525.Az

Prezident: “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”


 

“DÖVLƏTİMİZ İLLƏRDƏN BƏRİ FORMALAŞDIRDIĞI SİYASİ KURSUNU BUNDAN SONRA DA QƏTİYYƏTLƏ DAVAM ETDİRMƏK NİYYƏTİNDƏDİR”

<b style="color:red">Prezident: “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”</b>

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə xalqa təbrik-müraciəti ölkə ictimaiyyətinin böyük diqqət və marağı ilə qarşılanıb.

Dövlət başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş geniş çıxışı dövr ərzində ölkənin daxili və xarici siyasətində həyata keçirilən fəaliyyət, əldə olunan uğurlar geniş şərh olunub, daxil olduğumuz yeni ildə qarşıdakı hədəflər açıqlanıb, Azərbaycanın qətiyyət və böyük əzmlə öz məqsədlərinə doğru yaxınlaşdığı vurğulanıb: “Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik”.

Əlbəttə ki, dövlətimiz və xalqımız üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet vəzifə olaraq qalır. Prezident əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərlə yanaşı işğal olunmuş torpaqların qarşıdakı dövr ərzində azad edilməsi istiqamətində Azərbaycan dövlətinin siyasi iradəsini qeyd edib, məsələnin real həllini tapması üçün budan sonra da zəruri addımların atılacağını bildirib. 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola biləcəyini öz nitqində ifadə edən ölkə başçısı bunun üçün Azərbaycan dövlətinin yürütdüyü diplomatiyanın, o cümlədən, düşmən ölkəni təcridetmə siyasətinin davam etdiriləcəyini, real nəticələr əldə edilməyənə qədər bu yoldan geri addım atılmayacağını vurğulayıb: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır”.

Lakin rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərinin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqları nəticə vermədiyi təqdirdə işğal olunmuş əraziləri hərbi yolla azad etmək hüququnu özündə saxlayır. 2016-cı ilin Aprel döyüşlərindən iki il sonra Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı nəticəsində daha 11 min hektar əraziyə nəzarəti ələ alan Silahlı Qüvvələrimiz növbəti genişmiqyaslı müharibənin yalnız Azərbaycanın qələbəsiylə nəticələnəcəyini dünya ictimaiyyətinə, o cümlədən, Ermənistan cəmiyyətinə əyani şəkildə sübut edib. Ona görə də zaman işğal siyasəti həyata keçirdiyi üçün Azərbaycanın təcridetmə siyasəti ilə üz-üzə qalan, bütün regional layihələrdən kənarda saxlanılan, iqtisadiyyatı zəifləyən, 4 qonşu ölkədən 2-si ili sərhədləri bağlı olan, blokada vəziyyətinə düşən Ermənistanın əleyhinə işləyir. Artıq postsovet məkanında da qəbul olunmayan, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqında təklənən düşmən ölkə gec-tez bu reallıqla barışmalı olacaq.

Mövzu ilə bağlı fikirlərini bildirən “Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev qeyd edib ki, Azərbaycanın daxili və xarici siyasətinin bütün istiqamətləri üzrə seçilmiş dəyişməz yolun doğruluğunu və əldə edilmiş nəticələrin böyüklüyünü Prezident İlham Əliyevin xalqa təbrik nitqi məzmunlu olaraq nümayiş etdirib. O, “Trend”ə bildirib ki, Azərbaycan illərdən bəri formalaşdırdığı siyasi kursunu bundan sonra da qətiyyətlə davam etdirmək niyyətindədir: “Çünki bu kurs əvvəlcədən gözlənilən bütün müsbət nəticələrini verir və Azərbaycanın beynəlxalq mövqelərini möhkəmləndirməklə bərabər, ölkənin daxili inkişaf göstəricilərini dinamik şəkildə yaxşılaşdırır. Prezident təbrik nitqindən istifadə edərək Azərbaycan xalqına növbəti dolğun hesabatını verib. Xalqa aydın mesaj verilib ki, aparılan siyasətin dövlətçilik mənafelərindən kənar hər hansı hədəfləri yoxdur və cəmiyyətimizin yaşayışında və dövlətimizin beynəlxalq mövqelərində fasiləsiz gedən müsbət dəyişikliklər aparılan siyasətin səmərəsini ölçməyin daimi prinsipidir”.

A.Quliyevin sözlərinə görə, prezident əslində, Azərbaycanın daxildə və dünya miqyasında apardığı siyasət barədə öz xalqı ilə açıq fikir mübadiləsi aparıb: “Azərbaycan xalqına 2018-ci il ərzində aparılmış siyasətin bütün elementlərinə kompleks şəkildə yenidən baxmaq imkanı verilib. Xalqımız bir daha əmin olub ki, Azərbaycan siyasi, iqtisadi, diplomatik, ticarət, regional və qlobal proseslərə təsir, habelə xalqı müəyyən risklərdən məharətlə qorumaq baxımından əksər ölkələrdən daha məzmunlu və daha maraqlı bir ili arxada qoyub”.

