525.Az

“Paşinyan sülh variantını qəbul etməsə...”


 

MÜBARİZ ƏHMƏDOĞLU: “PREZİDENT İLHAM ƏLİYEV ELƏ BİR VƏZİYYƏT YARADIB Kİ, ERMƏNİSTAN MASA ÜZƏRİNDƏKİ SƏNƏDƏ YOX DEYƏ BİLMƏSİN”

“Paşinyan sülh variantını qəbul etməsə...”<b style="color:red"></b>

“Cari ilin əvvəllərində Azərbaycanla Ermənistan arasında yüksəksəviyyəli danışıqlar gözlənilir. Danışıqlarda Azərbaycanı prezident İlham Əliyev, Ermənistanı baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan təmsil edəcək. Azərbaycanın dövlət başçısı elə bir vəziyyət yaradıb ki, cari ilin mart ayınadək baş tutmalı olan danışıqlarda Nikol Paşinyan masa üzərindəki həll variantına yox deyə bilməsin”.
 
Bu sözləri “525”ə açıqlamasında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

Onun sözlərinə görə, masa üzərində olan variant Azərbaycanın maraqlarına uyğundur: “Nikol Paşinyan bunu çıxışlarında etiraf edib. O qeyd edib ki, təklif olunan həll variantı Ermənistanın maraqları əleyhinədir”.

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində müəyyənedici istiqamət Prezident İlham Əliyevin verdiyi bəyanatlardır. O, çox dəqiq fikir bildirməyi bacaran liderdir. Ümumiyyətlə, dövlət başçısı İlham Əliyevin verdiyi bəyanatlar ölçü meyarıdır. Prezident 2018-ci ilə yekun vuranda çox vacib fikir bildirib. Ölkə rəhbəri qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində yeni vəziyyət yaranıb. Prezident həm daxili siyasətdə, həm də xarici siyasətdə, o cümlədən, münaqişənin həlli istiqamətində aparılan danışıqlarda, ordu quruculuğunda Azərbaycanın ötən il əldə etdiyi uğurları, inkişaf göstəricilərini qeyd edib. Bütün bunlar Ermənistanda böyük narahatlıqla izlənilir. Düşmən tərəfdən münaqişə ilə bağlı verilən açıqlamalar da erməni cəmiyyətində ciddi qorxu, xofun hökm sürdüyünü göstərir”, - deyə mərkəz direktoru bildirib.

Bunun ən başlıca səbəbinin Azərbaycanın bütün qoşunlarını aktiv vəziyyətə gətirməsi olduğunu deyən politoloq qeyd edib ki, hazırkı həll varinatına əsasən, işğalçı qüvvələr Dağlıq Qarabağ ətrafındakı 7 rayondan çıxmalı, məcburi köçkünlər öz torpaqlarına qayıtmalı, daha sonra Azərbaycanla Ermənistan arasında əlaqələr bərpa olunmalıdır: “Bu da erməniləri qane etmir. Çünki belə olan təqdirdə Dağlıq Qarabağın statusu müəyyən olunmamış qalır”.

M.Əhmədoğlu hesab edir ki, ermənilər digər davranışları da işğalçı ölkədə gərginliyin hökm sürdüyünü göstərir: “Ötən ilin dekabrın 9-da Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsindən təqribən 1 ay ötsə də, hələ hökumət formalaşdırılmayıb. Çünki hökumət formalaşsa, Nikol Paşinyan danışıqlara hazırlaşmalıdır”.

Politoloqun fikrincə, münaqişənin həlli məsələsində nəticə ilin ortalarına kimi əldə oluna bilər: “Belə başa düşürəm ki, Dağlıq Qarabağ probleminin həllində 2019-cu ilin sonlarını gözləməyə ehtiyac qalmayacaq. Vəziyyətə əsasən demək olar ki, ilin birinci yarısında ciddi dəyişikliklər baş verəcək. Nikol Paşinyan masanın üzərindəki sülh variantını qəbul etməsə, qarşısında Azərbaycan Ordusunu görəcək. Təsadüfi deyil ki, son vaxtlar erməni mətbuatında qeyd olunur ki, Silahlı Qüvvələrimiz hər tərəfdən onların mövqelərini təzyiq altında saxlamağa davam edir, yeni tipli taktiki-strateji əməliyyatlar reallaşdırır. Bunu həm Nikol Paşinyana yaxın dairələr, həm də ona müxalif mövqedə dayananlar deyir. Hətta Qarabağ müharibəsində iştirak etmiş keçmiş erməni hərbçiləri də etiraf edirlər ki, Azərbaycan Ordusu yavaş-yavaş irəliləyir. Bu o deməkdir ki, Nikol Paşinyan təklif olunan həll variantını - sülh sənədini imzalamalıdır. Əks halda, Azərbaycan Ordusu ilə rastlaşacaq”.

Ceyhun ABASOV

 





05.01.2019    çap et  çap et