525.Az

Qalina Litovçenkodan iki şeir


 

Qalina Litovçenkodan <b style="color:red">iki şeir </b>

Qalina LİTOVÇENKO

Xınayaxdı

Tar köklənib, qara zurna yerində
Şamlar yanır güzgünün qənşərində.
Qız toyuna hələ qalır bir axşam,
Gəlin evi başdan-başa ehtişam...
Bu yanda şam, o yanda şam, hər axşam...
Əlçim xına qaynadılır qazanda,
Ətir saçır o buğlanır qazanda.
Qonum-qonşu xəbərdardı, gəlirlər
Gül-çiçəklə gəlini bəzəyirlər...
Qoca-cavan təbrik edir gəlini,
Qızıl bantla bağlayırlar belini.
Rəfiqələr bir-birilə yarışır,
Xına yaxmaq hər gözələ yaraşır...
Qız anası baxıb-baxıb kövrəlir,
Allah bilir xəyalına nə gəlir...
Xınayaxdı savab işdi əzəldən,
El içində xoş vərdişdi əzəldən.  
Gözəlləşən gəlin olar tamaşa
Azar-bezar cavanlardan ol haşa!
Bir sovqatı xatırladım üstəlik:
Adaxlının göndərdiyi bilərzik,
İncəbelə gör necə də yaraşır...
Xırda-xuruş simuzərə qarışır.
Xınayaxdı incə zövqə imtahan
Onu eldir zaman-zaman yaşadan.

Lahıca səfər
     
Qış dağları haqlamamış,
Yol-irizi bağlamamış,
Yolumu Lahıca saldım
Zamanla üz-üzə qaldım.
Asma körpülərdən
Gözümü yumub  
Keçdim qorxa-qorxa, keçdim birtəhər...
Burda yalçın zirvələr 
Qədim İpək yoluna
Dağlarla çəkib sipər...
Qafqaza vurğundum əzəldən bəri
Kimə bəlli deyil xırmanın xeyri?
Amma bu dəfə
... Görmək istəyirdim mən misgərləri.
Odur ha, körüklü usta dükanı
kükrəyir, işarır alov tufanı
Tanıdım, əlüstü, dərhal oranı 
Tamaşa elədim ustalara mən 
Doymadım, bezmədim çəkic səsindən
Çəkiclə yarandı bir rəsm əsəri
Misgərlər rəssamdı əzəldən bəri...
Çəkic bir qələmdi onun əlində
Mən nələr görmədim Lahıc elində?
Məncə, Rəşad idi misgərin adı...
Mən orda o qədər tablo aldım ki,
Xurma almağa da pulum qalmadı...

Ukrayna dilindən çevirən: Səyavuş MƏMMƏDZADƏ

 





04.01.2019    çap et  çap et