyirsən, eyni nəticə alınacaqdı? Hə də, ya tez, ya gec... Ancaq hər halda mən başqa cür olardım, başqa cür: kim, necə - burası vacib deyil.

Onda tələ mənə bir başqa tale cızardı, başqa nələrsə görərdim, bəlkə yenə də həminkilər olardı: amma ən azı başqa yöndən, başqa tərzdə.

Təsəvvürünə gəlməz ki, gözümə çarpan hər şeydən nə qədər zəhləm gedir; çünki onlar da mənimlə birgə bu tələyə düşüblər, eyni vaxtda, bərabər ölməkdəyik! Zəhləm gedir, bir yandan da yazığım gəlir onlara! Amma daha çox zəhləm gedir, deyəsən.

Doğrudur, tələyə başqa bir vaxt da düşmüş olsaydım, o fərqli qəlibimi də sevməzdim, eynilə indiki kimi ondan da zəhləm gedərdi; həyatla bağlı olan, o əbədi, sonsuz axından varlığımızda qalan miskin hərəkət və hərarət qalıqları ilə qurub-qoşduğumuz, bizə - bütün zamanların ölülərinə xas hər cür xəyallardan üz çevirərdim.

Biz başabəla ölüləriksə də, öz yəqinimizcə, həyat yaradırıq. Ölü kişiylə ölü qadın bir-birinə sarılıb dünyaya guya yeni həyat - əslində isə ölüm - gətirir... Daha bir məxluq düşür tələyə: “Gəl buraya, birdənəm, gəl! Başla ölməyə, birdənəm, hə, başla... Nə, ağlayırsan sən? Ağlayıb çırpınırsan? Axında qalmaq istəyirsən? Yox, ağıllı ol, əzizim! Neynirsən?! Sən ilişmisən, bərkimisən, qəlibə düşmüsən! Səbr elə görək! Ağıllı ol!..”

Nə qədər ki balacayıq, zərif, yüngül vücudumuz yeni-yeni böyüyür, tələyə düşdüyümüzü anlamırıq heç! Ancaq yavaş-yavaş ağırlaşıb öz çəkimizi hiss etdikcə görürük ki, hərəkətlərimizdə əvvəlki çeviklik qalmayıb daha.

Artıq yaşlanıb-ağırlaşmış bədənimdə qərar tutmaq istəməyən ruhumun tələdə çırpınmasına məyus-məyus, yana-yana baxıram. Elə o andaca zehnimdə yuva qurmağa çalışan hər bir düşüncəni özümdən uzaqlaşdırır, vərdişə çevrilmək təhlükəsi olan istənilən məşğuliyyətdən əl çəkirəm; hansısa borcun, öhdəliklərin müqabilində qul olmaq istəmirəm; istəmirəm ki, ruhum inancın sərt qabığı altında qalıb keyləşsin. Ancaq bədənimin bu üsyankar ruhuma get-gedə daha həvəssiz boyun əydiyini də görürəm: qocalıram, dizlərim taqətdən düşür, elə əllərimdə də artıq əvvəlki güc qalmayıb. Bədənim rahatlığa can atır. Və ona qovuşacaq da...

Yox ki yox! İstəmirəm, barışa bilmirəm, yavaş-yavaş ölmək, qocalığın, acizliyin miskin təzahürünə çevrilmək istəmirəm! İstəmirəm! Ancaq əvvəlcə mən... Nə istədiyimi bilməsəm də, məni boğan bu qəzəbin içimdən çıxması üçün bir yol tapmalıyam.

Heç olmasa... bax bu dırnaqlarımı... öz cilvəli rəftarıyla hər görəni başdan çıxaran qəşəng bir qadının sifətinə çəkərdim! Necə səfehdirlər, necə axmaqdırlar bu qadınlar, bu bədbəxt, ağılsız məxluqlar! Geyinib-keçinirlər, bəzənib-düzənirlər, baxışları ilə sağa-sola od saçırlar, gülümsəyirlər, şəhvət oyadan əndamlarını aça bildikcə açıb göstərirlər, bircə anlıq düşünmürlər ki, özləri də tələdədirlər, onları da ölüm gözləyir, üstəlik, hər biri öz bətnində tələ gəzdirir: hələ dünyaya gəlməyənlər üçün!

