525.Az

Minacat - Elmar Vüqarlı


 

Minacat  - <b style="color:red">Elmar Vüqarlı </b>

Sinəmdə o qədər deyəsi söz var,
Sənəmi danışım sənin dünyandan?
Qoy sənin öz dünyan özünə qalsın,
Söz açım canbəsər mənim dünyamdan.

Durmuşam tufanla üz-üzə yalın,
Qayalardan sərtəm, dağlardan qoca.
Canımı dişimə sıxsam da, nolsun?!
Mən də Öz dünyamda ucayam uca.

Hər gün qan-qadalı, ölüm-itimli
Başımız üstündə ağır bir kötək.
Qırıb qurtarsan da bizləri, inan,
Nə dünya cənnətdir, nə də biz mələk.

Dözüb hər əzaba, dözüb hər dərdə,
Məkan da, cahan da, bil ki, mənəm mən.
Günəş gözlərimdən doğur səhərlər,
Fələk də, zaman da, bil ki, mənəm mən.

Şükür kərəminə, şükür lütfünə!
Gündə on min dəfə lap yarat məni.
Mən daha özümdən çıxıb getmişəm,
Nə ölüm qorxudur, nə həyat məni!ı

Elmar VÜQARLI

 





04.01.2019    çap et  çap et