525.Az

"Güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini gücləndirən amildir"


 

DÖVLƏT BAŞÇISI İLHAM ƏLİYEV AZƏRBAYCAN XALQINA TƏBRİK MESAJINDA ÖTƏN İLİN UĞURLARINI QİYMƏTLƏNDİRİB, QARŞIDAKI DÖVR ÜÇÜN NİKBİN PROQNOZLAR VERİB

"Güclü iqtisadi potensial Azərbaycanın müstəqil siyasətini gücləndirən amildir"<b style="color:red"></b>

Məlum olduğu kimi, Prezident İlham Əliyev geridə qalan ilin son günü - dekabrın 31-də geniş nitq söyləyib, Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.

Dövlət başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş çıxışında dövr ərzində ölkənin daxili və xarici siyasətində həyata keçirilən fəaliyyət, əldə olunan uğurlar geniş şərh olunub, daxil olduğumuz yeni ildə qarşıdakı hədəflər açıqlanıb, Azərbaycanın öz məqsədlərinə inamla yaxınlaşdığı vurğulanıb: "Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik".

Prezident qeyd edib ki, qonşu ölkələrlə Azərbaycanın əlaqələri daha yüksək səviyyəyə qalxıb: "Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən, Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir".

Əlbəttə ki, dövlətimiz və xalqımızın üçün bir nömrəli məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet vəzifə olaraq qalır. Prezident əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərlə yanaşı, işğal olunmuş torpaqların qarşıdakı dövr ərzində azad edilməsi istiqamətində Azərbaycan dövlətinin siyasi iradəsini qeyd edib, budan sonra da məsələnin real həllini tapması üçün zəruri addımların atılacağını bildirib. 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola biləcəyini öz nitqində ifadə edən ölkə başçısı bunun üçün Azərbaycan dövlətinin yürütdüyü diplomatiyanın, o cümlədən, düşmən ölkəni təcridetmə siyasətinin davam etdiriləcəyini, real nəticələr əldə edilməyənə qədər bu yoldan geri addım atılmayacağını vurğulayıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır".

"Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik olub. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çöküb və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verib. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər", - deyə ölkə rəhbəri bildirib.

Rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlətinin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqları nəticə vermədiyi təqdirdə işğal olunmuş əraziləri hərbi yolla azad etmək hüququnu özündə saxlayır. 2016-cı ilin Aprel döyüşlərindən iki il sonra Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı nəticəsində 11 min hektar əraziyə nəzarəti ələ alan Silahlı Qüvvələrimiz növbəti genişmiqyaslı müharibənin yalnız Azərbaycanın qələbəsiylə nəticələnəcəyini sübut edib.

Prezidentin vurğuladığı kimi, Azərbaycanın güclü hərbi potensialı münaqişənin həlli üçün əsas amildir: "Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək".

Zaman işğal siyasəti həyata keçirdiyi üçün Azərbaycanın təcridetmə siyasəti ilə üz-üzə qalan, bütün regional layihələrdən kənarda saxlanılan, iqtisadiyyatı zəifləyən, 4 qonşu ölkədən 2-si ili sərhədləri bağlı olan, blokada vəziyyətinə düşən Ermənistanın əleyhinə işləyir. Artıq postsovet məkanında da qəbul olunmayan, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqında təklənən düşmən ölkə gec-tez bu reallıqla barışmalı olacaq.

Bu mənada dövlət başçısı bildirib ki, Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artıracaq. Çünki münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır: Müharibənin ən ağır fəsadlarıyla üzləşən, öz doğma torpaqlarından didərgin düşən 1 milyondan çox qaçqın və məcburi köçkün, eləcə də şəhid ailələri, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması, mənzil-məişət probleminin həllinə diqqət və qayğı ilə yanaşan Azərbaycan dövləti ötən illər ərzində olduğu kimi, 2018-ci ildə də müvafiq tədbirlər həyata keçirib. Nəticədə, geridə qoyduğumuz il ərzində 5800 qaçqın və məcburi köçkün ailəsi yeni mənzillərlə təmin olunub, şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilib, vaxtilə sığorta ödənişi ala bilməyən müharibədə həlak olmuş, itkin düşdüyü üçün ölmüş elan edilmiş hərbçilərin vərəsələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verilməsi prosesinə başlanılıb, ümumilikdə 9531 şəhid hərbi qulluqçu üzrə 4000 mindən çox vərəsəyə vəsaitin verilməsi həyata keçirilib.

Prezidentin qeyd etdiyi kimi, bütün bu işləri görmək üçün güclü iqtisadiyyat olmalıdır və bu iqtisadiyyat Azərbaycanda var: "Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulub. Dünya Bankının "Doing Business" proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni bu onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir".

Azərbaycan dövləti və xalqı üçün 2018-ci ilin ən əlamətdar hadisəsi - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edən ölkə rəhbəri bu xüsusda 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin böyük məna kəsb etdiyini nitqində ifadə edib: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd etmişik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmayıb".