Hə, məhz onlarda, qadınların bətnindədir biz kişilərin tələsi! Fürsət anında onlar bizi əridənəcən qızışdırır, beləliklə də ölümə məhkum yeni məxluqlar törədirlər. Onların sığalından, qılığından əriyib, qızğın ehtirasdan kor olub şıppıltıyla tələyə düşürük.

Elə məni də, mənim özümü də o günə saldılar. Özü də lap bu yaxınlarda. Bax buna görə belə yanıqlıyam. Andıra qalsın o tələni!

Kaş görəydin... Mələk kimiydi! Utancaq, ürkək! Hər dəfə məni görəndə qızarıb başını aşağı salırdı. Bilirmiş ki, məni ayrı cür yoldan çıxarmaq olmazdı.

O, buraya guya saf niyyətlə - xristianlıq, xeyirxahlıq borcunu yerinə yetirməyə, ağır xəstənin qulluğunda durmağa gəlmişdi. Mənim yox, əlbəttə, atamın. Bizdə ev işlərinə, bax o otaqda uzanmış atama baxan yaşlı qulluqçuya əl yetirməliydi...

Qonşuluqda olurdu, bizim qulluqçuyla yaxınlaşmışdı, gəlib öz ərindən ona gileylənirdi: o heyvərə elə hey sonsuzluğunu bunun başına qaxırmış.

Söhbəti tutdunmu? Adam quruyub qaxaca dönməyə başlayanda, əvvəlki kimi davrana bilməyəndə, yan-yörəsində daha gənc, oynaq, qıvraq, onun qabaqkı vaxtlarını xatırladan balaca “cəsədlər” görmək istəyir; həmin balaca “cəsədlər”in onun yoluyla gedib, artıq özünün gücü çatmayan cürbəcür işlərə əl atmalarını arzulayır. Əyləncəyə bax: balaca “cəsədlər”in ağız-burnunu sil, əyin-başını düzəldib gəzməyə apar...

Deməli, bir dəfə gəldi yanıma.

- Cənab Fabrisio, - dedi, o anda da qızarıb başını aşağı saldı, - mən başa düşürəm, illərdən bəri atanızı bu halda görmək sizin üçün nə qədər ağırdır!

- Elədir, xanım! - bunu deyən kimi də çevrilib aralandım.

İndi əminəm ki, həmin an - mən çevriləndə onu gülmək tutub, uğunmasın deyə dodağını gəmirib.

Hər dəfə ondan qaçırdım, çünki özümlə bacarmadığımı, bu qadından çox xoşum gəldiyini anlayırdım; onun təkcə qəşəngliyinə vurulmamışdım mən (əslində isə, son dərəcə gözəl idi, özünü sadə apardıqca, gözəlliyini gözə soxmadıqca da məndən ötrü lap istəkli olurdu), həm də ərinin daha bir bədbəxt məxluqu tələyə salmaq arzusunu yerinə yetirmədiyi üçün lap heyran olmuşdum ona.

Elə bilirdim, səbəbkar özüdür. Sən demə, əksinəymiş: ərinin - o heyvərənin ucbatından ortaya bir şey çıxmırmış. Qadın da bunu ya bilirmiş, ya da tam əmin olanacan şübhəli qalıbmış. Görünür, elə bu səbəbdən gülürmüş: mənə gülürmüş, mənə... Axı sırf sonsuzluğuna aldanıb həvəsimişdim ona. Xəlvətcə gülürmüş, məkrini içində gizlədib gözləyirmiş. Və bir axşam...

Burda oldu, bax bu otaqda...

Mən burda, yarıqaranlıqda oturmuşdum. Bilirsən də, pəncərədən havanın qaralmasına baxmaq, alatoranın ətrafımı bürüməsini izləmək xoşuma gəlir, belə olanda öz-özümə deyirəm: “Mən burda yoxam ki. Əgər bu otaqda kimsə olsaydı, ayağa durub lampanı yandırmalıydı. Lampanı yandırmıramsa, deməli, burda yoxam. Mən bu otaqdakı əşyalardan biriyəm - kresloyam, masayam, pərdə, şkaf, divanam; onlara isə işıq gərək deyil, heç bilmirlər, görmürlər də mənim burda olduğumu. Mən də onlar kimi olmaq istərdim: özümdən xəbərim olmasın, burda oturduğumu bilməyim...”

