525.Az

2018-ci il Azərbaycan üçün növbəti inkişaf, uğurlarla dolu il kimi yadda qaldı


 

2018-ci il Azərbaycan üçün növbəti inkişaf, uğurlarla dolu il kimi yadda qaldı<b style="color:red"></b>

2018-ci il artıq tarixə çevrilsə də, həm dünyada, həm də Azərbaycanda ilin yekunları müzakirə olunmaqda, qiymətləndirilməkdədir.
 
Ötən il bir çox ölkələr üçün çətin, mürəkkəb, böhranlı, çağırışlarla dolu  il olsa da, Azərbaycan üçün növbəti inkişaf, uğurlu bir il kimi yaddaşlarda qaldı. Bu cür qənaətə gəlmək üçün əsaslar olduqca çoxdur. 2018-ci ildə ölkəmizin beynəlxalq mövqeləri daha da möhkəmləndi, nüfuzu daha da artdı, etibarlı tərəfdaş olaraq xarici ölkələrlə, həmçinin, beynəlxalq təşkilatlarla əməkdaşlığını və tərəfdaşlığını möhkəmləndirdi. Azərbaycanın dövlət başçısı  Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində vurğuladığı kimi, 2018-ci ilin tam əminliklə ölkəmiz üçün uğurlu il olduğunu demək olar. Ötən il iqtisadi inkişaf, sabitlik, əmin-amanlıq, sosial rifahın artması, uğurlu daxili və xarici siyasət xəttinin davam etdirilməsi, bir sözlə, bütün istiqamətlər üzrə sürətlə inkişaf  ili oldu.

Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi məsələsi də 2018-ci ildə öz həllini tapa bildi ki, bunun təkcə Azərbaycan üçün deyil, bütün Xəzəryanı ölkələr üçün də əhəmiyyəti olduqca böyükdür. Daha dəqiq ifadə etsək, Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi əslində, tarixi nailiyyətdir. Təbii ki, uzun illər sonra bu məsələnin öz həllini tapmasında Azərbaycanın da əhəmiyyətli rolu vardır.

İnkişaf ordu quruculuğundan da yan keçməyib. Artıq dünya miqyasında güclü ordular sırasında olan Azərbaycan ordusu beynəlxalq miqyasda da diqqət mərkəzindədir. Ordu quruculuğu, hərbi hazırlıq və hərbi təchizat sahəsində ölkəmizin uğurlarını, nailiyətlərini bu gün hər kəs etiraf edir. 2018-ci ildə Bakıda keçirilən iki hərbi paradda hərbi gücümüz bir daha dünyaya nümayiş olundu.

Ötən ili qiymətləndirərkən iqtisadi inkişafı ayrıca vurğulamaq lazım gəlir. Bu gün Azərbaycan iqtisadi baxımından heç kimdən asılı deyil və tamamilə müstəqildir. Müstəqil olan Azərbaycan iqtisadiyyatı isə ölkəmizin müstəqil siyasətini gücləndirən ən vacib şərtdir. İqtisadi cəhətdən güclü, eyni zamanda, müstəqil olan Azərbaycan sosial layihələrin həyata keçirilməsi üçün də yetərli imkanlara malikdir. Əhalinin, ələlxüsus qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bu imkanlar çox böyük əhəmiyyət kəsb edir. Məhz bu imkanlar sayəsində ötən il ərzində qaçqın və məcburi köçkünlər üçün çox böyük işlər görülüb. Hesabat ili ərzində 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər, həmçinin, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün 626 mənzil tikilib və onlara təqdim edilib ki, son illərlə müqayisədə bu rəqəm rekord göstərici hesab olunur.

Ötən ilin uğurlarından biri də Cənub Qaz Dəhlizinin rəsmi açılışı hesab olunur ki, bu çox böyük, eyni zamanda, həqiqətən də tarixi nailiyyətdir. Bu tarixi nailiyyətlər sırasına həmçinin, ötən ilin iyun ayında rəsmi olaraq açılan TANAP layihəsi də daxildir. Çünki Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı və bütün bunlar məhz yola saldığımız hesabat ilində gerçəkləşdi. Bu gerçəkləşən layihələr isə öz növbəsində Azərbaycan xalqına bundan sonrakı onilliklər ərzində böyük faydalar, mənfəət deməkdir.