Prezidentin ötən ilin yekunları, qarşıya qoyulan vacib məsələlərin həlli ilə bağlı fikirlərini şərh edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, dövlət başçısı Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki əslində, həm də 2018-ci ildə görülən işlər və 2019-cu ildə qarşıda duran vəzifələrlə bağlı bir növ qısa hesabat idi. O, SİA-ya bildirib ki, təqdim olunan rəqəmlərdən və hesabatdan da göründüyü kimi, 2018-ci il xalqımız üçün bir sıra mühüm məsələlərlə bağlı əlamətdar olub: "Yola saldığımız 2018-ci ili xarakterizə edən əsas cəhətlər onun sabit inkişaf ili kimi yadda qalması, bir sıra problemlərin həll edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artması və ən nəhayət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı yeni münbit şərtlərin ortaya çıxması olub. Əgər biz bu qısa ümumiləşdirməni bir qədər dərindən təhlil etməyə çalışsaq görəcəyik ki, əldə etdiyimiz bu naliyyətlər 2015-2017-ci illərdə ölkəmizdə həyata keçirilən konstitusion və istitusional islahatlar sayəsində mümkün olmaqla 2018-ci ilin inkişaf şərtlərini formalaşdırıb. Yola saldığımız ilin aprel ayında keçirilən prezident seçkiləri və onun nəticələri isə həyata keçirilən islahatlara xalqın dəstəyinin ifadəsi olmaqla milli iradənin legitim əsaslar formalaşdıraraq Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasi kursunun davam etdirilməsinin təminatçısı olub. Ona görə, həm iqtisadi, həm də siyasi baxımdan heç də sadə olmayan beynəlxalq şərtlər içində Azərbaycan bu naliyyətləri əldə edib".

Deputatın sözlərinə görə, 2018-ci ildə Azərbaycanın həyata keçirdiyi bir sıra beynəlxalq layihələr başa çatıb və ölkəmiz üçün real gəlirlər gətirməyə başlayıb: "Bunlar ilk növbədə "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində "TANAP qaz boyu kəməri" layihəsinin tikintisinin başa çatdırılması, eyni zamanda, ölkəmizin xaricdə ən böyük investisiya layihəsi hesab edilən "Star Rafina" neft emalı zavodunun açılışı olub. Bu layihələrin reallaşdırılması təkcə ölkəmiz üçün deyil, digər tərəfdaş ölkələr üçün də mühüm hadisəyə çevrilib, Avropanın enerji təhlükəsizliyi üçün mühüm alternativ kimi özünü təsdiq edib, eyni zamanda, Azərbaycan-Qərb münasibətlərində yeni etibarlı iqtisadi körpü rolunu oynamağa başlayıb. Türkiyə-Azərbaycan strateji müttəffiqliyini iqtisadi müstəvidə daha da dərinləşdirməklə hər iki tərəfin gücünü və nüfuzunu bir qədər də artırıb".

H.Babaoğlu bildirib ki, ötən il yadda qalan əsas iqtisadi hadisələrdən bir də Sumqayıt Polimerlər Kimya Sənayesi Müəssisəsinin işə düşməsidir: "Bu zavod Azərbaycanda qeyri-neft ixracının xüsusi çəkisinin xeyli dərəcədə artmasını təmin edib. Ölkəmizdə çoxsaylı sənaye məhəllələri və aqrar sənaye kompleksləri tikilib istifadəyə verilib. Üzümçülüyün, pambıqçılığın, baramaçılığın, şərabçılığın, tütünçülük sənayesinin inkişafı ilə bağlı olduqca böyük işlər görülüb. Görülən işlər 2019-cu ildəki inkişafımız üçün yeni münbit əsaslar yaradıb ki, əslində, bu da yeni ildə əldə edəcəyimiz uğurlar üçün baza rolunu oynayacaq".

Sosial sahədə də çox böyük işlər görüldüyünü deyən baş redaktor qeyd edib ki, əhalinin aztəminatlı təbəqəsinin problemləri daima diqqət mərkəzində saxlanılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsinə başlanılıb və bu proses davam edir: "Qaçqın və məcburi köçkün ailələrinə təkcə 2018-ci ildə 5800 mənzil verilib ki, bu da rekord göstərici hesab oluna bilər".

Deputat hesab edir ki, yola saldığımız il Azərbaycanın beynəlxalq nüfuzunun artması ili kimi də səciyyələndirilə bilər: "Beynəlxalq uğurlar sırasında ilk növbədə Azərbaycanın Avropa İttifaqı ilə imzaladığı "Tərəfdaşlığın Prioritetləri" sənədinin paraflanmasını qeyd etmək olar. Bu sənəd ölkəmizin ərazi bütövlüyü və sərhəd toxunulmazlığının bir daha Avropa İttifaqına üzv olan ölkələr tərəfində dəstəklənməsi və qəbul edilməsi ilə əlamətdardır. İkinci mühüm naliyyət Xəzər dənizinin hüquqi statusu ilə bağlı hüquqi konvensiyanın imzalanması sayıla bilər ki, bu da Azərbaycanın xarici siyasətini uzun illərdir məşğul edən məsələlərdən biri idi. Konvensiyanın imzalanması Xəzər hövzəsində qarşılıqlı inteqrasiyanın təmin edilməsi və mövcud resursların koordinasiyalı və səmərli istifadə edilməsi baxımından olduqca mühümdür. Bu konvensiya Xəzər hövzəsində daha cəlbedici iqtidadi təmərküzləşmə yaradacaq ki, bu da turizm, mədəni və humanitar sahələrdə yeni inkişaf perspektivləri formalaşdıracaq".

H.Babaoğlu vurğulayıb ki, ən əsas məsələ isə işğalçı ölkənin küncə sıxışdırılması, erməni təxribatına qarşı bir neçə uğurlu hərbi əməliyyatların keçirilməsi olub: "Bu da 2019-cu ildə problemin həllinə yeni aktiv impulslar verib. Ona görə də 2018-ci ilə ən müxtəlif aspektlərdən baxanda olduqca uğurlu il kimi yadda qaldığını qeyd etmək olar".

Ceyhun ABASOV

 





04.01.2019    çap et  çap et