Deməli, mən qaranlıqda oturmuşdum. O isə barmaqlarının ucunda bax o tərəfdən - atamın otağından çıxıb gəldi; orada yanan gecə lampasının solğun işığı qapının arasından güclə buraya süzülsə də, alatoranı dağıtmağa gücü çatmırdı.

Mən onu görmürdüm, arxam ona tərəf, oturmuşdum. Bəlkə o da məni görmürdü. Gəlib mənə çırpılanda qışqırdı, guya huşunu itirmişdi, düz qucağıma aşdı... Başımı onun üzünə əydim, yanaqlarımız ehmalca bir-birinə toxundu, bu əsnada titrək dodaqlarının hərarətini lap yaxından hiss etdim və...

Nəhayət, onun gülüşünə ayıldım... O şeytani gülüşünə... Hələ də qulaqlarımdan getməyib! Necə gülürdü, necə gülürdü o çərhəya! Qapının ardında gözdən itənəcən də güldü! Özünü utancaqlığa vurub məni asanca tələyə saldığı üçün gülürdü; heysiyyətimlə oynaması və mənim sonradan anladığım başqa bir məsələymiş onu güldürən.

Artıq üç ay olar, buralardan gediblər: ərini təyinatla Sardiniyadakı bir məktəbə müəllim göndəriblər. Olur, bəzən təyinatlar yerinə düşür.

Mən öz rüsvayçılığımla üzləşmək istəmərəm. Heç vaxt istəmərəm. Ancaq hərdən beynim çönür, istəyirəm tərpənib gedim, məndən xaincəsinə çəkib çıxardığı bədbəxt məxluqu tələyə salanacan, o çərhəyanı tutub boğum!

Anam kim olub - bilmirəm, amma buna sevinirəm, dostum. Əgər onu görüb-tanımış olsaydım, çox güman, içimdə bu amansız qəzəb baş qaldırmazdı. Bir halda ki, bu qəzəb baş qaldırıb, nə yaxşı, anamı görüb-tanımamışam mən...

Gedək, gedək o biri otağa. Bir bax! Bu mənim atamdır. Yeddi ildən bəri bu haldadır. Bir ağzıdır, iki də gözü: burdan yeyir, ordan ağlayır. Danışmır, eşitmir, tərpənmir. Eləcə yesin, ağlasın... Ağzına yemək qoyuldusa, yeyəcək. Amma ağlamağına, özü ağlayır, səbəbsiz-filansız; ya da, ola bilsin, onun içində - yetmiş altı il əvvəl başlanmış öləzimədən sonra - hələ də korun-korun yanan xırdaca bir köz qalıb. Hə, nə deyirsən, bax beləcə quruyub qaxaca dönmək, ancaq yenə də çarəsiz halda tələdə qalmaq dəhşət deyilmi?

Yəqin ki, öz atası haqqında, yetmiş altı il əvvəl canlı axından qopmasına, indi isə zalım əcəli həsrətlə gözləməsinə bais olan adam barədə düşünmür o. Amma mən ki öz atam haqqında düşünürəm: bu quru-qaxac kişinin törəməsi olduğumu, tələyə düşdüyüm məqamı da məhz onun bəlirlədiyini bilirəm!

Görürsən, ağlayır! Həmişə belədir: özü ağlayır, məni də kövrəldir! Yəqin, qurtulmaq istəyir. Neynək, gecənin birində qurtular... Mənimlə birlikdə... Havalar yaman soyuyub: bir axşam xudmani manqal qalayarıq... Bizə qoşulmaq istəməzsən?.. Yox? Dəyməz, nə təşəkkür... Hə, yaxşı, dostum, çıxaq, çıxaq gəzişək. Əlbəttə, sənə gün işığı gərəkdir, axı... Gedək...

Luici Pirandello
Seyfəddin Hüseynli ruscadan tərcümə edib
Sim-sim.az

 





01.01.2019    çap et  çap et