Baş redaktor bildirib ki, Azərbaycan Avropa İttifaqı, İslam dünyası və region dövlətləri ilə faydalı əməkdaşlığını daim inkişaf etdirməyə xüsusi məqsədlərdən biri kimi baxır və baxacaq: “Prezidentin dediyi kimi, “Tərəfdaşlıq prioritetləri” sənədini imzalamaqla Avropa İttifaqı Azərbaycanla münasibətləri inkişaf etdirmək istədiyini göstərib. Həqiqətən də Azərbaycanın ümumdünya İslam həmrəyliyinə real töhfələri İslam Əməkdaşlıq Təşkilatı tərəfindən həmişə layiqli qiymət alıb”. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hazırkı vəziyyətə toxunan A.Quliyev qeyd edib ki, Ermənistandakı xunta rejiminin çökməsi əslində, bu ölkənin Azərbaycana təcavüzü və işğal siyasətinin onun özünü vurmuş bumeranq effektindən başqa bir şey deyil: “Dövlətimizin başçısı dünyanın diqqətini Ermənistandakı müasir təlatümlərin əsl səbəbinə bir daha yönəldib. Dünyaya təkrar olaraq bəyan edilib ki, Azərbaycan təcavüzkar Ermənistan barədə özünü tam doğruldan indiki siyasətini məlum hədəfə çatana qədər davam etdirəcək. Ən maraqlı nüanslardan biri odur ki, prezident Azərbaycan diplomatiyasının 2018-ci ildə Dağlıq Qarabağ məsələsində hansı üstün və ciddi mövqelərə malik olduğunu çox dəqiq göstərib”.

Baş redaktor hesab edir ki, Azərbaycan xalqının Dağlıq Qarabağ problemi ilə əlaqədar prezidentdən aldığı azı 2 mesaj strateji önəminə görə əvəzsizdir: “Əvvəla, xalqımız bir daha əmin olub ki, Azərbaycan 2019-cu ildə münaqişənin həlli ilə bağlı mühüm dəyişikliklərə nail olmağı inamla hədəfləyib və buna doğru gedir. İkincisi isə dövlət başçısı xalqımızı və bütün dünyanı bir daha xəbərdar edib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində əsas amil yenə də Azərbaycanın Silahlı Qüvvələri olaraq qalır”.

Milli Məclisin deputatı Azər Badamov isə qeyd edib ki, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində birmənalı olaraq güclü iqtisadi potensialın Azərbaycanın müstəqil siyasətini gücləndirən amil olduğunu bildirib. Deputat SİA-ya bildirib ki, prezidentin apardığı düşünülmüş və gələcəyə hesablanmış beynəlxalq və sosial-iqtisadi siyasət sayəsində Azərbaycan qısa bir zamanda böyük inkişaf yolu qət edib: “Son 15 il ərzində iqtisadiyyatımıza 230 milyard dollara yaxın investisiyanın yatırılması ölkəmizin hər bir sahəsində inkişafa yol açıb, ümumi iqtisadiyyatımızın 3 dəfədən çox artmasına gətirib çıxarıb. Azərbaycanın son illər ərzində böyük dünya əhəmiyyətli transmilli layihələrə imza atması, karbohidrogen yataqlarından istehsal olunan neft və qazın Avropaya və dünyaya çatdırılmasının şaxələndirilməsi, Bakı-Tiblisi-Qars dəmir yolunun istifadəyə verilməsi, Şimal-Cənub, Qərb-Şərq nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində işlər davam etdirilməsi ölkəmizin dünya üçün cəlbediciliyini artırıb. Artıq Azərbaycanı Avropa ilə dəmir relslər və borular bağlayır ki, bu da ölkəmizin dünya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə gətirib çıxarır”.

A.Badamovun sözlərinə görə, təkcə 2018-ci ilin avqust ayında ölkəmizə Almaniya kansleri Angela Merkelin, Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldrımın, Gürcüstanın baş naziri Mamuka Baxtadze və başqa ölkələrin rəsmilərin intensiv səfərləri onu deməyə imkan verir ki, Azərbaycan dünya üçün vacib aktora çevrilib.

Azərbaycan balanslaşdırılmış xarici siyasət yürütdüyünü deyən deputat vurğulayıb ki, bu, ölkəmizin dünyada dostlarının sayını artırır: “Ölkəmizə səfərə gələn hər bir dövlət rəhbəri Azərbaycanın iqtisadi inkişafında əldə etdiyi yüksək uğurlardan və ölkəmizlə strateji əməkdaşlıq etmək imkanlarında geniş danışır. Bu, ölkəmiz üçün böyük nailiyyətdir”.

Ceyhun ABASOV

 





05.01.2019    çap et  çap et