Mövzu ilə bağlı fikirlərini bildirən millət vəkili Tahir Mirkişili deyib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bildirdiyi kimi, ölkəmizdə aparılan ciddi iqtisadi islahatlar öz nəticəsini verir: “Azərbaycan iqtisadi cəhətdən son 15 ildə çox uğurlu bir yol keçib. Bir tərəfdən Azərbaycanın iqtisadiyyatı kəmiyyətcə böyüyüb, yəni bizim ümumi daxili məhsulumuz (ÜDM) 3,2 dəfə artıb, qeyri-neft sektoru 2,8 dəfə artıb, strateji valyuta ehtiyatlarımız təxminən 28 dəfə artıb, digər tərəfdən Azərbaycanda 2 milyondan çox iş yeri yaradılıb”. Millət vəkilinin sözlərinə görə, Azərbaycanın infrastruktur layihələri çox böyük vüsətlə həyata keçirilib ki, bu da bütövlükdə həm qazlaşmada, elektrikləşmədə, həm də yol çəkilişində olub: “Bu gün Azərbaycan MDB-də ən yaxşı yolu olan ölkədir. Yəni kəmiyyətcə baxsaq, Azərbaycan iqtisadiyyatı çox möhtəşəm bir yol keçib. Hətta zaman-zaman Azərbaycan iqtisadiyyatı inkişaf sürətinə görə dünyada birinci yerə çatıb. Artıq bir çox beynəlxalq təşkilatların hesabatlarında, məsələn, Ümumdünya İqtisadi Forumunun verdiyi hesabatlarda, Dünya Bankının dərc etdiyi hesabatlarda Azərbaycan ən çox islahat aparan ölkədir və inkluziv inkişaf əmsalına görə dünyada üç ölkədən biridir. Yəni həm xaricdən, həm də daxildən baxanda Azərbaycan iqtisadiyyatının keçdiyi yol kifayət qədər uğurlu və kifayət qədər əhatəlidir. Amma Azərbaycan iqtisadiyyatı kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət cəhətdən də kifayət qədər yeniliklər, idarəetmədə yeni çevik modelin tətbiqi və iqtisadiyyatın daha dayanıqlı olması istiqamətində işlər görülür. Bütün bu işlərin, islahatların təbii ki, əsas ana xəttinin aparıcısı, ideya müəllifi cənab Prezident İlham Əliyevdir. Çünki Azərbaycan apardığı islahatla bir tərəfdən təbii ki, Ümummilli lider Heydər Əliyevin neft strategiyasını davam etdirir. Bu strategiyada əldə etdiyimiz gəlirləri biz qeyri-neft sektorunun inkişafı üçün daha çox sərf edirik ki, bu da əslində, iqtisadiyyatın gələcəkdə daha çox xarici amillərdən asıllığının azadılması və insanların maddi-rifah halının hər hansı bir xaricdə baş verən iqtisadi böhranlardan asılı olmayaraq yaxşılaşmasını təmin etmək kimi anlama gəlir. Son zamanlar qeyri-neft sektorunun ÜDM-də payının 65 faizə çatması, özəl sektorun daxilində payının 83 faizi keçməsi onu deməyə əsas verir ki, Azərbaycan iqtisadiyyatı nəinki inkişaf edir, eyni zamanda, ölkə iqtisadiyyatı özünü gələcəyə hazırlayır”.

Siyasi şərhçi Arzu Nağıyev isə hesab edir ki, 2018-ci il Azərbaycanın daxili və xarici siyasətində ən prioritet istiqamət Dağlıq Qarabağ münaqişəsi oldu. Müharibə tək səngərlərdə deyil, həm diplomatik, həm diaspora, həm qeyri-hökumət təşkilatları, həm informasiya istiqamətində oldu. Siyasi şərhçi bildirib ki, ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan diplomatik addımlarla yadda qaldı: “Bu, həm Azərbaycan prezidentinin apardığı siyasətlə, həm də aprel hadisələrindən sonra səngərlərdə əldə olunan qələbə ilə bağlıdır. Onun sözlərinə görə, ötən il Azərbaycan üçün həm NATO, sülhməramlı proseslərdə iştirakı, həm də bir sıra ölkələrlə ikitərəfli əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafı ilə yadda qaldı. A.Nağıyev qeyd edib ki, ötən il ölkəmizdə iqtisadi islahatlar ili kimi yadda qaldı: “Həm neft, həm də qeyri-neft sektorunda, həm ölkədə, həm də xaricdə mühüm, böyük obyektlərin açılması, islahatların aparılması və digərlərini söyləmək olar. Təbii ki, bütün bunlar Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına istiqamətlənmişdi”. Siyasi şərhçi qeyd edib ki, ümumi götürdükdə 2018-ci ildə həm ölkəmizin təhlükəsizliyi, həm də vətəndaşlarımızın rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb: “İcraedici orqanlarda müəyyən dəyişikliklərin olması, bunun həm regional, həm də qlobal layihələrin inkişafına gətirib çıxarması nəticəsində Azərbaycan 2018-ci ildə dünyanın geosiyasi xəritəsində dəyişiklik edən ölkəyə çevrildi”. A.Nağıyev əlavə edib ki, 2018-ci ildə Azərbaycanda həll olunmayan məsələlər də oldu: “İnanırıq ki, 2019-cu ildə onların reallaşması istiqamətində lazımi addımlar atılacaq”.

PƏRVANƏ

 





05.01.2019    çap et  çap et